Məhkəmə qərarları › İş №2(008)-3301/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3301/2024

24.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3301/2024 24.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X12 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Laçın rayon Qeydiyyat Şöbəsinə qarşı “övladlığa götürmənin qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Laçın rayon Qeydiyyat Şöbəsinə qarşı “övladlığa götürmənin qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun X5 övladlığa verilməyi və buna müvafiq olaraq soyad və ata adının “Ərizəçi” olaraq qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1969-cu il tarixində Laçın rayonunda anadan olmuşdur. Doğulduğu zaman Laçın rayon qeydiyyat şöbəsində tərtib edilmiş 46 nömrəli doğum haqqında akt qeydlərində uşaq qrafasında soyad, ad və ata adı bioloji valideyninin soyad və adına uyğun olaraq “X9” adı ilə qeydə alınmışdır. Daha sonra dayı X2 ailəsinə övladlığa verilmişdir. Bu faktdan sonra ona yeni doğum haqqında şəhadətnamə də verilmişdir. Həmin şəhadətnamədə soyad, ad və ata adım “Ərizəçi” olaraq qeyd edilmişdir. İlk dəfə şəxsiyyət vəsiqəsi aldığı zaman sözügedən şəhadətnaməni təqdim etmiş və şəxsiyyət vəsiqəsində soyad, ad və ata adı “Ərizəçi” olaraq qeyd edilmişdir. Ailə həyatı qurduqdan sonra soyadı həyat yoldaşının soyadına uyğun olaraq “Qədirova” soyadını qəbul etmiş, lakin həyat yoldaşı ilə aralarında olan nikah pozulduqdan sonra, Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş “Nikahın pozulması haqqında” şəhadətnamədə soyadı yenidən “Həsənova” olaraq dəyişdirilmişdir. xx.xx.2024-cü il tarixində əldə etdiyi AA******* seriyalı şəxsiyyət vəsiqəsində də soyad, ad və ata adı “Ərizəçi” olaraq qeyd edilmişdir. Hazırda doğum haqqında şəhadətnaməsi ona naməlum şəraitdə itdiyi ücün doğum haqqında şəhadətnaməni təkrar əldə etməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Laçın rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Laçın rayon Qeydiyyat Şöbəsi 3-16-5/8-15-Q-47/2024 nömrəli, xx.xx.2024-cü il tarixli X6 ünvanlanmış məktubda bildirilmişdir ki, təqdim olunan sənədlərdə uyğunsuzluq və ziddiyyət olduğu üçün xx.xx.1969-cu il tarixdə Laçın rayon Qeydiyyat şöbəsində tərtib edilmiş 46 nömrəli doğum haqqında akt qeydinə uyğun doğum haqqında şəhadətnamə verilməsi mümkün deyildir. İmtinanın səbəbi olaraq qeyd edilir ki, xx.xx.1969cu il tarixdə Laçın rayon Qeydiyyat şöbəsində tərtib edilmiş 46 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında soyad, ad və ata adı “X9” olaraq qeyd edilmişdir. Bu hal isə qeydlərlə onun təqdim etdiyi sənədlər arasında ziddiyyətlər yaratmaqdadır. Məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan notarial qaydada təstiq edilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X7 və X3 nikahı xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2024-cü ilin 03 ayının 02 günündə 144 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Qədirov, qadına Həsənova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-13007/2024 nömrəli, xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi Ağdam rayonu, Mahrızlı kəndində qeydiyyatda olmaqla xx.xx.2003-cü il tarixdə AZE-01218635 nömrəli, xx.xx.2010-cu il tarixdə AZE-08170385 nömrəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla xx.xx.2011-ci il tarixdə AZE-0994579 nömrəli, ünvan 2 8, İnzibati bina ünvanında qeydiyyatda olmaqla xx.xx.2019-cu il tarixdə AA-0429951 nömrəli, xx.xx.2024-cü il tarixdə AA-5773007 nömrəli şəxsiyyət vəsiqələri ilə sənədləşdirilmişdir. İş materiallarında olan X1 Reyestri Xidməti 3-16-5/4-13-3400/2024 nömrəli, xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, A.Vəliyevanın xx.xx.1969-cu ildə Laçın rayon qeydiyyat şöbəsində tərtib olunmuş 46 nömrəli doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən onun övladlığa götürülməsi barədə hər hansı qeydin olmadığı müəyyən edilmişdir. Həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən keçirilərkən də A.Vəliyevanın övladlığa götürülməsi haqqında hər hansı məlumat aşkar olunmamışdır. Müraciətlə əlaqədar A.Vəliyevanın doğumu haqqında akt qeydinin kserosurəti göndərilmişdir. İş materiallarında olan X1 Reyestri Xidməti 3-16-5/4-13-3585/2024 nömrəli, xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən A.Vəliyevanın övladlığa götürülməsi haqqında məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində bildirmişdir ki, Afət onun qızıdır və onu 3 yaşında sənədləşmə aparılaraq dayısına övladlığa vermişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun baldızının qızıdır və onu dayısına övladlığa verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilir ki, Ərizəçi, X5 övladlığa verilmişdir. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbyacan Respublikası Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. X1 itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təstiq edilmiş «Vətəndaşların vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar»la müəyyən olunur. «Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, X1 itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X1, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X1 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X1 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X1 dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1969-cu il tarixdə Laçın rayonunda doğulmuş Ərizəçi ögey atası X5 övladlığa verilməyi və buna müvafiq olaraq soyad və ata adının “Ərizəçi” olaraq qeyd edilmə faktının müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar