Məhkəmə qərarları › İş №2(008)-3232/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-3232/2023

20.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3232/2023 20.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanuna zidd hərəkətin qadağan edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanuna zidd hərəkətin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, babası İddiaçı Cavad oğlundan vərəsəliklə atası X1 miras qalmış, vərəsəlik şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən 3 saylı evin 1/3 hissəsinin layihəsinin çıxarılması üçün cavabdehlərin maneəçilik törətmələrinin qadağan edilməsi barədə cavabdehlərin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X9 iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, iddiaçı Sadıqov X3 rayon Maştağa qəsəbəsi, Sabir küçəsi döngə 5, ev 3-də qeydiyyatda olmaqla, orada yaşayır. Həmin fərdi yaşayış evi 1962-ci ildə vəfat etmiş babası İddiaçı Cavad oğluna məxsus olmuşdur. Babasının vəfatından sonra miras əmisi İbrahim və X10lar arasında faktiki bölünmüşdür. Atasının və əmisinin övladları sözügedən miras əmlakdan hazırkı vaxtadək istifadə edirlər. Vərəsəlik şəhadətnaməsinə görə babasından qalmış mirasın 2/3 hissəsi açıq qalmışdır. X10 öz adına çıxarış almışdır. Həmin əmlakın atasına düşən hissəsini öz adına rəsmiləşdirmək (çıxarış almaq) üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin əmisi oğlanları X8 və Cavabdeh2 çıxarış verilməsi üçün müvafiq qurumun əməkdaşlarının miras əmlaka texniki baxış keçirmələrinə, sxem-planının çıxarılması məqsədilə yerində ölçü işlərinin aparılmasına mane yaradırlar. Ona görə də, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, nümayəndə cavabdehlər tərəfindən maneənin yaradılmasını onlara qadağan edən qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili X9 işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxır. Məhkəmə, iddia tərəfinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında məcmu halında tədqiq edilərək qiymətləndirilmiş: -Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport və kartoçkadan görünür ki, ünvan 1 ünvanında yerləşən 3 saylı ev İddiaçı Cavad oğluna ayrılmışdır. - Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin xx.xx.2023-cü il tarixdə arxivdə saxlanılan nüsxəsi ilə eyniliyi təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1962-ci il tarixdə ölmüş İddiaçı Cavad oğlundan ünvan 2 ünvanında yerləşən 3 saylı evin 1/3 hissəsi oğlu X2 miras qalmış, 2/3 hissə isə açıq qalmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan aydın olur ki, ünvan 2, 3 saylı evin 2/3 hissəsi İddiaçı Cavad oğlunun adında qalmışdır. -Həmin qurumun xx.xx.2023-cü il tarixli məktubundan aydın olur ki, sözügedən fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. Ona görə də, İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 3 saylı ev iddiaçının babası İddiaçı Cavad oğluna ayrılmış, sonuncu, xx.xx.1962-ci il tarixdə vəfat etmiş, həmin evin 1/3 hissəsi iddiaçının atası X4 tərəfindən miras əmlak kimi qəbul edilmiş, qalan 2/3 hissə isə açıq qalmışdır. İddiaçı isə atasından miras qalmış və onun tərəfindən faktiki qəbul edilmiş miras əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2023-cü il tarixli müraciət etsə də, həmin müraciətin icrası fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması səbəbindən mümkün olmamışdır. Hazırda iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən göstərilən maneənin aradan qaldırılmasını və bunun onlara qadağan edilməsini məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları, işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsində göstərilənlər məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq edilir və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına uyğun gəlir, ona görə də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-152.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 3 saylı evin 1/3 hissəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı zəruri olan bütün hüquqi hərəkətlərin icrasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneə törədilməsi onlara qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 3 saylı evin 1/3 hissəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı zəruri olan bütün hüquqi hərəkətlərin icrasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneə törədilməsi cavabdehlərə qadağan edilsin. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə verə bilərlər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar