Məhkəmə qərarları › İş №2(008)-3335/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3335/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3335/2023 25.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış və hazırda mövcud olan 684,50 manat məbləğində borcun silinməsi, 125,50 manat məbləğində pulun Cavabdehndən tutularaq iddiaçıya ödənilməsinə dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda təbii qazdan istifadəyə görə abonent kodu mərhum həyat yoldaşı X3 adına olmuşdur. Həyat yoldaşı X5 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Həyat yoldaşının vəfatından 6 gün sonra cavabdehlə qazın alqı satqısı barədə müqavilə bağlanmış, müqavilədə alıcı kimi mərhum həyat yoldaşı göstərilmiş, elə həmin tarixdə də, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2016-cı il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Abonent kodu **********00010-dur. Həyat yoldaşının vəfatından sonra abonent kodu iddiaçının adına keçirilmişdir. Ünvana quraşdırılan sayğac elektron sayğac olduğundan kaıta pul yükləməklə təbii qazdan istifadə edilir. Bu yaxınlarda karta pul yüklədiyi zaman yüklənən puldan tutulma aparılmasını görmüşdür. Bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmiş, müraciəti əsasında cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edilmişdir. Həmin sənədlərə əsasən, iddiaçı barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən, guya mənzildə təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə aşkarlanmışdır. Həmin akt əsasında, dəymiş ziyanın hesablanması göstərilmişdir. Lakin həmin akt tamamilə əsassızdır. Bundan başqa, iddiaçı əgər 2019-cu ildə təbii qaz xəttinin talanmasını aşkar etmişdirsə, bəs nəyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı. Abonent saldosuna baxdıqda da aydın şəkildə görünür ki, iddiaçının 2020-ci ilin noyabr ayına kimi borcu olmadığı halda, 2020-ci ilin noyabrında birdən-birə 810 manat borcunun olduğu göstərilir. Əsassız akt xx.xx.2019-cu il tarixdə tərtib edilmişdirsə, akt əsasında hesablanmış borc 1 il 7 ay sonra hesaba yazılmışdır? Sözügedən akt tərtib edilərkən istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Əvvəla, bu akt məhz sayğaca müdaxilə edilməsini, yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsini bilavasitə təsdiq etmir. Çünki, bu akt yalnız cavabeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Tərtib edilmiş əsassız akt ucbatından iddiaçıya 810 manat məbləğində borc yazılmışdır. Karta pul yükləməklə faiz tutulmaları aparılmış, nəticədə hazırda 684,50 manat borc qalmışdır. (810- 684,50=125,50). İddiaçıdan əsassız tutulmuş 125,50 manat pul da cavabdehdən tutularaq ona qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X4 iddianı qəbul etmədi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını təhqiq edib, hesab edir ki, iddia edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ünvan 2 ünvanında abonent kimi **********00010 abonent kodu ilə Cavabdeh İB tərəfindən qeydiyyata alınmışdır. Həmin ünvana dair 22948 №-li «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» xx.xx.2016-cı il tarixində iddiaçı əri X5 ilə bağlanılmış kimi rəsmiləşdirilmiş, abonent X3 imzası ilə təsdiq edilmiş, halbuki X5 xx.xx.2016-cı il tarixdə, yəni müqavilənin tərtitibatından 6 gün əvvəl ölmüşdür (4 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 829247 №-li ölüm haqqında şəhadətnamə). Həmin müqavilədə qaz qurğuları qeyd olunmamışdır. Hazırda iddiaçının adına olan saldodan evdə ancaq 4 gözlü qaz plitəsindən istifadə edildiyi görünür. İddiaçı barəsində xx.xx.2019-cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən sayğacdan kənar qeyri-qanuni qaz xətt aşkar olunmuş, qaz işlədiyicilərinə daxil borunun en kəsiyindən keçən qazın maksimal saatlıq qaz sərfini 2,5 kub metr saatda, orta günlük iş rejimi 18 saat və hesabt dövrü 180 manat götürülməklə, 8100 kub metr itirilmiş sərfiyyat və buna görə 810 manat zərər hesablanmış və abonentin saldosuna yerləşdirilmişdir. Cavabdeh tərəfindən akta fotoşəkil əlavə edilmişdir. Həmin fotoşəkildən hansısa qaz trubasına nazik bir borunun əlavə edildiyi görünür. Abonentin saldosundan görünür ki, iddiaçının ödədiyi məbləğlərdən həmin zərərə görə 125,5 manat pul silinmişdir. Hazırda iddiaçı 684,50 manat məbləğində borcun silinməsi və 125,50 manat məbləğində pulun ona ödənilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 №-li xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İddiaçı onun tərəfindən kənar xəttdən istfadə etmədiyi bildirilmiş, cavabdeh tərəfindən bir qeyri-müəyyən fotoşəkildən başqa heç bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən kənar xəttin möcudluğu sübuta yetirilməmişdir. Bundan başqa, Qaydalardan göründüyü kimi, zərərin məbləği hesablanaraq, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) nəzərə alınmalıdır. Cavabdehin əməkdaşları tərəfindən istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri barədə məlumatları olduğu halda, Qaydalarda nəzərə tutulmayan üsulla hesablama aparılmışdır. Bundan başqa, ümumiyyətlə iddiaçı ilə cavabdehin arasında olan münasibətlərin özəyini yaradan müqavilə formal olaraq bağlanmış, belə ki, qeyd edildiyi kimi, həmin müqavilə ölmüş şəxsin adından tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 684,50 manat məbləğində borc abonent kodundan silinməli, 125,50 manat məbləğində pul iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 684,50 manat məbləğində borc **********00010 abonent kodundan silinsin, 125,50 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar