Məhkəmə qərarları › İş №2(008)-3139/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3139/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3139/2021 10.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, X2, Khalil Meikhanumova və Arif Mirzaeva qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, X2, Khalil Meikhanumova və Arif Mirzaeva qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,

1. Cavabdehlər Cavabdeh1, Khalil Meikhanumovdan və Arif Mirzaevdan 05.12.2018ci il tarixli, 100850-615568/1 saylı kredit müqaviləsi üzrə 21.031,15 manat əsas borc, 1681 manat faiz borcu olmaqla, cəmi 22.712,15 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 30 manat xidmət haqqının və iddia ərizəsinin verilməsi üçün 30,40 manat dövlət rüsumunun tutularaq, "xxxx" ASC-yə ödənilməsi;

2. Tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı, yaşayış sahəsi 40 kv.m-dən ibarət 26 saylı mənzilə yönəldilməsi;

3. İpoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi;

4. İpoteka predmeti hərracda satıldıqda Cavabdeh2, Khalil Meikhanumovun, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6 və X1 ünvan 1 ünvanında yerləşən 3 otaqlı, yaşayış sahəsi 40 kv.m-dən ibarət 26 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında 05.12.2018-ci il tarixli, 100850-615568/1 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə görə, "xxxx" ASC tərəfindən Cavabdeh1 illik 19 faiz dərəcəsi ilə 24 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı, yaşayış sahəsi 40 kv.m-dən ibarət 26 saylı mənzil 05.12.2018-ci il tarixli, 100850- 615568/1 saylı ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Eyni zamanda, bank və digər cavabdehlər - Meyxanumov Xalil və Mirzaev Arif arasında 05.12.2018-ci il tarixli, 100850-153509/1 saylı və 05.12.2018-ci il tarixli, 100850-153510/1 saylı zaminlik müqavilələri bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, bank tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə 07.01.2021-ci il tarixli, 001/007/0042/2021 saylı bildiriş ipotekaqoyan Cavabdeh2 07.01.2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni 13.01.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, "xxxx" ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.12.2018-ci il tarixli, 100850-615568/1 saylı kredit müqaviləsinə əsasən, bank "xxxx" ASC tərəfindən borcalan Cavabdeh1 şəxsi istehlak məqsədilə, illik 19 faiz dərəcəsi ilə 24 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 05.12.2018-ci il tarixli, 100850-615568/1 saylı kredit müqaviləsinə 1 saylı əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh1 06.12.2018-ci il tarixdən 10.11.2020-ci il tarixədək hər ay 2.525,67 manat, 05.12.2020-ci il tarixdə isə 2.519,05 manat məbləğində banka ödəniş etməlidir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 və Meyxanumov Xalil arasında bağlanmış 05.12.2018-ci il tarixli, 100850-153509/1 saylı zaminlik müqaviləsinə əsasən, zamin Meyxanumov Xalil borcalanın 05.12.2018-ci il tarixli, 100850-615568/1 saylı kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 və Mirzaev Arif arasında bağlanmış 05.12.2018-ci il tarixli, 100850-153510/1 saylı zaminlik müqaviləsinə əsasən, zamin Mirzaev Arif borcalanın 05.12.2018-ci il tarixli, 100850-615568/1 saylı kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 06.12.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-dən nağd qaydada 50.000 manat məbləğində pul götürmüşdür. İş materiallarında olan ipoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanmış 05.12.2018-ci il tarixli, 100850-615568/1 saylı ipoteka müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.12.2018-ci il tarixli, 100850-615568/1 saylı kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı məqsədilə, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı, yaşayış sahəsi 40 kv.m-dən ibarət 26 saylı mənzil ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin likvid dəyəri 77.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh1, Khalil Meikhanumova və Arif Mirzaeva ünvanlanmış 12.05.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən onlardan müvafiq xəbərdarlığı aldıqları günün növbəti iş günündən başlayaraq 5 gün müddətindən gec olmayaraq kredit borcunun ödənilməsi tələb edilmiş, əks halda barələrində məhkəmə qaydasında qanunvericiliyə uyğun daha ciddi tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 07.07.2020-ci il tarixli xəbərdarlıq məktubundan və 07.01.2021-ci il tarixli bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən onlara borcun ödənilməsini təmin etməyəcəkləri təqdirdə, müvafiq məhkəmədə borcun məcburi tutulması, tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia qaldırılacağı, ipoteka müqaviləsinə əsasən banka girov qoyulmuş əmlakın məcburi qaydada açıq hərracda satışa çıxarılacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə ünvanlanmış 11.01.2021-ci il tarixli Bildirişin dövlət qeydiyyatına alınması haqqında ərizədə banka girov qoyulmuş ünvan 1, mənzil 26 ünvanında yerləşən daşınmaz əmlaka (ümumi sahə 40 kv.m) tutmanın yönəldilməsi barədə 07.01.2021-ci il tarixli, 001\007\0042\2021 nömrəli bildirişin dövlət qeydiyyatına alınması xahiş olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsində istifadədə olan 0.23112 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 5 mərtəbəli binada yerləşən 40.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı-26 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına **********32-05301-093018 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 11.04.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 689 nömrəli reyestr kitabının 64948 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin 06.12.2018-ci il tarixli, ******* saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və X4 ünvan 1 ünvanında yerləşən 26 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan notariat qaydada təsdiq edilmiş 05.12.2018-ci il tarixli ərizələrində Cavabdeh1, Khalil Meikhanumov, Cavabdeh5 Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı, yaşayış sahəsi 40 kv.m-dən ibarət 26 saylı mənzilin ipoteka müqaviləsinə əsasən, "xxxx" ASC-nin xeyrinə ipoteka qoyulmasına razı olduqlarını, ipotekaya qoyulmuş əmlaka gələcəkdə tutma yönəldildikdə və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi (boşaltmağı) və yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxmağı öhdələrinə götürdüklərini bildirmişlər. İş materiallarında olan "xxxx" ASC-nin 25.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 05.12.2018-ci il tarixli kredit müqaviləsi üzrə banka 21.031,15 manat əsas borc, 1681 manat borcu olmaqla, cəmi 22.712,15 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin YD seriyalı, 050 saylı, 28.07.2021-ci il tarixli hesabatına əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilin bazar dəyəri 49.320 manat, likvid dəyəri 45.500 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1-ci maddə). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi, digər cavabdehlər Khalil Meikhanumov və Arif Mirzaev arasında isə zaminlik müqavilələri bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdehlər müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 39.3 və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Khalil Meikhanumovdan və Arif Mirzaevdan 05.12.2018-ci il tarixli, 100850-615568/1 saylı kredit müqaviləsi üzrə 21.031,15 manat əsas borc, 1681 manat faiz borcu olmaqla, cəmi 22.712,15 manat məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, 05.12.2018-ci il tarixli, 100850-615568/1 saylı ipoteka müqaviləsinə əsasən, tələb üzrə tutma ipoteka predmeti olan və tam mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı, yaşayış sahəsi 40 kv.m-dən ibarət 26 saylı mənzilə yönəldilməli və həmin mənzil açıq hərrac vasitəsilə satılmalı, mənzilin ilkin satış qiyməti 45.500 manat məbləğində müəyyən edilməli, satışdan əldə olunacaq vəsait hesabına cəmi 22.712,15 manat borc məbləği "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmənin qənaətinə görə, iddiaçının cavabdehlərin ipoteka predmeti olan mənzildən çıxarılmaları və həmin mənzilin boşaldılması tələb etmək hüququ olmadığından, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Başqa sözlə, qeyd olunan ipoteka predmeti olan mənzil satıldıqdan sonra həmin mənzili alaraq mülkiyyət hüququ əldə etmiş şəxs qeyd olunan tələblə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın qismən təmin olunmasını nəzərə alaraq, hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30.40 manat dövlət rüsumunun 25 manat hissəsi, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun 8 manat hissəsi və 30 manat xidmət haqqının 25 manat hissəsi cavabdehlərə aid edilərək, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ :

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Khalil Meikhanumovdan və Arif Mirzaevdan 05.12.2018-ci il tarixli, 100850-615568/1 saylı kredit müqaviləsi üzrə 21.031,15 (iyirmi bir min otuz bir manat on beş qəpik) manat əsas borc, 1681 (min altı yüz səksən bir) manat faiz borcu olmaqla, cəmi 22.712,15 (iyirmi iki min yeddi yüz on iki manat on beş qəpik) manat məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. 05.12.2018-ci il tarixli, 100850-615568/1 saylı ipoteka müqaviləsinə əsasən, tələb üzrə tutma ipoteka predmeti olan və tam mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı, yaşayış sahəsi 40 kv.m-dən ibarət 26 saylı mənzilə yönəldilsin və həmin mənzil açıq hərrac vasitəsilə satılsın. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı, yaşayış sahəsi 40 kv.mdən ibarət 26 saylı mənzilin ilkin satış qiyməti 45.500 (qırx beş min beş yüz) manat məbləğində müəyyən edilsin. Satışdan əldə olunacaq vəsait hesabına cəmi 22.712,15 (iyirmi iki min yeddi yüz on iki manat on beş qəpik) manat məbləğində borc, ödənilmiş dövlət rüsumlarının və xidmət haqqının əvəzi olan cəmi 58 (əlli səkkiz) manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq, iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar