Məhkəmə qərarları › İş №2(008)-3449/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3449/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3449/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə əsassız hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat pul məbləğinin hesab kodundan (**********00010) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanındakı ev onun adınadır və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Həmin ünvana quraşdırılmış abonent kodu **********00010 olan smart tipli qaz sayğacı onun istifadəsindədir. Həmin sayğac onun adınadır. Əvvəlki sayğacı da smart tipli qaz. sayğacı idi. Bildirir ki, “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşları sayğacı təzələmə niyyəti ilə xx.xx.2024-cü il tarixində 033381 1 N-li Akt əsasında ona məxsus smart tipli qaz sayğacını yeni smart tipli qaz sayğacı ilə əvəz etdilər. Həmin vaxtı smart tipli qaz sayğacı qoydular. Bundan sonra o, işlətdiy qaz sayğacının pulunu ödəniş edərək qazdan istifadə etməyə başlamışdır. Bir neçə vaxt sonra o, smart kart vasitəsi ilə sayğaca qaz yükləmək istəyən zaman ödədiyi məbləğin yarısının borca çıxıldığının şahidi olmuşdur. Borcunun haradan yarandığını bilmək və öyrənmək üçün “Azəri-Qaz” İstehsalat Birliyinə müraciət etmişdir. Oradan ona bildirdilər ki, xx.xx.2024-cü il tarixində 033381 1 N-li Akt əsasında onun sayğacı dəyişilən zaman guya ki, sayğacın borusunda yad cisim aşkar edilmişdir. Bu səbəbdən də onun istifadəsində olan sayğaca xx.xx.2024-ci il tarixli, 0420813N-1 i Akt tərtib edərək, 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat dəymiş ziyan hesablanmışdır. O, həmin "Azəri- Qaz“ İstehsalat Birliyinin əməkdaşına bildirmişdir ki, o, sayğaca heç vaxt müdaxilə etməmişdir. Sayğacın laboratoriyada yoxlanış zamanı o, orada olmamışdır. Evinin sayğacı küçədə quraşdırılıb. Ümumiyyətlə 2 evi olduğu üçün bəzi aylar həmin evdə yaşayış olmur. O, həmin sayğaca ancaq smart kartla qaz yükləmək üçün yaxınlaşır. Həmin “Azəri-Qaz” İstehsalat Birliyinin əməkdaşları da onun aylıq ödənişlərimə baxaraq, ona inandığını, lakin çox adına cərimə yazıldığını ona bildirdi. O barəsində qərəzli və haqsız yazılan xx.xx.2024-ci il tarixli, 0420813N-1İ Akt əsasında yazılan 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat borcun silinməsini tələb etmişdir. Lakin bundan sonra ona yazılmış cərimə borcu silinmədi. Ona borcun silinməsi üçün Məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Qaz sayğacı əvəzləmə zamanı onun iştirakı ilə keçirilməli idi. Həmin sayğac laboratoriyada müayinəsi onun iştirakı ilə olmalı idi. Lakin hazırki prosedurlar onun iştirakı olmadan keçirildiyi üçün, həmin labaratoriya rəyinin heç bir mötəbərliyi yoxdur. Bu səbəbdən də, xx.xx.2024-ci il tarixli 0420813N-İİ Akt əsasında yazılan 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat cərimənin ondan tələb olunması ona qarşı haqsızlıqdır. O, qaz sayğacına, nə də ki, qaz xəttinə müdaxilə etməmişdir. O, hesab edir ki, barəsində tərtib olunan xx.xx.2024-ci il tarixli 0420813N-1İ Akt əsasında yazılan 777.60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat cərimə borcu silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədn xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. **********00010 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2024-cü ilin fevral ayında qalıq və aktlar üzrə 777,60 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, **********00010 nömrəli abonent İddiaçıa məxsus mənzilə baxış keçirilən zaman sayğacın istismara yararsız olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli xx.xx.2024-cü il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 6480 m3 olması hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurumuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********00010 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın istismara yararsız olması qeyd edilmiş və bunun əsasında itirilmiş qazın həcmi 6480 kub metr hesablanaraq dəymiş zərər 777,60 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın istismara yararsız olması məhz iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024cü il tarixli, ******* saylı akta əsasən **********00010 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 777,60 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. **********00010 saylı abonent İddiaçıya xx.xx.2024-cü il tarixli, ******* saylı akt üzrə Cavabdeh İB tərəfindən hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat borc məbləği silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim NilufərCəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar