Məhkəmə qərarları › İş №2(008)-3151/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3151/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3151/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Nazimhikmət oğlunun, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən dəymiş zərər kimi müəyyən olunan 4147,20 manat borcun **********00000 nömrəli abonent hesabımdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvana **********00000 abonent kodu üzrə quraşdırılmış qaz sayğacı başqa sayğacla əvəz edildikdən bir müddət sonra müəyyən emişdir ki, abonent hesabında 4147,20 manat borc məbləği yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edəndə orada ona sənədlər təqdim edilmişdir. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan və xx.xx.2023-cü il tarixli tələbnamədən ona aydın olmuşdur ki, Cavabdeh əməkdaşları evindən çıxarılan qaz sayğacının istismara yararsız olduğu səbəbindən 34560 kubmetr qaz itkisini dəymiş ziyan kimi müəyyən etmişlər. Göründüyü kimi Cavabdeh əməkdaşları qaz sayğacını başqa sayğacla əvəz etmiş, sayğacda aşkarlanan qüsurlara görə abonentin təqsirini sübut etmədən, 34560 kubmetr qaz itkisi hesablamış və abonent hesabına 4147,20 manat borc yazmışlar. Evdən çıxarılmış qaz sayğacında baş verən nasazlığ onun müdaxiləsi və ya səhvi ucbatından baş verməmişdir. Cavabdeh aktlarında sayğacda aşkarlanan qüsur kimi sayğacın dişli çarxlarına müdaxilə edildiyi qeyd olunmuşdur. Sayğacın küçədə yerləşdiyini nəzərə alınsa, istənilən bir şəxs sayğaca müdaxilə edə bilər. Bundan əlavə sayğacın dişli çarxlarına müdaxilə edilməsi üçün sayğac açılmalıdır. Bu zaman isə mütləq şəkildə sayğacın plombları qırılmalıdır. Lakin evdən çıxarılan qaz sayğacının plombları qırılmamışdır. Həmçinin sayğac çıxarıldıqdan sonra xüsusi qablaşdırmaya yerləşdirilərək, yoxlanılması üçün laboratoriyaya aparılmalı olduğu halda Cavabdeh əməkdaşları bunu da etməmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, rədd edilməsini xahiş etdi. İş materiallarında olan abonent saldosundan görünür ki, **********00000 abonent kodu olan İddiaçı qazdan istifadə nəticəsində 4147,20 manat məbləğində borc hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023cü il tarixli aktın surətindən görünür ki, sayğacın dişli çarxlarına müdaxilə edilmiş nəticədə sayğacdan keçən qaz qeydə alınmır. Dəymiş ziyanın bərpasına dair 31 may 2023-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının maksimal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4 x 24 x 360=34560 m3 hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********00000 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın dişli çarxlarının müdaxilə edilməsi qeyd edilmiş və bunun əsasında itirilmiş qazın həcmi 34560 kub metr hesablanaraq dəymiş zərər 4147,20 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın dişli çarxlarının müdaxilə edilməsi məhz iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsasən **********00000 nömrəli abonent İddiaçı qanunsuz olaraq hesablanmış 4147,20 (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abonent kodu **********00000 olan İddiaçı ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə hesablanmış 4147,20 (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar