Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3397/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı1, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 oğlu, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Mehman oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə və fərdi yaşayış evindən istifadə qaydalarının məyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh qarşı “mənzilə köçürülmə və mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinə köçürülməyi, yaşayiş sahəsində istifadə qaydasının müəyyən edilməsi, mənzildən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianın predmetinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvandaki yaşayış sahəsinə köçürülməsi, fərdi yaşayış evindən istifadə qaydasının müəyyən edilməsi, fərdi yaşayış evinin üçüncü şəxslərin istifadə qaydasının müəyyən edilməsi, fərdi yaşayış evinin üçüncü şəxslərin istifadə və sahibliyinə verilməsinə Cavabdeh qadağan edilməsi və fərdi yaşayış evindən istifadəyə manelərin Cavabdeh və digər şəxslərə qadağan olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında bildirdi ki, Cavabdeh ilə xx.xx.2013-cü ildə nikaha daxil olmuş, həmin nikahdan uşaqları olmamışdır. Cavabdeh ona xəyanət etdiyi üçün nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bununla əlaqədar ona xx.xx.2021 -ci il tarixli boşanma haqqında şəhadətnamə verilib. O, hələ cavabdehlə nikaha girməzdən əvvəl ünvan 2 ünvanda fərdi yaşayış sahəsi tikdirmişdir, orada yaşamaqla oraya pasport qeydiyyatına alınmışdır. Qeyd olunan mənzilə pasport qeydiyyatına alınmaqla onun həmin yaşayış sahəsindən istifadə hüququ faktiki olaraq tanınmışdır. Cavabdehin onun mənzilinə heç bir hüququ yoxdur, onunla nikahda olarkən orada yaşamasına əsası olsa da, nikah pozulduqdan sonra onun mənzilində qalıb yaşamasına heç bir nə qanuni, nə də ki mənəvi haqqı qalmamışdır. Cavabdehdən boşandıqdan sonra mənzilini tərk edib getməsini tələb etsə də, bunu könüllü şəkildə etməkdən imtina etmişdir. Halbuki, onun bundan sonra da yüngül həyat tərzi keçirərək onun yanında qalması qətiyyən qəbul edilməzdir, cavabdehin mənzilinə pasport qeydiyyatı da yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı tərəf evin kimdən nə vaxt hansı məbləğdə vəsait hesabına almasına dair sübutları təqdim etmişdir. Belə ki, xx.xx.2013-cü il tarixli evlərin alqı-satqı müqaviləsindən də görünür ki, iddiaçı mübahisəli mənzili sənədsiz olsa belə vəsaiti hesabına əldə etmiş, pasport qeydiyyatına alınmaqla sahiblik və istifadə hüququ əldə etmişdir. Bundan sonra, yəni xx.xx.2013-cü il tarixdə cavabehlə nikaha daxil olmuşdur. Ev özbaşına tikili olsa da, iddiaçı həmin tikiliyə öz vəsaitini xərcləmiş, tikintiyə xərc çəkmişdir. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Bundan başqa mübahisəli ev iddiaçı və cavabdehin nikaha daxil olmalarından daha əvvəl iddiaçı tərəfindən alınmış, cavabdeh nikahdan sonra 2013-cü ilin sentyabrında oraya köçmüş, evin tikilməsində, yaxud cari təmirində hər hansı şəkildə iştirak etməmiş və tikintiyə sərf olunmuş materiallar üzərində hər hansı hüquq əldə etməmiş, tərəflərin ailə münasibətləri 2021-ci ildə pozulmuş, lakin cavabdeh evi tərk etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini qəbul etməyərək hal-hazırda faktiki olaraq evdə cavabdehin yaşadığını, kommunal xərclərin cavabdeh tərəfindən ödənildiyini, həmin evin cavabdehə və onun ailə məxsus olduğunu bildirərək iddianı rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən – tikiliyə köçürülmə hissədə təmin edilməli, qalan hissədə - fərdi yaşayış evindən istifadə qaydasının müəyyən edilməsi, fərdi yaşayış evinin üçüncü şəxslərin istifadə qaydasının müəyyən edilməsi, fərdi yaşayış evinin üçüncü şəxslərin istifadə və sahibliyinə verilməsinə Cavabdeh qadağan edilməsi və fərdi yaşayış evindən istifadəyə manelərin Cavabdeh və digər şəxslərə qadağan olunmasına dair hissədə rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin mübahisəli tikili ilə bağlı münasibətləri 2013-cü ildə yaranmışdır. Tərəflər xx.xx.2013-cü il tarixdə nikah bağlamışlar və bu nikahdan övladları olmamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuşdur. Tərəflər nikaha daxil olduqdan sonrakı zamanda mübahisəli tikilidə yaşamaqla birgə təsərrüfat aparmışlar. Cavabdeh hazırda mübahisəli tikilidə yaşasa da iddiaçı mübahisəli tikilidə yaşamır, cavabdeh idiaçının həmin tikilidə yaşamasına etirazını bildirir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli tikili özbaşına tikili stastusunda olmaqla üzərində tərəflərin və ya hər hansı üçüncü bir şəxsin hüquqları qeydə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, özbaşına tikililərə münasibətdə köçürülmə, çıxarılma, istifadə qaydasının müəyyən edilməsi və s. mübahisələri tənzimləyən konkret hüquq norması olmadığından hazırki mübahisə qanunun analogiyası tətbiq edilməklə həll edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MM-nin 11.1.-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarına görə “yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 30.4-cü madəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Həmin Məcəllənin 190-cı maddəsinə görə daşınar əşyanın torpaq sahəsi ilə bağlılıq tərzi onu həmin sahənin tərkib hissəsinə çevirmişsə, bu Məcəllənin 135.10-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin mülkiyyətçisi eyni zamanda həmin əşyanın da mülkiyyətçisi olur. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 181.1-ci maddəsinə görə daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İşin mübahisəsiz halıdır ki, hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla tərəflərin əmlak hüquqlarının bir hissəsinə çevrilə bilər. Başqa sözlə, iddiaçının və cavabdehin həmin ev üzərində mülkiyyət haqları yaranmasa da, sübut oldunduğu təqdirdə onların həmin evlə bağlı sahib olduqları əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. Sadalanan qanunvercilik normalarından göründüyü kimi iddiaçının tələbinin “köçürülmə” hissəsi istisna olmaqla digər - “fərdi yaşayış evindən istifadə qaydasının müəyyən edilməsi, fərdi yaşayış evinin üçüncü şəxslərin istifadə qaydasının müəyyən edilməsi, fərdi yaşayış evinin üçüncü şəxslərin istifadə və sahibliyinə verilməsinə Cavabdeh qadağan edilməsi və fərdi yaşayış evindən istifadəyə manelərin Cavabdeh və digər şəxslərə qadağan olunmasına dair” hissədə təmin edilməsi üçün iddiaçı mübahisəli evə dair hüquqmüəyyən edici sənədlərin mövcudluğunu, hüquqlarının müvafiq qaydada qeydiyyata alındığını, həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, tikilinin yalnız onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud, birgə nikah dövründən əvvəl, ümumi əmlak hesabına deyil, öz vəsaiti hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları nikahdan əvvəl əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında şəxsən və tək iştirak etdiyini sübut etməli idi. Lakin, iddiaçı məhkəməyə nəinki belə sübutlar təqdim etməmiş, əksinə, həmin halların mövcud olması məsələsini qaldırmamış, cavabdehlə 2013-cü il tarixdən bəri ər-arvad kimi mübahisəli tikilidə yaşadığını etiraf etmişdir. Mübahisəli ev özbaşına tikili olsa da, qəbuledilən haldır ki, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.sair hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Qeyd olunan və iddianın əsaslılığına xidmət edən halların sübut edilməsi vəzifəsi iddiaçının üzərinə düşür ki, məhkəmə araşdırması zamanı iddiaçı tələbinin əsası kimi istinad etdiyi bu halları sübut edə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı mübahisəli evdə cavabdehlə birgə yaşamış, təsərrüfat aparmışdır, cavabdeh hazırda həmin evdə yaşasa da iddiaçı orada yaşamır, cavabdeh iddiaçının evdə yaşamasına razı deyildir. Həmçinin, cavabdeh iddiaçının mübahisəli evə köçürülüməsinə etirazını bildirsə də onun adına mübahisəli evə dair hüquqmüəyyənedici sənədlərin mövcudluğu, hüquqlarının müvafiq qaydada qeydiyyata alınması, həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların olması, tikilinin yalnız onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud, birgə nikah dövründən əvvəl, ümumi əmlak hesabına deyil, öz vəsaiti hesabına inşa edilməsi, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları nikahdan əvvəl əvəzli əldə etməsi, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında şəxsən və tək iştirak etməsi halları da müəyyən edilməmişdir. İddianın köçürülümə hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin hissədə tələb qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində təsbit olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Hazırki iş üzrə köçmək istədiyim yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar olmadığından onların mənə qarşı törətdiyi məhrumetmə (evdə yaşamağıma mane olma) qanunsuzdur. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq mənim ən az cavabdehlər qədər mübahisəli tikilidən yararlanmaq hüququm vardır. Bu yanaşmanın əksi, yəni mənim tikiliyə köçürülməyimdən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “O.X1rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)”. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evdə yaşamasına cavabdeh tərəfindən maneə yaradılması “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından mənzil hüququna müdaxilə kimi qiymətləndirilməli və o mübahisəli evə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı1 ünvan 1 ünvanında olan fərdi yaşayış evinə köçürülsün. 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-3397/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3397/2023
01.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver