Məhkəmə qərarları › İş №2(008)-3316/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3316/2024

29.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3316/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 5 saylı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 5 saylı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qayınatası xx.xx.1934-cü il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, o, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.1989-cu il tarixində X9 ilə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar. Bildirir ki, həyat yoldaşı X9 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Həmin vaxtdan yoldaşının atası X10 ilə birlikdə yuxarda qeyd olunan evdə yaşamışlar. xx.xx.2024-cü il təvəllüdlü mərhum qayınatası X10 müxtəlif xəstəliklərdən əziyyət çəkmiş və müalicələr almışdır. Bir müddət əvvəl ünvan 1 ünvanındakı evi sataraq, Zabrat qəsəbəsində ev alıb orada yaşamışlar. xx.xx.1934-cü il təvəllüdlü mərhum qayınatası X10 xx.xx.2024-cü il tarixində yaşadıqları Sabunçu rayonu, Zabrat qəsəbəsindəki ünvanda vəfat etmişdir. O, dərhal təcili tibbi yardım çağırmış, lakin həkim gələnə kimi artıq qaynatası vəfat etmişdir. Mərhum qayınatası X1 rayonu, Hacıhətəmli kənd qəbirstanlığında dəfn edilmişdir. Təcili tibbi yardım xidmətinin əməkdaşı qaynatasının vəfatı barədə arayış vermişdir. Mərhum qaynatasının ölümü barədə tibbi arayışı almaq üçün qayınatasının vəfat etdiyi ərazi üzrə Zabrat qəsəbəsi 21 nömrəli şəhər poliklinikasına müraciət etmiş, lakin həmin yerdən ona qayınatasının ölümünə dair həkim tibbi arayışının verilməsinin mümkün olmadığını bildirmişlər. Bundan sonra Bakı 5 saylı “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə ölüm haqqında şəhadətnamə verilməsi üçün müraciət etmiş, lakin ölüm kağızı verməmiş, ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Vəfat edən şəxsin 1-ci dərəcəli qohumları ölüm haqqında şəhadətnamə almaq istəməmişlər. Həyat yoldaşı vəfat etdiyi üçün o, qaynatasının ölüm haqqında şəhadətnaməsini almaq məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri 5 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin nümayəndəsi ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşının arvadıdır. Mərhum atası X10 yaşlı idi, 3 ilə yaxın olardı ki, yataq xəstəsi olmuşdur. O, xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsində vəfat etmişdir. Ölüm xəbərini ərizəçidən eşitmişdir. Onlara gedəndə atası artıq vəfat etmişdir. Mərhum atası öldüyü gün İsmayıllı rayonu, Hacıhətəmli kənd qəbristanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, ərizəçinin oğludur. Mərhum babası X10 yaşlı idi, yaşlı ilə bağlı xəstə idi, yeriyə bilmirdi. Mərhum xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsində vəfat etmiş, həmin tarixdə də İsmayıllı rayonu, Hacıhətəmli kənd qəbristanlıqda dəfn olunmuşdur. O, mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını, həmçinin fotoşəkili araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AA ******* seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1934-cü il tarixdə doğulmuşdur. - xx.xx.1989-cü il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, həmin tarixdə Ərizəçi X9 ilə nikaha daxil olmuşlar. - xx.xx.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə dəqiqləşdirilməmiş beyindaxili qansızma səbəbindən vəfat etmişdir. - Bakı şəhəri Təcili və X4 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xidmət edən 12 saylı bölmənin təcili tibbi yardım briqadasının əməkdaşları həmin tarixdə, saat 09:55 radələrində Zabrat qəsəbəsi, Şəfayət Mehdiyev küçəsində yerləşən fərdi yaşayış evində 90 yaşlı kişi cinsli meyit aşkarlamışlar. - İsmayıllı Rayon İcra Hakimiyyəti başçının Hacıhətəmli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024 tarixli 124 saylı arayışından məlum olur ki, X10 xx.xx.2024-cü ildə vəfat etmiş və həmin tarixdə İsmayıllı rayonu, Hacıhətəmli kənd qəbristanlıqda dəfn edilmişdir. - Azərbaycan Respublikası TƏBİB Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxs “21 nömrəli şəhər poliklinikası”nın xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1934-cü il təvəllüdlü X7 oğlunun poliklinikaya müraciəti və ambulator kartı olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün olmamışdır. - 5 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X5 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi qayınatası X10 xx.xx.2024-cü il tarixdə yaşadıqları Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən evdə vəfat etmişdir. Sənədləşmə işlərinin aparılması ilə bağlı qayınatasının ölümünü təsdiq edən sənəd tələb olunduğundan, mərhumun öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1934-cü il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar