Məhkəmə qərarları › İş №2(008)-3205/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3205/2022

28.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3205/2022 28.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhuəmə islas katibi X6 İddiaçının nümayəndəsi (bacısı) X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs göstərilməklə qanunsuz tikilmiş tikilinin cavabdehin hesabına sökülməklə zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs göstərilməkləiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan ünvan ünvanda yerləşən 0,2402 ha torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və cavabdeh tərəfindən həmin torpaq sahəsində özbaşına tikilmiş hasarın cavabdehin hesabına sökülməsi və iddiaçının bağ sahəsindən istifadə etməyi üçün mövcud olan maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda adıçəkilən torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh həmin torpaq sahəsinin bir hissəsini zəbt etmiş, hasar çəkmiş, bununla da iddiaçının mülkiyyət hüququnu pozmuşdur. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (bacısı) X2 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbnin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə bildirdi ki, Bakı şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən onların anası X4 25 sot torpaq sahəsi verilmişdir. İddiaçı çıxarışı 24 sota dair almışdır, lakin çıxarışdan kənarda qalan 1 sotun da mülkiyyətçisi odur. Buna baxamayaraq cavabeh həmin bir sotu zəbt etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia rədd edilməldir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materialarına əlavə edilmişidir). ünvan ünvanda yerləşən 0,2402 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir (DƏDRX tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Çıxarış, əmlakın reyestr nömrəsi **********63-11301, qeydiyyat nömrəsi **********). Həmin torpaq sahəsinə dair iddiaçının anası X3 adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü verilmişdir (dövlət torpaq kadastrı kitabında xx.xx.2011-ci il taridə 25925 nömrə ilə uçota alınmışdır). Plan və ölçü sənədindən görünür ki, adıçəkilən torpaq sahəsi 2500 kv metr ölçüdə 2968 saylı bağ evinin tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti Bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.2001-ci il tarixli Protokolu ilə ayrılmışdır. 2500 kv metr ölçüdə torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə X7 arasında xx.xx.2001-ci il tarixli bağın icarəyə verilməsi haqqında 16498 №-li müqavilə bağlanmışdır. Beləliklə, iddiaçının anasının adına torpaq sahəsi verilərkən ilkin olaraq onun ölçüsü 0.25 ha olmuş, sonradan isə plan və ölçü tərtib edilərkən və çıxarış verilərkən hansısa səbəblərdən 0,25 ha sahəyə deyil, 0,2402 ha torpaq sahəsinə verilmişdir. Plan və ölçüyə ıə çıxarışa düşməyən 0,01 ha hissəsində cavabdeh tərəfindən hansısa tikililər inşa edilmişdir. İddiaçı hesab edir ki, ilkindən həmin torpaq sahəsinə onun ailəsinə məxsus olduğundan cavabedeh oradan çıxarılmalıdır. Hazırda iddiaçı torpaq sahəsinin boşaldılması və torpaq sahəsi üzərində olan tikilinin sökülməsini istəyir. Məhkəmə aşağıdakı qeyd olunan əsaslara görə iddia tələbinin əsassız olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. Həmin qərarın 6-cı bəndinə əsasən Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq, torpaq sahələri üzrə hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ) habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsdiq edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Qeyd edildiyi kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilkin olaraq 25 sot ölçüdə onun anasının adına verilmiş olsa da, bir sota dair iddiaçı çıxarış ala bilməmişdir, bu əsasdan o, həmin bir sotun artıq mülkiyyətçisi sayılmır və belə iddia qaldırmağa subyektiv hüququ yoxdur. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar