Məhkəmə qərarları › İş №2(008)-3453/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3453/2025

28.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3453/2025 28.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı notariat ofisi cəlb edilməklə “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı notariat ofisi cəlb edilməklə “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 3+4,5 Yasəmən Ruhulla qızından miras qalan əmlakın onun tərəfindən qəbul edilməsinin təsdiq olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X3 vərəsəsidir, 06 fevral 2004-cü il tarixdə X12 qohumluq münasibətlərinin və miras əmlakın qəbul edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 6 fevral 2004-cü il tarixli 2-391/2004 nömrəli qətnaməsi ilə ərizəçi X3-mərhum Əliqulu Sucəddin oğlunun arvadı, Sucəddin Əliqulu oğlunun gəlini olması, eləcə də onun Bakı şəhəri Kürdəxani qəsəbəsi, Ağaverdi küçəsi, 14 nömrəli ev üzrə mirası qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. xx.xx.1985-ci il tarixdə Bakı şəhəri, Kürdəxanı qəsəbəsində X18, X9, X14 və bir sıra şəxslərin iştirakı ilə tərtib olunan aktda Ağverdiyev küçəsi 10 №li evdə yaşayan Yasəmən Ruhulla qızının vəfat etmədən öncə qeyd olunan şəxslərin yanında vəsiyyətnamə etməsi və vəsiyyətnamədə onun qaynı Sucəddin Əliqulu oğlunun oğlu Əliqulu Sucəddin oğluna qalması faktı öz əksini tapmışdır. Həmin vaxtdan faktiki miras əmlakı Əliqulu Sucəddin oğlu qəbul etmiş və mərhum öldükdən sonra idarə etmə X12 tərəfindən idarə olunmuş və onun ölümündən sonra miras əmlak Sədiqənin vərəsəsi kimi onun tərəfindən idarə olunur. Yasəmən Ruhulla qızının övladı olmamış və bu əsasla da o, miras əmlakı həyat yoldaşının qardaşının oğluna vəsiyyət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi cavab məktubundan göründüyü kimi Bakı şəhəri, Sabunçu Rayonu, Kürdəxani qəsəbəsi, Ağaverdiyev küçəsi 10 saylı mənzilin texniki pasportu mövcuddur və həmin texniki passport mərhum Yasəmən Ruhulla qızının adınadır. Miras əmlakın qəbul edilməsi üçün qohumluq münasibətlərinin təsdiq olunması zəruriyyəti yaranır. Ən əsası məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini nəzərə alsa, X1 Sucəddin oğlunun vərəsəsidir və ona məxsus olan əmlak tərəfindən qəbul edildikdən sonra miras əmlakı ona bağışlamışdır. O, xx.xx.2024-cü il tarixdə 17 saylı notariat orqanına ərizə ilə müraciət edərək, Yasəmən Ruhulla qızından qalmış miras əmlaka dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini istəmiş və cavab olaraq ölüm haqqında şəhadətnamə və qohumluğu təsdiq edən sənədin olmaması əsas gətrilməklə bu məsələnin həlli ilə əlaqədar olaraq məhkəməyə müracət olunması bildirilmişdir. Sənədlərin əldə olunması üçün qohumluq faktının təsdiq olunması zərurəti yaranmışdır. O, bununla əlaqədar olaraq qohumluq münasibəti və mirasın qəbul edilməsi faktının təsdiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayonu, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi 10, 12 ünvanında yerləşən 3+4,5 Yasəmən Ruhulla qızından miras qalan əmlakın onun tərəfindən qəbul edilməsi və Yasəmən Ruhulla qızının vəsiyyət etdiyi miras əmlakda qeyd olunan şəxsin Əliqulu Sücəddin oğlunun onun atasının əmisi olması barədə qohumluq faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, adları çəkilən şəxslərin ona münasibətdə qohumluq əlaqələri ilə əlaqədar X13 - Əliqulu Sücəddin oğlunun arvadı, Sücəddin Əliqulu oğlunun gəlini olduğu, Əliqulu Sücəddin oğlu xx.xx.1928-ci ildə anadan olaraq, 1989-cü ildə vəfat etdiyi, Sücəddin Əliqulu oğlunun - 1986-cı ildə vəfat etdiyi, X4 - Əliqulu Sücəddin oğlunun arvadı, Sücəddin Əliqulu oğlunun gəlini olması Sabunçu Rayon Məhkəməsinin 2-391/2004 nömrəli, 06 fevral 2004-cü il tarixli qətnaməsi ilə təsdiq olunduğu bildirilmişdir. Yasəmən Ruhulla qızı - Sücəddin Əliqulu oğlunun qardaşı arvadı olmuş, vəfat etməmişdən əvvəl yaşadığı evi Sücəddin Əliqulu oğlunun - oğlu Əliqulu Sücəddin oğluna vəsiyyət etmiş, X13 - Əliqulu Sücəddin oğlunun vərəsəsidir və həmin şəxs öz əmlakını - qızı Ərizəçi bağışlamışdır. Göstərilənlərə əsasən onun Yasəmən Ruhulla qızı ilə qohum olmağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5032/2024 saylı 7 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə ərizənin rədd edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Ərizəçi ərizə ilə müraciət edərək, Yasəmən Ruhulla qızının qohumu olması və ondan qalmış mirasın qəbulu faktının müəyyən edilməsini xahiş etmişdir. Hazırkı mübahisəyə Yasəmən Ruhulla qızının öldüyü zaman qüvvədə olan 1965-ci il Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin Məcəllə ilə nəzərdə tutulmuş növbəliyə əsasən Ərizəçi, Yasəmən Ruhulla qızının vərəsəsi hesab olunmur və onun Yasəmən Ruhulla qızına münasibətdə vərəsə olması iş materialları ilə öz təsdiqini tapmır. Həmçinin Ərizəçi babasının qardaşı arvadına münasibətdə onun qohumu olmasını, vərəsəsi olmasını bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçinin Yasəmən Ruhulla qızı ilə heç bir qohumluq əlaqəsi yoxdur. Yəni ərizəçinin Yasəmən Ruhulla qızına münasibətdə qohumluq faktının müəyyən olunması heç bir hüquqi nəticə törətmir və Ərizəçi onun vərəsəsi hesab edilə bilməz. Eyni zamanda mirası da qəbul etməsi barədə ərizəçi heç bir sübut təqdim etməmiş, yalnız 1985-ci il tarixdə qonşuların iştirakı ilə tərtib olunmuş akt vəsiyyətnamə hesab edilə bilməz. Həmin aktın heç bir hüquqi qüvvəsi yoxdur.” Bundan sonra o, apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5032/2024 saylı 7 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını və ərizənin təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 638/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5032/2024 saylı 7 oktyabr 2024- cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və Ərizəçi (Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoru maraqlı şəxs qismind cəlb edilməklə) “qohumluq faktının təsdiq olunması” tələbinə dair ərizə rədd edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, “vəsiyyət üzrə vərəsəlik zamanı şəxs mirasqoyanın qohumu olubolmadığından asılı olmayaraq, onun vərəsəsi ola bilər. Hazırkı halda da ərizəçinin istinad etdiyi xx.xx.1985-ci il tarixli akta əsasən Yasəmən Ruhulla qızının sahibliyində olan əmlakı qayını Sucəddin Əliqulu oğlunun oğlu - Əliqulu Sucəddin oğluna vəsiyyət etdiyi müəyyən edilmişdir. Göründüyü kimi, ərizəçi nail olmaq istədiyi hüquqi marağının təsdiq edilməsi üçün qanunvericiliklə ona verilən imkanlardan düzgün istifadə etməmişdir. Belə ki, ərizəçinin göstərdiyi şəxslə qohumluq dərəcəsinin müəyyən edilməsi vəsiyyətnamə ilə digər şəxsin sərəncamına keçmiş mirasdan, sonuncunun vərəsəsi olaraq, pay almasına istədiyi hüquqi şərait yaratmayacaqdır. Hazırkı halda vəsiyyət üzrə vərəsənin (Əliqulu Sucəddin oğluna) mirası qəbul edib-etmədiyi araşdırılmalı və ona münasibətdə qohumluq münasibətlərinin mövcudluğu müəyyən edildiyi halda növbəti prosessual hərəkətə keçilməlidir. Bundan başqa birinci instansiya məhkəməsi ərizənin digər hissəsinə münasibət bildirərək, ərizəçinin mirası qəbul etməsi barədə hər hansı sübutu təqdim etmədiyini, tərəfindən yalnız 1985-ci il tarixdə qonşuların iştirakı ilə tərtib olunmuş aktın təqdim edildiyini, bu aktın isə vəsiyyətnamə hesab edilmədiyini qeyd etmişdir. Göründüyü kimi bu tələb üzrə araşdırma aparan məhkəmə iş üzrə nəticəyə gələrkən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında qəbul etdiyi tələblərin azaldılması barədə ərizəni nəzərə almamış, ərizəçinin irəli sürdüyü tələblərdən kənara çıxaraq prosessual pozuntuya yol vermiş, mirasın qəbulu faktı üzrə hüquqi dəyərləndirmə apararaq düzgün olmayan qətnamə qəbul etmişdir." Məhkəmə iclasında Ərizəçi qızı ərizəni müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri 17 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X15 ifadə verərək bildirdi ki, ərizəçi ilə Kürdəxanı qəsəbəsində Ağaverdiyev küçəsi 11-də bir məhəllədə böyümüşlər. Həyət evləridir. 1958-ci ildə doğulmuş, nənəsigil o ərazidə yaşadığı üçün ora daimi gedib gəlmiş, sonra 1985-ci ildən Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsinə gəlin kimi köçmüşdür. Fəridə xanımgil dədə-baba vaxtlarından bir həyətdə qonşu olublar. Fəridə xanımın atası Əliqulu, anası Səbiqə xanım olmalıdır. Həmin o evdə başqa Yasəmən xala vardı, uşaqları yox idi. Yasəməndən əvvəlkiləri görməmişdir. Yasəmən, Əliqulu vardı, başqa kimin olduğunu bilmir. Yasəmənin dəqiq hansı tarixdə öldüyünü bilmir. Ancaq ilk öncə Yasəmən, sonra Əliqulu, sonra isə Səbiqə ölmüşdür. Şəkildəki yerdə Yasəmən xala yaşayıb, sonra kimin yaşadığını bilmir. O evi yəqin Əliqulu bəygil söküb. O sahəyə də Əliqulu bəy sahiblik və istifadə edirdi. Hətta Yasəmənin sağlığında da Əliqulu ora nəzarət və sahiblik edirdi. Hazırda o ev sökülüb, yerində balaca bir şey qalıb. Yasəmənin ərini də görməmişdir. Böyüklər danışanda bilmişdir ki, onun övladı olmayıb. Mövcud olan evdə isə Əliqulu, Səbiqə, Fəridə yaşayıb. Fəridəgil 6 bacıdır. Digərləri gəlin köçüb. Fəridəyə o yeri atası verib, oranı təmir edib. Fəridədən başqa digər övladları ora sahiblik etməyib. Məhkəmə iclasında şahid X2 ifadə verərək bildirdi ki, Fəridə xanımla qonşudur, aralarında bir ev var. Atası və anası ölüb. Kürdəxanı, Ağaverdiyev 6-da yaşayır, həyət evləridir. Fəridə xanımgilin dəqiq şəkildə yaşadığı ünvanı bilmir. Fəridənin atası Əliquludur, Əliqulunun da atası Sücadindir, Sücadinin də arvadı Əminədir. Əliqulunun arvadı Səbiqədir. Yadında qaldığı qədər orada qoca qadın Yasəmən xala yaşayırdı. Yasəmən Əliqulunun əmisinin arvadı idi. Özü Yasəməni yaşlı vaxtında görmüşdür, orada tək qalırdı, övladı yox idi. O, öləndən sonra da o evə Səbiqə sahiblik edirdi. Sücadin öləndən sonra o evdə Əliqulu, anası Səbiqə və uşaqlar yaşayırdı. Əliqulu tək uşaq idi. Səbiqə də öləndən sonra o evdə Fəridə və bir oğlu yaşadı. Fəridənin bacıları isə gəlin köçüb. Əliqulunun 5 övladı var idi. Bəzi qızlar Əliqulu ölməmişdən əvvəl, Kifayət, Fəridə isə Əliqulunun ölümündən sonra köçdülər. Fəridə elə ata evində qaldı. Digər qızlar o həyətə arada gəlib gedir. Şəkildəki Fəridənin yaşadığı evdir, orada Sücaddin, Əliqulu, Fəridə yaşayıb, balaca ev isə digər evdir, Yasəmənin evi indi yoxdur, sökülüb. Darvaza içindəki bütöv həyətə Fəridə ilə anası baxıb qulluq edib. Anası bu yaxınlarda ölüb. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi tərəfindən ərizənin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 11 noyabr XXXX-ci il tarixli pasportun təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən evin sahibi Yasəmən Ruhulla qızıdır. - 114 nömrəli arayışın surətindən görünür ki, 1928-1930-cu illər üzrə aparılmış yoxlama nəticəsində Əliqulu Sucaddin oğlunun doğum akt qeydi tapılmamışdır. - AZ-T seriyalı 078641 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.1962-ci il tarixdə doğulmuşdur, atası Əliqulu Sücadin oğlu, anası X6r. - Vİİ-ЖГ seriyalı 368759 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə X10 xx.xx.1998-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. - ИЕ seriyalı 249206 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Əliqulu Sucadin oğlu ilə X13 xx.xx.1955-ci il tarixdə nikahlarını bağlamışlar. - İİİ-ЖГ seriyalı 305639 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Sucaddin Əliqulu oğlu xx.xx.1986-cı il tarixdə ölmüşdür. - İİİ-ЖГ seriyalı 305611 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əminə Əliməmməd qızı xx.xx.1984-cü il tarixdə ölmüşdür. - AZ-İİ seriyalı, 500727 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.1989-cu il tarixdə ölmüşdür. - AZ-İİ seriyalı, 265143 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2022-ci il tarixdə ölmüşdür. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1928-ci ilə dair Bakı şəhəri, Lenin (Sabunçu) rayonu Kürdəxanı qəsəbəsi və Maştağa qəsəbəsi üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında X22 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. - Bakı şəhəri, Kürdəxanı qəsəbəsində xx.xx.2003-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi, ev 14də yaşamış mərhum Əliqulu Sücaətdin oğlunun atası Sücaətdin Əliqulu oğlu, anası isə Əminə Əlizaman qızı olmuşdur. Əliqulu Sücaətdin oğlu 1928-ci ildə anadan olmuş və ölən gününə qədər atasına məxsus Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi, ev 14 ünvanında yaşamışdır. - Bakı şəhəri 17 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X13 Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.1986-cı il tarixdə vəfat etmiş qaynatası X19 qalmış miras əmlaka (Bakı şəh, Sabunçu ray, Kürdəxanı qəs, Ağaverdiyev küç 14 yerləşən torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X20 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığından, «Daşınmaz əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-cı maddəsinə və «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında» Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın X7 və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş edilmişdir. - Bakı şəhəri 17 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə baxılmış, müəyyən olnmüşdur ki, ərizədə adı qeyd olunan Yasəmən Ruhulla qızının adında qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini istəmişdir. Sənədlər nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, ərizədə adı qeyd olunan Yasəmən Ruhulla qızının ölüm haqqında şəhadətnaməsi və qohumluğu təsdiq edən sənəd yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq bu məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyə olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanına dair ilkin texniki pasport, cizgi, bağ müqaviləsi və digər sənədlər haqqında məlumat və sənəd surətlərinin verilməsi ilə bağlı Ərizəçi müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Sorğu ilə əlaqədar olaraq, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi, 10, 12 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun təsdiq edilmiş surəti ona göndərilmişdir. - Bakı şəhəri Kürdəxanı qəsəbəsində xx.xx.1985-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi 10 saylı evdə yaşayan Yasəmən Ruhulla qızı vəfat etməmişdən əvvəl qəsəbə sakinlərinin yanında vəsiyyət etmiş ki, “o, öləndən sonra ona məxsus olan ev, yəni bir otaqlı 3x4.5 m onun qaynı Sücadin Əliqulu oğlunun oğlu Əliqulu Sücadin oğluna qalsın, çünki mərhuma həmişə qayğı göstərmiş, vəfat edəndə onu öz hesabına dəfn etmişdir. Mərhum da vəsiyyətində qonşuların iştirakı ilə bildirmişdir ki, kim onu dəfn etsə ev həmin şəxsə, yəni Əliqulu Sücadin oğluna çatsın”. - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5032/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoruna qarşı “qohumluq münasibəti və mirasın qəbul edilməsi faktının təsdiq olunması” tələbinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-638/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5032/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, Ərizəçi (Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoru maraqlı şəxs qismində cəlb edilməklə) “qohumluq faktının təsdiq olunması” tələbinə dair əizəsinin rədd edilməsi qət edilmişdir. - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-391/2004 nömrəli, xx.xx.2004-cü il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, ərizəçi X8 mərhum Əliqulu Sucəddin oğlunun arvadı, Sucəddin Əliqulu oğlunun isə gəlini olması, eləcə də onun Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi, 14 saylı ev üzrə mirası qəbul etməsi faktının müəyyən edilməsi qət edilmişdir. - İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, mübahisə predmeti olan Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi 10 ünvanda yerləşən ev sökülmüşdür və mövcud deyildir. Məhkəmə iclasında müəyyən olundu ki, bir həyətdə iki ev olmuş, Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi, 14 saylı evin sahibi ərizəçi və onun ailə üzvləri olmuş, digər ünvan 1 ünvanında yerləşən evin sahibi Yasəmən Ruhulla qızıdır. Ərizəçi Yasəmən Ruhulla qızı ilə “qohumluq faktı” müəyyən edilməmişdir. Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi 10 saylı evdə yaşayan Yasəmən Ruhulla qızı vəfat etməmişdən əvvəl qəsəbə sakinlərinin yanında vəsiyyət etmiş ki, “o, öləndən sonra ona məxsus olan ev, yəni bir otaqlı 3x4.5 m onun qaynı Sücadin Əliqulu oğlunun oğlu Əliqulu Sücadin oğluna qalsın, çünki mərhuma həmişə qayğı göstərmiş, vəfat edəndə onu öz hesabına dəfn etmişdir. Mərhum da vəsiyyətində qonşuların iştirakı ilə bildirmişdir ki, kim onu dəfn etsə ev həmin şəxsə, yəni Əliqulu Sücadin oğluna çatsın”. Sucaddin Əliqulu oğlu xx.xx.1986-cı il tarixdə, arvadı Əminə Əliməmməd qızı xx.xx.1984-cü il tarixdə, oğlu X30 xx.xx.1989-cu il tarixdə, sonuncunun arvadı X13 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Fotoşəkildən görünür ki, Yasəmən Ruhulla qızından (ölüm haqqında şəhadətnaməsi yoxdur) ünvan 4 ünvanda yerləşən ev miras qalmışdır. Mübahisə predmeti olan Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi 10 ünvanda yerləşən ev sökülmüşdür və mövcud deyildir. ünvan 5dən Yasəmən Ruhulla qızının ölüm haqqında şəhadətnaməsi və qohumluğu təsdiq edən sənəd olmadığından məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Məhkəmə belə qənaətə gəlir ki, şahidlərin və ərizəçinin izahatına əsasən sonuncunun atası Əliqulu tərəfindən sağlığında sözügedən ev söküldüyündən, ünvan 4 ünvanda yerləşən ev tamamilə məhv olduğundan, Yasəmən Ruhulla qızının daşınmaz əmlaka mülkiyyət hüququ itirildiyindən, mülkiyyət hüququna daşınmaz əmlakın məhvi ilə və daşınmaz əmlakın dövlət reyestrində qeydlə xitam veriləcəyindən, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi qanuna əsasən hüquqi nəticələr doğurmayacağından hazırkı ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. 150.2. İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

234. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququna daşınmaz əmlakın və ya tikinti hüququnun məhvi ilə və daşınmaz əmlakın dövlət reyestrində qeydlə xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqe ondan ibarət olmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması; hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması; hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının:

10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1.Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı notariat ofisi cəlb edilməklə “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar