Məhkəmə qərarları › İş №2(008)-323/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-323/2025

20.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-323/2025 20.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 07 yanvar 2025-ci ildə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh ünvan 2 ünvanından istifadə hüququqna 12000 manat kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi ev 22A, mənzil 39-un mülkiyyətçisidir. O, həmin mənzili vərəsəlik qaydasında əldə etmişdir. İddiaçı Cavabdeh nikahı Sabunçu Rayon Məkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-815/2023 saylı qətnaməsinə əsasən pozulmuş, qətnamə qanuni qüvvəsini almış və nikahın pozulması rəsmi olaraq qeydə alınmışdır. Cavabdeh artıq iddiaçının ailə üzvü deyil. Buna baxmayaraq, onun mülkiyyətində olan və birgə nikahda qazanılmış əmlak hesab edilməyən mənzildən istifadə etməkdə davam edir. İddiaçının mənzili tərk etmə tələblərinə məhəl qoymur. Bu hərəkətləri ilə Cavabdeh İddiaçı mülkiyyət hüquqlarını pozur, mülkiyyətində olan əmlakdan sərbəst istifadə və sərəncam verməsinə mane olur. Belə olan halda, iddiaçının hüquqlarının müdafiəsi və cavabdehin mənzildən çıxarılması üçün məhkəməyə müracət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq qeyd etdi ki, iddiaçı cavabdehə 15000 manat kompensasiya vermək istəyir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddiaçı tərəfindən ona təklif olunan kompensasiyanın məbləğinin az olduğunu 15.000 manata o pzünə ev ala bilməyəcəyini, ən azı ona 20000-25000 manat məbləğində pul verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə məhkəməyə etiraz ərizəs ilə müraciət edərək bildirmişdir ki, ddiaçının iddiası əsassızdır və təmin oluna bilməz. Belə ki, İddiaçı ilə 14 oktyabr 1998-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşuq. Həmin tarixdən başlayaraq iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildə heç bir qeydşərt olmadan onunla birlikdə yaşamış və birgə təsərrüfat aparmışıq. Həmin evə köçərkən özümə məxsus bütün cehiz əşyalarını da ora aparmışam. Hazırki vaxta qədər sözügedən mübahisəli mənzildə yaşamağa davam edir və həmin mənzillə bağlı müxtəlif xərclərin ödənilməsində, eləcə də mənzilin əsaslı təmir olunmasında kifayət qədər xərc çəkmişəm. Qeyd edək ki, iddiaçı tərəfindən iddia ərizəsində ailə münasibətlərinə xitam verilməsi və həmin mənzildə yaşamağa davam etməyimnn onun mülkiyyət hüquqlarının pozulması kimi göstərilmiş olsa da, iddiaçı ilə arasındakı ailə münasibətləri formal da olsa qalmaqda davam edir və mənim onun xüsusi mülkiyyətində olan mənzildə yaşamağa davam etməyi iddiaçının mülkiyyət hüquqlarını pozmur. Həmçinin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququm 14 oktyabr 1998-ci il tarixindən başlayaraq yarandığına görə həmin məzildən istifadə edilməsi ilə bağlı mübahisələrə Azərbayacan Respublikasının 8 iyul 1982-ci ildə qüvvəyə minmiş və 1 oktyabr 2009-cu ildə qüvvədən düşmüş Mənzil Məcəlləsi tətbiq olunmalıdır. Belə ki, həmin Məcəllənin 123-cü maddəsinə uyğun olaraq yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair xx.xx.2001-ci il tarixli Plenum Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi iddiaçı tərəfindən irəli sürülmüş istifadə hüququna xitam verilməsi və mənzildən çıxarma tələbi əsassızdır və buna görə də təmin olunmamalıdır. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1966-cı ildə Tovuz rayonunda anadan olmuş, ünvan 4 ünvanında rəsmi qeydiyyatdadır. 05 dekabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 12 oktyabr 2001-ci ildə vəfat etmiş X3 vərəsəsi qardaşı oğlu İddiaçı olduğu üçün X3 mülkiyyətində olan Bakı şəhəri Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 22 A saylı evin 39 saylı mənzildən İddiaçı tam irs alıb. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri çıxarışından görünür ki, ünvan 4 ünvanı İddiaçı mülkiyyətindədir. İlkin mediasiya sessiyasının davam etdirilməməsi barədə MŞB/16-00928 nömrəli 26 may 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasının davam etdirilməsinə razılıq verməyiblər və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya xərci ödəmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-815/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində xx.xx.1998-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü ildə verilmiş AZ-İ seriyalı 483683 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikaha 29 aprel 2024-cü ildə xitam verilmiş və nikahın pozulması 250 nömrə ilə qeyd edilmişdir. 4 saylı Bakı “AZAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü ildə verilmiş AZ-İİ seriyalı 630334 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Svetlana Boqdanovna ilə 14 iyun 2024-cü ildə nikahada daxil olmuş və nikah 800 nömrə ilə qeyd edilmişdir. xx.xx.1997-ci il tarixli vəsiyyətnamədən görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 22 A saylı evin 39 saylı mənzilini X1 İlqar Nuru oğluna vəsiyyət etmişdir. "xxxx" MMC-nin 22 nömrəli 30 aprel 2025-ci il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 22 A saylı evin 39 saylı mənzilinin likvid qiyməti 85000 manatdır. Bakı şəhəri, Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 22 A saylı evin 39 saylı mənzilin kirayə haqqı 300 manat təşkil edir. İş materiallarında olan ********** nömrəli xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hazırki mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Yəvər Əliyev küçəsi 22A saylı evin 39 saylı mənzil iddiaçının mülkiyyətinə rəsmi şəkildə xx.xx.2012-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsaında keçmişdir. İş matriallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilir ki, iddiaçının miras əmlakına pay hüququ miras qoyanın öldüyü məqamda xx.xx.2001-ci ildən yaranmışdır. Mülki iş üzrə mübahisə olunmayan hal isə ondan ibarətdir ki, Cavabdeh iddiaçı ilə birgə nikaha daxil olduğu gündən hazırki dövürədək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Yəvər Əliyev küçəsi 22A saylı evin 39 saylı mənzildə yaşamışdır. Beləliklə müəyyən edilirki, iddiaçının miras əmlakına pay hüququ miras qoyanın öldüyü məqəmda yəni xx.xx.2001-ci il tarixdən yaranmış olduğundan hazırki mülki işə həmin dövürdə qüvvədə olan qanunvericiliyin müddları tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-ci il tarixli qərarına uyğun olaraq yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə mülki işin hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Yəvər Əliyev küçəsi 22A saylı evin 39 saylı mənzilə iddiaçının mülkiyyət hüququ xx.xx.2001-ci il tarixdən yaranmışdır. İddiaçı ilə cavabdeh isə xx.xx.1998-ci il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuş və cavabdeh sözügedən mənzilə rəsmi qeydiyyata alınaraq həmin mənzildə yaşamağa başlamışdır. Tərəflər arasında bağlanmış nikah xx.xx.2023-ci il tarixdə pozulmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək bildirir ki, cavavbdeh ilə onun arasında bağlanmış nikah pozulduğundan cavabdehin onun mənzilindən istifadə hüququna 15.000 manat məbləğində kompensasiya verməklə xitam verilməsini və mənzildən çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək ona təklif olunmuş kompensasiyanın məbləğinin az olduğunu bildirmişdir. Məhkəmə tərəfindən isə cavabdehə təklif olunmuş kompensasiyanın məbləğini müəyyən edilməsi üçün eyni xarakterli mənzil üzrə aylıq kira haqqının nə qədər olunmasına dair ekspert qarşısına sual qoyulmuşdur. Məhkəməyə təqdim edilən ekspertin rəyindən görünür ki, iddiaçının mülkiyyətində olan mənzilin aylıq kira haqqı 300 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə təklif edilən məbləğ kifayət qədər əsaslı hesab edilməli və iddia tələbi təmin edilərək cavabdehin sözügedən mənzildən istifadə hüququna 15000 manat məbləğində kompensasiya verilməklə xitam verilməli və mənzil iddiaçıya təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 2 ünvanından istifadə hüququna İddiaçı tərəfindən 15000 (on beş min) manat kompensasiya ödənilməklə xitam verilsin. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 22A ünvanında yerləşən mənzildən çıxarılsın. Cavabdeh kompensasiya ödənilməsi ilə Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 22A ünvanından çıxarılması eyni gündə icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nilüfər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar