Məhkəmə qərarları › İş №2(008)-3213/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3213/2023

26.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3213/2023 26.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, Ərizəçinin nümayəndəsi (oğlu) X6, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı qeyd edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək 1978-1988-ci illərdə Ermənistan Respublikasının Vedi (Ararat) rayonunun Şidli kənd kolxozunda fəhlə işləməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü ildə Ermənistan Respublikasının Vedi (Ararat) rayonun Şidli kəndində anadan olmuşdur. 1978-1988-ci illərdə Vedi rayonunun Şidli kəndində kolxozda “fəhlə” kimi fəaliyyət göstərmişdir. 1988-ci ildə məlum hadisələr zamanı ailə üzvləri ilə birlikdə Ermənistan Respublikasından qaçqın düşərək Bakı şəhərində məşkunlaşmışdır. Hazırkı əmək kitabçasında qeydlər 1989-cu il tarixdən sonrakı dövrləri əks etdirir. X1 doğulandan sonra sağlamlığının 81-100 faizini itirdiyi üçün və ona qulluq etdiyinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmışdır. Lakin, Şidli kolxozunda 1978-ci il tarixdən 1988-ci il tarixə olan illərin iş stajının qeyd olunduğu əmək kitabçası qaça-qaçda Şidli kəndində qaldığı üçün həmin illərin iş stajına daxil edilməsi mümkün olmamışdır. Ermənistan Respublikasında onun 1978-1988ci illərdə fəhlə kimi işləməyini iş yoldaşları, kəndin sakinləri X2, X8, X10 və digərləri təsdiq edə bilərlər. Maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu ərizəyə etiraz vermiş və etirazı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" 12 aprel 2019cu il tarixli, 03 saylı Qərarının 13.2-ci bəndinə əsasən, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan sərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. İş materiallarına əlavə olunmuş ərizəçinin APM N9 ******* saylı əmək kitabçasının surətində ərizəçinin Şidli kənd kolxozunda işləməsi ilə bağlı qeyd mövcuddur. Beləliklə, hazırkı iş üzrə ərizəçinin 1978-1988-ci illərdə Ermənistan Respublikasının Vedi rayonun Şidli kəndində kolxozda fəhlə kimi işləməsi faktının müəyyən edilməsi barədə mübahisə - inzibati orqanla (Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı) ərizəçi arasında yaranmış inzibati mübahisə olub, inzibati hüquq münasibətlərindən irəli gəlir. Bu səbəbdən də işə ümumi məhkəmədə baxıla bilməz və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (oğlu) X12 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat verərək ərizənin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Ərizəçi xx.xx.1963-cü ildə Ermənistan Respublikasının Vedi (Ararat) rayonun Şidli kəndində doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır (3644460 №-li şəxsiyyət vəsiqəsi, Sabunçu rayon İcra Hakmiyyəti Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış). Ərizəçi adına xx.xx.1980-ci il tarixdə Nizami rayon 88 №-li MİS tərəfindən açılmış ******* №-li əmək kitabçasında onun 1980-ci ildə Ermənistan Respublikasının Vedi rayonunun Şidli kənd kolxozunda kolxozçu vəzifəsində işləməyi qeyd edilmiş, həmin qeyd Nizami rayon 88 №-li MİS tərəfindən təsdiqlənmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 və X11 qeyd olunan dövr ərzində özlərinin də, ərizəçinin də adıçəkilən sovxozda fəhlə işləməsini, onların həmin dövr üçün pensiya almalarını təsdiq etmişdilər. Pensiya təyinatı zamanı stajın hesablanmasında hər iki şahid üçün həmin dövr nəzərə alınmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-6899/2014 №-li iş üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qətnaməsi ilə X3 1976-cı ilin fevral ayından 1988-ci ilin noyabr ayınadək Ermənistan Respublikasının Ararat rayonu Şidli kəndindəki N.Nərimanov adına kolxozda kolxozçu vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-162/2018 №-li iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X5 həmin kolxozda işlədiyi 1969-1988-ci illərin iş stajı kimi sayılaraq, əmək pensiyasının üzərinə əlavə edilməsi və icrası Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə edilmişdir. Hazırda ərizəçi 1978-1988-ci illərdə Ermənistan Respublikasının Vedi (Ararat) rayonunun Şidli kənd sovxozunda fəhlə işləməyi faktının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ərizənin əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən isə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarı ilə aşağıdakılar müəyyən edilmişdir: 1.2. hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 13.1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 13.2. Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. İşin hallarından göründüyü kimi, ərizəçi Ermənistan Respublikasından məlum səbəblərdən qaçqın düşmüşdür, bu səbəbdən həmin faktın təsdqiq edilməsi arxiv arayışı və digər sənədlər əsasından mümkün deyil, ərizəçin bu faktın təsdiqini əmək pensiyasının artımı üçün istəyir. Ərizəçiyə məxsus əmək kitabçasının surətində ərizəçinin Şidli kənd kolxozunda işləməsi ilə bağlı qeyd mövcud olması barədə maraqlı şəxsin mövqeyinə dair məhkəmə qeyd etmək istəyir ki, həmin qeydi səlahiyyətli orqan deyil, ərizəçinin sözü ilə yalnız 1980ci ilə dair aidiyyəti olmayan Nizami rayon 88 №-li MİS vermişdir. Belə olan halda, həmin əmək kitabçası ərizəçinin istədiyi əmək stajını təsdiq edən sənəd hesab edilə bilməz. Bundan başqa, ərizəçinin həmin dövrdə həmin kolxozda işləməsini təsdiq edən iki şahidin həmin dövrə aid olan əmək stajı pensiya təyinatı zamanı nəzərə alınmışdr. Odur ki, məhkəmə işin hallarına və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 1978-1988-ci illərdə Ermənistan Respublikasının Vedi (Ararat) rayonunun Şidli kənd kolxozunda fəhlə işləməyi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 1978-1988-ci illərdə Ermənistan Respublikasının Vedi (Ararat) rayonunun Şidli kənd kolxozunda fəhlə işləməyi faktı müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 1978-1988-ci illərdə Ermənistan Respublikasının Vedi (Ararat) rayonunun Şidli kənd kolxozunda fəhlə işləməyi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar