Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-334/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Bakı Neft Qaz X4” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Bakı Neft Qaz X4” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədər son haqqhesabın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və ona ödənilməmiş 1870 manat əmək haqqının “Bakı Neft Qaz X4” QSC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, “Bakı Neft Qaz X4” QSC-nin direktoru ilə razılığa gələrək zavodda gününə 30 manat ödənilməsi şərti ilə qaynaqçı işləməyə başlamışdır.O, həmin zavodda qaynaqçı işləməsinə baxmayaraq cavabdeh onu zavoda çilingər kimi rəsmiləşdirmiş və onun əmək müqaviləsində peşəsinin adı çilingər kimi yazmışdır. Bu minvalla o, 2017-ci ilin sentyabr ayından işləməyə başlamış, sentyabr ayı üçün 80, oktyabr ayı üçün 25 gün işləyərək 750 manat, noyabr ayı üçün 24 gün işləyərək 720 manat, dekabr ayı üçün 23 gün işləyərək 575 manat pul almalı idi. 2018-ci ildən isə günü 25 manatdan pul ödənilməli olduğu üçün Yanvar ayında 18 gün işləyərək 450 manat, Fevral ayı üçün 20 gün işləyərək 500 manat, Mart ayında 20 gün işləyərək 500 manat, Aprel ayında 22 gün işləyərək 550 manat, May ayı üçün 20 gün işləyərək 500 manat, İyun ayı üçün 18 gün işləyərək 450 manat, İyul 22 gün işləyərək 500 manat, Oktyabr ayı üçün 21 gün işləyərək 525 manat olmaqla ümümilikdə 7150 manat pul almalı idi. Lakin, ona bu dövr ərzində cəmi 5280 manat əmək haqqı ödənilmiş, qalan 1870 manat pul vəsaiti ödənilməmişdir. O, bu şərtlərlə 2018-ci ilin oktyabr ayına qədər işləmiş direktordan ona verilməli olan əmək haqqını tələb etdikdə direktor ona əmək haqqını verməkdən imtina etmiş, onu işdən çıxarmışdır. Bundan sonra o, Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsinin Nazirliyinə məlumat vermiş, onun “Bakı Neft Qaz X4” QSC-də əmək hüquqlarının pozulması barədə müraciətinə Dövlət Əmək Müfəttişliyi Xidmətinin 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baxılmışdır. Araşdırma zamanı “Bakı Neft Qaz X4” QSC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, cəmiyyətlə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilsə də, son haqqhesabı əmək məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun sonuncu iş günü işə götürülən tərəfindən ona ödənilməmişdir. Bununla bağlı cəmiyyətin direktoru barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi “Bakı Neft Qaz X4” QSC tərəfindən ona 1870 manat əmək haqqı və eyni zamanda son haqq-hesabı əmək məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun sonuncu iş günü ona ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, iddiaçı işdən çıxarılan zaman sonuncu haqq-hesabı edilmiş və heç bir əməkhaqqı borcu qalmamışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “Bakı Neft Qaz X4” QSC-də qaynaqçı peşəsinə 1 il müddətinə işə qəbul edilmişdir. - Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsinə dair bildirişdən görünür ki, İddiaçı peşəsi dəyişillərək çilingər vəzifəsinə təyin edilmiş və əmək haqqı 211 manat müəyyən edilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 68.a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. - İşçilərin yerinə yetirilməsi və ya xidmətlərin göstərilməsi haqqında xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı “Bakı Neft Qaz X4” QSC-də qaz qaynaqçısı vəzifəsini yerinə yetirməsi barədə razılığa gəlmişdir. - “Bakı Neft Qaz X4” QSC tərəfindən İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə cəmi 5150 manat məbləğində əmək haqqı ödənilmişdir. - “Bakı Neft Qaz X4” QSC-nin işçilərinin 2017-2018-ci illər üzrə son haqq-hesab əmək haqqı ödəniş cədvəlindən görünür ki, İddiaçı 400 manat məbləğində ödəniş edilmişdir. - xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, İddiaçı “Bakı Neft Qaz X4” QSC-yə müraciət edərək xx.xx.2018-ci il tarixdən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. -xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, İddiaçı “Bakı Neft Qaz X4” QSC-yə müraciət edərək onu xx.xx.2017-ci il tarixdən QMYS-yə qaz qaynaqçısı vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. - “Bakı Neft Qaz X4” QSC-nin xx.xx.2017-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı qaz qaynaqçısı vəzifəsini yerinə yetirilməsi ilə bağlı 6 ay müddətinə işə qəbul edilmişdir. - “Bakı Neft Qaz X4” QSC-nin xx.xx.2018-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xx.xx.2018-ci il tarixindən işdən azad edilmişdir. - “Bakı Neft Qaz X4” QSC-nin xx.xx.2018-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək istehsalatın aşağı olması illə əlaqədar olaraq 1 ay müddətinə ödənişsiz məzuniyyət verilmişdir. - “Bakı Neft Qaz X4” QSC-nin xx.xx.2018-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək istehsalatın aşağı olması illə əlaqədar olaraq 1 ay müddətinə ödənişsiz məzuniyyət verilmişdir. - “Bakı Neft Qaz X4” QSC-nin xx.xx.2017-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı “Bakı Neft Qaz X4” QSC-də 1 il müdətinə qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir. - Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı qaynaqçı vəzifəsinə təyin edilmiş və əmək haqqısı 211 manat müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 9/418 saylı ekspert rəyindən görünür ki, iddia ərizəsində qeyd edilən məbləğlərdə əmək haqqının verilməsi iş materiallarında olan əmək müqavilələrində öz əksini tapmamışdır. Təqdim edilmiş iş materiallarında əmək haqqı barədə arayışlar, bank hesabından arayış, son haqq-hesab vərəqəsi və.s öz əksini tapmışdır ki, həmin sənədlər nəzərə alındıqda işçiyə əmək müqaviləsində nəzərdə tutulan əmək haqqı məbləği, arayışda öz əksini tapmışdır ki, həmin sənədlər nəzərə alındıqda işçiyə əmək müqaviləsində nəzərdə tutulan əmək haqqı məbləği, arayışlarda öz əksini tapmış avans məbləği və son haqq-hesab üzrə ödənilməli olan məbləğlər ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, 2017-ci ildən İddiaçı “Bakı Neft Qaz X4” QSC-də qaz qaynaqçısı vəzifəsini yerinə yetirmiş, əmək haqqı 211 manat təşkil etmişdir. Sonradan onunla bağlanan əmək müqaviləsinə dəyişiklik edilmiş, iddiaçı “çilingər vəzifəsinə keçirilmiş” və əmək haqqı 211 manat olmuşdur. xx.xx.2018-ci il tarixdə İddiaçı işlədiyi vəzifədən öz xahişi ilə işdən azad edilməsini xahiş etmiş, işdə çıxarılarkən ona 2017-2018-ci illər üzrə son haqq-hesab olaraq 400 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin ə) bəndinə əsasən ə) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək işçinin əsas hüquqlarıdır. Həmin Məcəlləsinin 51.1-ci madəsinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəlləsinin 61.1-ci maddəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Həmin Məcəllənin 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 2-ci bəndində əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəlləinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra, iddiaçıya son haqq hesab üzrə ödənilməli məbləğ ödənilmişdir. Belə ki, bu məhkəmə tərəfindən təyin olunmuş ekspertiza rəyi ilə də müəyyən edilmişdir. İddiaçı ona ödənilməmiş 1870 manat əmək haqqının ödənilməsini tələb etsə də, məhkəmə araşdırılması zamanı o, həmin məbləğin necə yarandığını əsaslandıra bilməmiş, sübut kimi yalnız özünün tərtib etdiyi əlyazmanı təqdim etmişdir ki, bu da məhkəmə üçün sübut hesab edilə bilməz. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddiada qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən-hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Bakı Neft Qaz X4” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-334/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-334/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver