Məhkəmə qərarları › İş №2(008)-3226/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3226/2023

31.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3226/2023 31.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 53 saylı notariat ofisi cəlb edilməklə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 53 saylı notariat ofisi cəlb edilməklə, “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası Şirzad Paşa oğlundan miras qalmış Bakı şəhəri Yasamal rayonu 8-ci keçid 18 ünvanında yerləşən daşınmaz əmlakın onun tərəfindən miras əmlak qismində qəbul edilməsi faktının tanınması və həmin daşınmaz əmlaka onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri 53 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Oktyabr rayonu (indiki Yasamal) İcra Hakimiyyətinin 32 nömrəli xx.xx.1963-cü il tarixli qərarı ilə Bakı şəhəri Yasamal rayonu 8-ci keçid 18 ünvanında yerləşən tikili mərhum atası Şirzad Paşa oğluna verilmişdir. Mərhum atası həmin tikilini təmir etmiş, yaşayış üçün yararlı hala salmış və orada yaşamışdır. Həmin ünvanda qohumları, hətta qonşuları qeydiyyata düşsələr də, həmin qeydiyyat formal xarakter daşımış, orada yalnız atası ölənə kimi yaşamışdır, qeydiyyatda olan şəxslər orada yaşamamışlar. Atasına həmişə o baxmış, hətta ev onun vəsaiti hesabına təmir edilmişdir. Atası 1983-cü ildə vəfat etmişdir və onun dəfn xərclərini də o çəkmişdir. Özü başqa ünvanda qeydiyyatda olsa da, atası vəfat edəndən bəri o evdə də yaşamış və istifadə etmişdir. Hal-hazırda da əmlak onun istifadəsində və idarəçiliyindədir. Belə olan halda atasından qalmış həmin miras əmlakı faktiki olaraq o qəbul etmişdir. Qeyd olunan əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün maraqlı şəxs Bakı şəhəri 53 saylı notariat ofisinə müraciət etsə də, sonuncu tərəfindən 16 fevral tarixli məktubla imtina edilərək bildirilmişdir ki, miras açılandan 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qanunvericiliyə əsasən hesab edir ki, yuxarıda qeyd olunan ünvanda yerləşən daşınmaz əmlak atasına məxsus olduğundan və atasının vəfatından sonra həmin daşınmaz əmlakı faktiki o istifadə və idarə etdiyinə görə miras əmlak onun tərəfindən qəbul edilmiş sayılır. Ona görə də ərizəsi təmin edilməlidir. Daha sonra Ərizəçi ərizəsini dəqiqləşdirərək, mərhum atası Şirzad Paşa oğlundan miras qalmış Bakı şəhəri Yasamal rayonu 8-ci keçid 18 ünvanında yerləşən daşınmaz əmlakın onun tərəfindən miras əmlak qismində qəbul edilməsi faktının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri 53 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məktublarla müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X3 ifadə verərək bildirdi ki, ərizəçi Yasamal rayonu 8-ci keçid 18 ünvanında yaşayarkən onunla qonşu olmuş, ərizəçigilə gedib-gəlmişdir. Ərizəçinin atası 1982-ci ildə vəfat etmiş, ərizəçi özü də orada böyüyüb, yaşamışdır. Həmin ünvanda kimlərin yaşadığını bilmir. Məhkəmə iclasında şahid X5 ifadə verərək bildirdi ki, ərizəçi qardaşıdır. Yasamal rayonundaki 8-ci keçid 18 ünvanı həyət evidir, həmin ev atasının adına olub. Həmin evdə o, ərizəçi, qardaşı Şirbala yaşayırdı. Yaşadıqları evin nömrəsi olmayıb. Ərizəçi Sabunçu rayonunda qeydiyyatda olsa da, Yasamal rayonunda yaşayıb. Onlar ailəliklə orada yaşayırlar. Həmin evlə bağlı mübahisələri yoxdur, ərizəçinin adına keçirilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid X11 ifadə verərək bildirdi ki, ərizəçi onun qonşusu olmuş, Yasamal rayonundakı 8-ci keçid 18 ünvanında yaşamışdır. O, 1970-ci ildən hazırkı evində yaşayır, ərizəçinin atası Şirzad, anası Səkinə xanım da orada yaşayırdı. Ev həyət evidir, orada 6 qonşu yaşayır. Atası öləndən sonra ərizəçi həmin evdə yaşayırdı. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən hazırkı ərizənin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu Səma Ələkbərovanın xx.xx.2023-cü il tarixli 740 saylı məktubundan görünür ki, xx.xx.1982-ci il tarixdə vəfat etmiş Şirzad Paşa oğlundan qalmış miras əmlakın qəbulu müddətini ötürdüyü, bununla bağlı məhkəməyə müraciət edə bilməsi Ərizəçi izah edilmişdir. - İİ-ЖГ seriyalı 385570 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şirzad Paşa oğlu xx.xx.1982-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - İİ-ЖГ seriyalı 321787 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Səkinə Musa qızı xx.xx.1980-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - AZ-İ seriyalı 675043 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölmüşdür. - Oktyabr rayon X4 İcraiyyə Komitəsinin 32 №-li xx.xx.1963-cü il tarixli qərarının surətindən görünür ki, vətəndaş Məmmədovun 8-ci Vyezdnaya küçəsi ev 18-də yerləşən 8 kv.m olan 1 otaqdan ibarət olan keçmiş mənzilin şəxsi hesabını bağlamaq və onu yardımçı sahə kimi həmin evdə yaşayan vətəndaş Şirzad Paşa oğluna təqdim etmək qərara alınmışdır. - ИЕ seriyalı 432639 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, onun atası Şirzad Paşa oğlu, anası Səkinə Musa qızıdır. - X8 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, ünvan 4-də yerləşən yaşayış evinin qardaşı Ərizəçi adına rəsmiləşdirilməsinə etiraz etmir. - X1 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, ünvan 4-də yerləşən yaşayış evinin qardaşı Ərizəçi adına rəsmiləşdirilməsinə etiraz etmir. - X6 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin Ərizəçi adına özəlləşdirilib və sənədləşdirilməsinə etiraz etmir. - X7 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, ünvan 4-də yerləşən yaşayış evinin qardaşı Ərizəçi adına rəsmiləşdirilməsinə etiraz etmir. - X5 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, ünvan 4-də yerləşən yaşayış evinin qardaşı Ərizəçi adına rəsmiləşdirilməsinə etiraz etmir. - AA seriyalı 492509 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1946-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, onun atası Şirzad Paşa oğlu, anası Səkinə Musa qızıdır. - AЗ seriyalı ******* №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, onun atası Şirzad Paşa oğlu, anası Səkinə Musa qızıdır. - ИЕ seriyalı 946404 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1952-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, onun atası Şirzad Paşa oğlu, anası Səkinə Musa qızıdır. - ИЕ seriyalı 033897 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1947-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, onun atası Şirzad Paşa oğlu, anası Səkinə Musa qızıdır. - AA seriyalı 341646 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1943-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, onun atası X13, anası Səkinə Musa qızıdır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə ölmüş Şirzad Paşa oğlunun qanun üzrə birinci növbəli vərəsəsidir. Mərhumdan Bakı şəhəri Yasamal rayonu 8-ci keçid küçəsi 18-də yerləşən yaşayış evi miras qalmışdır. Ərizəçi atasının sağlığında onunla birlikdə Bakı şəhəri Yasamal rayonu 8-ci keçid küçəsi 18-də yerləşən yaşayış evində yaşayaraq birgə təsərrüfat idarə etmiş, atasının ölümündən sonra da qeyd olunan evə sahiblik edərək evi miras kimi qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ərizəçi Bakı şəhəri 53 saylı notariat ofisinə müraciət edərək mərhum atasından qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, miras əmlakın qəbulu üçün müəyyənləşdirilmiş müddət ərizəçi tərəfindən ötürülmüş, məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, ərizəçinin yuxarıda qeyd olunan fərdi yaşayış evinə dair mirası qəbul etməsi məhkəmə prosesində təqdim edilmiş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqe ondan ibarət olmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması; hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması; hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, xx.xx.1982-ci il tarixdə ölmüş Şirzad Paşa oğlundan miras qalmış Bakı şəhəri Yasamal rayonu 8-ci keçid küçəsi 18-də yerləşən yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1982-ci il tarixdə ölmüş Şirzad Paşa oğlundan miras qalmış Bakı şəhəri Yasamal rayonu 8-ci keçid küçəsi 18-də yerləşən yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar