Məhkəmə qərarları › İş №2(008)-3328/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3328/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3328/2023 03.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 4147,20 (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Bundan başqa, ünvan 2 ünvanında fərdi yaşayış evi var. Həmin ünvanda da təbii qazdan istifadəyə görə abonent istifadəçisidir. Abonent kodu **********10000-dir. Sayğac isə küçədə quraşdırılıb və xüsusi mühafizə olunmur. Həmin ünvanda daimi yaşayış olmur. Belə ki, o, iş fəaliyyəti ilə əlaqədar mütamadi olaraq ölkə hüdudlarından kənarda olur. Ailə üzvləri isə ünvan 1 ünvanında yaşamışlar. xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında quraşdırılmış sayğacı onun iştirakı və məlumatı olmadan çıxarılmış, əvəzində Zenner G4 markalı elektron sayğac quraşdırmışlar, bununla bağlı, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Ünvana quraşdırılan sayğac elektron sayğac olduğundan karta pul yükləməklə təbii qazdan istifadə edilir. Bu yaxınlarda ona əsassız olaraq borc yazıldığı məlum olmuşdur. Bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti əsasında ona cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edildi. Ona təqdim edilmiş sənədlərə əsasən barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Akta əsasən sayğaca baxış keçirilərkən sayğacın göstəricisinin 2332 m3 geri çəkildiyi göstərilmişdir. Dəymiş ziyanın bərpasına dair 28 fevral 2023-cü il tarixli tələbnamədə isə xx.xx.2023- cü il tarixli ******* saylı akta istinad edilmişdir. Belə bir akt isə ümumiyyətlə mövcud deyil. Həmin akt əsasında dəymiş ziyanın hesablanması göstərilmişdir. Üstəlik, həmin aktı imzalamaqdan imtina etməsi göstərilmişdir. Halbuki, bəhsi keçən aktdan onun xəbəri bu vaxta qədər olmayıb və yalnız cavabdeh təşkilata müraciət etdikdən sonra bu barədə məlumat əldə etmişdir. Sözügedən akt tamamilə əsassız və saxtadır. Yuxarıda da qeyd etdiyi kimi, sayğacın çıxarıldığı zaman həmin ünvanda yaşayış olmadığından sayğaca hər hansı bir pul vəsaiti yüklənməyib. Sayğac xüsusi mühafizə altında olmayıb, küçədə quraşdırılıb. Bəlkə, elə sayğacda göstərilən qüsurlar sayğacı çıxaran zaman Cavabdeh İB-nin əməkdaşları tərəfindən edilmişdir?! Küçədə kənar şəxs tərəfindən də sayğaca hər hansı bir kənar təsi ola bilərdi. Cavabdeh onun tərəfindən sayğaca təsir edildiyini sübut etməli idi. Halbuki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilərkən istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və itirilmiş təbii qazm dəyərinin hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Çünki, bu akt yalnız cavabeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki onun, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Buna görə də onun qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür. Cavabdehin ona təqdim etdiyi aktdan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti istehlakçıya təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Dəymiş ziyanın bərpasına dair qəbul olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, aparılmış hesablamalar 24 saat müddətinə olmaqla 360 gün müddətləri üçün hesablanmışdır. Halbuki, həmin evdə yaşayış olmamışdır. 24 saat müddətinə hesablamaların aparılmış olması o deməkdir ki, 8 saat iş saatı və eləcə də gecə yatarkən də (8 saat yuxu rejimi) evdə məişət qaz qurğusu daimi açıq olmuş və təbii qaz istehlak edilmişdir. 360 gün müddəti üçün isə təbii qazdan qanunsuz istifadə edilmiş olunmasına dair tələbnamənin qəbul edilməsi hər hansı bir normativ hüquqi akta əsaslanmır. Barəsində tərtib olunmuş akta münasibətdə ona məxsus evdə istifadə etmədiyi qaz qurğularına görə 24 saatlıq müddət ilə qanunsuz şəkildə təbii qaz istehlak etmiş olmasına dair tərtib olunmuş tələbnamə əsasında müəyyən edilmiş həmin sərfıyyat məbləğləri əsaslı qiymətləndirilə bilməz və cərimə borcları qanuni sayıla bilməz. Yəni, dəymiş ziyanın hesablanması ilə bağlı orta günlük iş rejiminin 24 saat müəyyən edilməsi də əsaslandırılmalıdır. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Şurasının xx.xx.2011 -ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Tərtib edilmiş əsassız akt ucbatından ona 4147,20 manat borc yazılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etmədi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının evində quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacın göstəricisinin 2332 kub metr geri çəkildiyi aşkar olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyanın həcmi 34560 kub metr müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə 2023-cü ilin fevral ayında 4147.20 manat məbləğində zərər hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Kürdəxanı qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünr ki, İddiaçı Kürdəxanı qəsəbəsi Ağaverdiyev küçəsi ev 4 döngə 1 ünvanında pasport qeydiyyatındadır və həmin ünvanda yaşayır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının evində quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli xx.xx.2017-ci il tarixli aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış qaz sayğaçı çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın göstəricisinin 2332 kub metr geri çəkildiyi aşkar olunmuşdur. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 4147.20 manat tələb edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna borc əsassız olaraq hesablanmışdır. Belə ki, iddiaçıya məxsus evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır. Belə olan halda isə həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericiliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, küçədə quraşdırılmış və işlək vəziyyətdə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Bundan başqa, cavabdeh tərəfindən tərtib edilmiş akt qanunvericiliyin sadalanan normalarının tələblərinə zidd olaraq, iddiaçı tərəfindən imzalanmamış, akt cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir ki, bu da yuxarıda adıçəkilən qaydaların 6.7-ci bəndinə ziddir. Həmin bəndə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********10000 saylı abunə koduna hesablanmış 4147.20 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 61.47 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********10000 saylı abunə koduna hesablanmış 4147.20 manat məbləğində borc silinsin. Cavabdehndən 61.47 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar