Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3408/2020 23.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «xxxx» ASC-nin Sabunçu rayon X7 tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli NDM № 015699 saylı aktın etibarsız hesab edilməsi və həmin akt üzrə müəyyən edilmiş 464,27 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci Ramana yaşayış sahəsi ünvanında fərdi yaşayış evində yaşayır. Bakı Elektrikşəbəkə ASC ilə aralarında xx.xx.2014-cü il tarixdə "Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli" müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən xx.xx.2014-cü il tarixdə 17193749M490068 nömrəli sayğac quraşdırılmışdır. Elektrik sayğacının göstəricilərinə əsasən istifadə etdiyi elektrik enerjisinin dəyəri tərəfindən vaxtı-vaxtında ödənilmişdir. Buna baxmayaraq 2020-ci ilin fevral ayında «xxxx» ASC-nin Sabunçu rayon X9 tərəfindən fərdi yaşayş evinə elektrik enerjisinin verilməsi dayandırılmış və bildirilmişdir ki, enerji sərfiyyatına görə 464,27 manat borc yaranmışdır. Borcun yaranması onunla əlaqələndirilmişdir ki, elektrik sayğacının düzgün işləməməsi səbəbindən onun dəyişdirilməsinə dair xx.xx.2019-cu il tarixdə yaşadığı ünanda onun iştirakı və məlumatı olmadan akt tərtib olunmuşdur. Bununla da onun istehlakçı hüququ pozulmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddianı qəbul etmədi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə Bakı Elektroşəbəkə ASC arasında xx.xx.2014-cü il tarixdə "Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli" müqaviləsi bağlanmışdır İş materiallarında olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin 18.02. 2019-cu il tarixli, NDM № 015699 saylı aktından görünür ki, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının iştirakları ilə İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci Ramana yaşayış sahəsi ünvanında fərdi yaşayış evində yoxlama keçirən zaman abonentə məxsus elektrik sayğacının sxemdən keçən yükü qəbul etməməsi, impuls lampasının vurmaması, elektron baxış tablosunun oxunmaması aşkar edilmişdir. Sayğacın çıxarılması və yenisi ilə əvəz edilməsi qərara alınmışdır. Abonentə yeni sayğac xx.xx.2019-cu il tarixdə quraşdırılmışdır (abonentin saldosu). Beləliklə, iddiaçının mənzilinə işıq 7 ay ərzində (2019-cu ilin fevral ayından avqust ayına kimi) sayğacdan kənar verilmişdir. İş materiallarında olan «xxxx» ASC-nin Akt Komissiyasının sədri tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci Ramana yaşayış sahəsi ünvanında fərdi yaşayış evində yoxlama zamanı sayğacın sxemdən keçən yükü qəbul etməməsi, impuls lampasının vurmaması qusuru müəyyən olunmuş, enerji sərfinin miqdarı (1,2 kvt x (0,7) x 24 saat x 222 gün) - 540 kvts = 3935 kvts, tarif (0,07manat) - 1680 tkvts =117,60 manat, tarif (0,11 manat) -2255 kvts = 248,05 manat, cəmi 365,65 manat hesablanmışdır (əsas: 18.02. 2019-cu il tarixli, NDM 015699 №-li Akt). İddiaçı akt üzrə hesablanmış məbləği 464,27 manat yazsa da ona hesablanmış məbləğ 365,65 manat olmuşdur. Saldodan da 365,65 manat akt üzrə hesablanmış məbləğ görünür. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İşin materiallarında olan 18.02. 2019-cu il tarixli, NDM № 015699 saylı aktdan da göründüyü kimi sayğac çöldə quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı sayğacdakı qüsura görə məsuliyyət daşımasa da, onun mənzilinə 7 ay ərzində işıq verilmişdir və orta hesabla o, həmin işığın ödənişini etməyə borcludur. Məhkəmə saldo üzrə ən az olan 15 manat ödənişi əsas götürərək hesab edir ki, 7 ay üzrə iddiaçı 105 manat istifadə etdiyi işığa görə ödəniş etməlidir, yəni iddia 105 manat hissədə rədd edilməlidir. Eyni zamanda akt üzrə 365,65 manat hesablansa da, iddiaçı 464,27 manatın silinməsini xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, akt üzrə hesablanmış 365,65 manatın 260,65 manatı silinməli, 105 manatı iddiaçı tərəfindən ödənilməlidir. Eyni zamanda iddia aktın etibarsız hesab edlməsi hissəsində də rədd edilməlidir. Belə ki, həmin aktın etibarlılığı şübhə doğurmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış borclar silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. «xxxx» ASC-nin Sabunçu rayon X7 tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli NDM 015699 №-li akt üzrə hesablanmış 260,65 manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3408/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3408/2020
23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver