Məhkəmə qərarları › İş №2(008)-3190/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3190/2024

28.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3190/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X2 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 27 yanvar 2024-cü il tarixdə mərhum həyat yoldaşı X4 qazi dostu Çingiz ilə birlikdə avtomobillə hərəkət edərkən avtomobilin təkəri partlamış və təkəri düzəldirmək üçün usta yanına getmişlər. Həyat yoldaşı X4 avtomobildən düşdükdən təqribi 3 dəqiqə sonra qəfil ürəktutma nəticəsində yerə yıxılmış və hadisə yerinə təcili tibbi yardım həkimləri gələnə qədər dünyasını dəyişmişdir. Ölüm hadisəsi 27 yanvar 2024-cü il tarixdə, saat 14:40 radələrində Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur məscidi vulkanizasiya ərazisində baş vermişdir. Hadisədən xəbər tutduqdan sonra oğlu Alməmmədov Turan, bacısı Alməmmədova Gülnaz və qaynı oğlu Alməmmədov Tural ilə birlikdə hadisə yerinə getmişlər. Hadisə yerinə çatdıqda təcili tibbi yardım həkimləri artıq onun dünyasını dəyişdiyini bildirdilər, lakin onlar bədən temperaturu isti olduğundan həyatını xilas etmək ümidi ilə onu şəxsi avtomobilləri ilə Bakıxanov qəsəbəsində yerləşən “Stimul” klinikasına aparmışlar. Həkimlər ürək elektroşok cihazı ilə müdaxilə etsələr də, cəhdləri nəticəsiz qaldı. Həyat yoldaşı X4 2-ci qrup Qarabağ Müharibəsi əlili idi. Mərhum həyat yoldaşı X4 28 yanvar 2024-cü il tarixdə Sabunçu rayonu Zabrat 1 qəbirstanlığında dəfn olunub. Tərəfindən ölüm haqqında arayışın alınması üçün Bakı şəhər Baş Səhiyyə İdarəsi 11 nömrəli şəhər poliklinikasına müraciət olunmuşdur. Poliklinika tərəfindən təqdim olunmuş 05 mart 2024-cü il tarixli bildirişə əsasən həyat yoldaşı X3 ölüm haqqında arayışın verilməsindən imtina olunmuşdur. Bildirişdə qeyd olunur ki, X4 evdə deyil, küçədə rəhmətə gedib və sahə həkimi ölüm səbəbini bilmir, bu səbəbdən poliklinika tərəfindən ölüm haqqında arayışın verilməsi mümkün deyil. Tərəfindən Bakı şəhəri Maraqlı şəxsnə 09 fevral 2024-cü il tarixli ərizə ilə müraciət olunmuşdur. Qeydiyyat şöbəsi tərəfindən ölümün qeydə alınmasından imtina olunmuşdur. Cavab məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli 145 saylı Qərarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Daha sonra Ərizəçi məhkəməyə ərizə təqdim edərək, mərhum həyat yoldaşı xx.xx.1971-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi “Sünbül” şadlıq sarayının yaxınlığında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, o və X4 2-ci qrup Qarabağ müharibəsi əlilləridir. Bir-birini 1994-cü ildən “Qarabağ Əlilləri Cəmiyyəti”ndən tanımış, dostuq münasibətlərində olmuşlar. 2024-cü ilin yanvarın 27-si şəhərdən maşınla gələndə Ədalət ona zəng edərək maşının təkərində problem olduğunu, təkəri dəyişə bilməsi üçün ona ləvazimat gətiməsini xahiş etmişdir. Hər ikisi taksi fəaliyyəti ilə məşğul idilər. O, Ədalətə müştəri ilə birgə olduğunu, müştərini ünvana çatdırdıqdan sonra 10 dəqiqə ərzində onun yanına gələ biləcəyini demişdir. Bir azdan Ədalətə zəng edəndə artıq ora getməsi üçün ehtiyac qalmadığını demişdir. Ədalət Sabunçu rayonu Yanğından Mühafizə İdarəsinin yanındakı vulkanizasiyada təkərini təmir etdirirdi. Təxminən 5 dəqiqə sonra “Qarabağ Əlilləri Cəmiyyəti”nin sədri Çingiz bəy ona zəng edib Ədalətin vəziyyətinin yaxşı olmadığını, təcili gəlməli olduğunu demişdir. O, ünvana çatanda təcili yardım da eyni vaxtı çatdı. Ədalət Sabunçu rayonunda, Yanğından Mühafizə İdarəsinin yanında dünyasını dəyişdi. Onun yaxınlıqda “Sünbül” şadlıq sarayı, “Kaspi” liseyi var. Ora çatanda Ədalətin yerə yıxıldığını, həkimlərin onu masaj etdiyini görmüşdür. Həkimlər artıq gec olduğunu, onun öldüyünü dedilər. Hadisə baş verəndə 2024-cü il, yanvarın 27-i, saat 3 radələri idi. Dəfn və yas mərasimində iştirak etmişdir. Ədalət Sabunçu rayonunda, Zabrat qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, ərizəçinin mərhum əri Ədalətlə dost olmuşdur. Ədalət Qaraçuxur qəsəbəsində təkər dəyişən vaxtı dünyasını dəyişib. O ərazi Sabunçu rayonuna aiddir, Yanğınsöndürmə İdarəsinin yanı Suraxanı rayonu, digər tərəf Sabunçu rayonunun ərazisidir. Həmin tərəfə yaxın “Sünbül” şadlıq sarayı və başqa şadlıq sarayları var. Təxminən 4 ay bundan əvvəl, yanvar ayında Ədalətlə bir yerdə şəhərə getməli idilər. Ədalət maşının təkərində problem olduğunu, əlavə təkərin də saz vəziyyətdə olmadığını bildirmiş və onlar təkəri dəyişməyə getmişlər. Ədalət vulkanizasiyada yeni təkər götürüb dəyişirdi, o da kənarda telefonla danışırdı. Birdən Ədalətin özünü pis hiss etdiyini gördü, kürəyi divara söykənmişdi. 10 dəqiqə keçmədi ki Ədalət öldü. Ona heç bir kənar təsir olmadı, öz-özünə keçindi. O, özünü itirdiyindən, təcili yardım çağırmadı, təkcə su gətirib Ədalətin əl-üzünü, boynunu yudu. Təcili yardım gələndə orda idi, ölüm səbəbinin infarkt olduğunu dedilər. Dəfn və yas mərasimində iştirak etmişdir. Ədalət Zabrat qəsəbəsindəki qəbirstanlıqda dəfn olunmuşdur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1971-ci il tarixdə doğulmuşdur. - Vİİ-ЖГ seriyalı 335668 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Ərizəçi xx.xx.1997-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlanandan sonra arvada Babayeva soyadı verilmişdir. - Təcili və X5 Stansiyasının xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, X4 TTTY gələnə qədər ölmüşdür. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-15-144/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması barədə aidiyyəti üzrə müraciət etməli olması ərizəçiyə izah edilmişdir. - Zabrat-1 qəbirstanlığı tərəfindən verilmiş arayışdan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu Zabrat 1 qəbirstanlığında dəfn olunmuşdur. - 11 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 358 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X1 öldüyündən və sahə həkimi ölümün səbəbini bilmədiyindən Səhiyyə Nazirliyinin 52 saylı əmrinə əsasən ölüm haqqında arayışın verilməsi mümkün deyildir. - fotoşəkillərdən görünür ki, X4 xx.xx.1971-ci il tarixdə doğulmuş, xx.xx.2024-cü il tarixdə ölmüşdür. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Ərizəçi məcburi köçkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X2 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1971-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, ərizəçi məcburi köçkün olduğundan, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar