Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3442/2021 02.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən hesablanmış 486 manat məbləğində borcun slinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04.04.2019-cu il tarixdə sayğacların yenilənməsi ilə əlaqədar mülkiyyətçisi olduğu ünvan 1 ünvanında olan sayğac Cavabdeh İB-nin nümayəndəsi tərəfindən çıxarılaraq yeni tipli qaz sayğacı ilə əvəzlənmiş və bu barədə akt tərtib edilmişdir. Lakin, təxminən 2020-ci ilin sonlarından etibarən, əvvəlki sayğac çıxarıldıqdan təxminən il yarım müddət keçdikdən sonra qaz yükləmək istədikdə yüklənilən məbləğin bir hissəsinin silindiyinin şahidi olmuşdur. Bununla əlaqədar aidiyyəti Qaz idarəsinin əməkdaşları ilə əlaqə yaratdıqda ona guya əvvəlki qaz sayğacına onun tərəfindən müdaxilə olunduğundan yüklənən məbləğin bir hissəsini silindiyi barədə absurd cavab verilmişdir. İddiaçı sözsüz ki, qaz idarəsinin əməkdaşlarının dedikləri ilə qətiyyən razı deyil. Çünki əvvəlki qaz sayğacı olan dövrdə istifadə etdiyi qaza görə ödədiyi məbləğlərin çıxarışına baxılsa görülər ki ki, köhnə sayğac olan dövrdə indi yüklənən məbləğdən daha çox məbləğ ödəmişdir. X1 əməkdaşlarının dediyi kimi sayğaca müdaxilə olunsaydı, bu fərq ödəniş qəbzlərində mütləq özünü göstərməli idi. Sayğac dəyişdiriləndən bir il yarımdan çox müddət keçdikdən sonra ödənilən məbləğlərin bir hissəsinin hər hansı bir əsas olmadan silinməsini qanunsuz hesab edir. Hesab edir ki, qazdan istifadə üçün yüklədiyi məbləğdən silinən məbləğ geri qaytarılmalı və yüklənən məbləğin silinməsinə son qoyulmalıdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh İB tərəfindən hesablanmış 486 manat məbləğində borcun slinməsi və ondan tutulmuş vəsaitin cavabdeh tərəfindən ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iddianın dəyişdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Rüspublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 04.04.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus 1002AQ**********3 nömrəli sayğac ekran işiğının sönməsi səbəbi ilə **********3977 saylı sayğacla əvəz edilmişdir. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.07.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən abonentə məxsus sayğacın heablama mexaniziminin qoruyucu plastmas örtüyünün üzərinə vurulan plombun rənginin fərqli olduğu aşkar edilmiş və 4860 m.3 qazın ziyanın vurulması müəyyən edilmişdir. - 31.03.2021-ci il tarixli saldodan görünür ki, İddiaçı 2019-cu ildə ayın sonuna 486 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıya məxsus qaz sayğacının plombunun dövlət plobuna uyğun olmaması əsası ilə akt tərtib edilmiş, akta əsasən hesablanan borcun məbləği 486 manat təşkil etmişdir. İddiaçı tərəfindən ödəniçlər edildikcə həmin borcdan çıxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən hesablanmış 486 manat borc silinməli, ondan həmin borca görə əsassız olaraq aparılmış tutulmalar ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı əsassız hesablanmış (abonent kodu **********40001 saylı) 486 manat məbləğində borc silinsin. “Cavabdeh İB” tərəfindən həmin borca görə əsassız olaraq tutulmuş vəsait cavabdeh iddiaçıya geri qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-3442/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3442/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver