Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3449/2023 17.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı fərdi yaşayış evində abonent kodu **********50002 olan istifadəsində olan işıq sayğacına “X6 Cəmiyyəti” tərəfindən yazılmış 2343,40 (iki min üç yüz qırx üç manat qırx qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanındakı ev onun mülkiyyətindədir. Bildirmişdir ki, həmin əmlak onun mülkiyyətində olmağına baxmayaraq, o və ailəsi 2013-cü ildən 2022-ci ilin sonuna kimi həmin ünvanda yaşamamışlar. Həmin ünvanda ümumiyyətlə yaşayış olmayıb. O, ailəsi ilə birlikdə Bakı şəhərində olan digər evində yaşamışlar. Həmin ünvana abonent kodu **********50002 olan işıq sayğacı qoyulmuşdur. Həmin sayğac onun adınadır. 2022-ci ilin sonlarından həmin ünvanda yaşamağa başlamış və istifadə etdiyi işıq sərfıyyatı ödəmişlər. Lakin 2023-cü ilin əvvəlində ona Azərişıq ASC-i tərəfindən bildirilmişdir ki, onun abonent kodu **********50002 olan işıq sayğacına görə xx.xx.2023-cü il tarixinədək istehlak edilmiş elektrik enerjisinə görə 2343,40 manat borcu var. O, bu borcun haradan yarandığını öyrənmək üçün Azərişıq ASC-nə müraciət etmişdir. Orada ona bildirdilər ki, 10 ilə yaxındır, işıq sayğacında heç bir sərfıyyat göstərilmir. Bu səbəbdən də həmin borc əvvəlki illərin sərfiyyatı nəzərə alınmaqla hesablanmışdır. O borcun yazılması aktı və borcun hesablanması sənədini tələb etmiş, lakin onlar ona heç nə verməmişlər. O onlara öz iradını bildirmişdir və həmin evdə 10 il yaxındır yaşamadığını bildirmişdir. Bundan əlavə Azəriqazdan da qaz sərfıyyatının olmaması barədə sənəd də təqdim etmiş və onlara sübut etmişdir ki, artıq 10 ilə yaxındır həmin ünvanda qaz sərfıyyatı da olmayıb. Lakin Azərişıq ASC-nin əməkdaşları ona bildirdi ki, 2343,40 manat əvvəlki illərin ödənişlərinə əsasən hesablanıb. O həmin borcun qanunsuz olduğunu, evdə heç kimin yaşamadığı halda, qaz və işıq sərfıyyatının olmadığı halda, onun işıq sayğacına 2343,40 manat borcun yazılması qanunsuzluqdur. Həmin borc tələbinin heç bir əsası yoxdur. O, borcun silinməsini tələb etmişdir. Lakin “X6 Cəmiyyəti”nin əməkdaşı bunu edə bilməyəcəyini bildirdi və məhkəməyə müraciət etməli olduğunu tövsiyə etmişdir. ünvan 4 ünvanına quraşdırılmış abonent kodu **********50002 olan İşıq sayğacına və işıq xəttinə müdaxilə etməmişdir. Həmin ünvanda 10 il əvvəl yaşayış olub. Həmin vaxtlarda da ödənişlərini vaxtı-vaxtında ödəmişdir. Uzun müddətdir ki, həmin ünvandakı ev yararsız vəziyyətdədir. Həmin evdə yaşamaq qeyri-mümkündür. Təmir etdirməyə pulu olmadığı üçün həmin ünvanda yaşamırlar. Həmin ünvanda yaşamamağını Azəriqazdan verilən abonent saldosundan da görmək olar. Həmçinin “X6 Cəmiyyəti” tərəfindən ona heç bir akt və dəymiş ziyanın hesablanmasına dair sənəd verməməsi bu borcun saxta yazıldığının sübutudur. O, işıq sayğacına, nə də ki, işıq xəttinə müdaxilə etməmişdir. O hesab edir ki, abonent kodu **********50002 olan İşıq sayğacına xx.xx.2023-cü il tarixinədək istehlak edilmiş elektrik enerjisinə görə 2343,40 manat borc silinməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Azərişıq ASC-nin nümayəndəsi izahatında bildirmişdir ki, 2410 manat olan borc məbləğini köhnə borc olduğunu bildirir, borc BarMik və BakıElektrinşəbəkənin dövründə yəni 2001-2014-cü illəri əhatə etdiyini bildirmişdir. Həttə 2020-2023-cü illər tarixdə iddiaçı istifadə etdiyi borcdan əlavə ödənişlərdə etdiyindən borcun azalaraq 2343.40 manat olduğunu bildirmişdir. **********40002 nömrəli iddiaçı X2 məxsusu olan saldodan görünür ki, abonenetin hazırda 2323.40 manat məbləğindən borcu mövcuddur "xxxx" ASC-nin arayışından görünür ki, yaşayış sahəsi xx.xx.2000-ci il tarixdə **********50002 nömrəli kod altında adına kompüter məlumatlar bazasında qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixə olan 2343 manat məbləğində borcun mənzildə istehlak edilmiş elektrik enerjisinin dəyəri olduğu bildirilmişdir. Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin ÖM seriyalı, 188832 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Sabunçu qəsəbəsi, Zevin küçəsi, 25 saylı evin 10.0 yaşayış sahəsindən ibarət 2 saylı mənzilin mülkiyyətçisidir. 69 saylı Mənzil Kommunal İstismar Sahəsinin 199 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X3 ondan ötəri ki, onun adına olan Sabunçu qəsəbəsi, A.Şaiq küçəsi 25 mənzil 2-də 2013-cü ildən 2022-ci ilin sentyabr ayına qədər həmin mənzildə yaşayış olmamışdır. Azərişıq ASC tərəfindən təqdim edilmiş arayışdan görünür ki, iddiaçının 2017-ci ilin sonu üçün 2410 manat məbləğində borcu olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir: İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 13- cü maddəsinin 8-ci bəndində qeyd edilmişdir ki, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Qanunun 17-ci maddəsində qeyd edilmişdir ki, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra – Qaydanın) 1.1-ci maddəsində məişət abonentinə (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı olması barədə anlayış verilmişdir. Qaydanın 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Qaydanın 8.32-ci bəndində göstərilmişdir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydanın 8.33-cü bəndində göstərilmişdir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qərarın 7.10-cu bəndində göstərilmişdir ki, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qərarın 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Məhkəmə iddia tələbinin münasibət bildirərək qeyd edir ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evində abonent kodu **********50002 olan istifadəçiyə 2017-ci il tarixin sonu üçün hesablanmış 2343.40 manat borcun yaranması əsasları məlum olmadığından, qeyd edilən borc məbləği “X6 Cəmiyyəti tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. **********50002 nömrəli abonent İddiaçı hesablanmış 2343.40 (iki min üç yüz qırx üç manat, qırx qəpik) manat borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3449/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3449/2023
17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver