Məhkəmə qərarları › İş №2(008)-3455/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3455/2025

11.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3455/2025 11.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların altsistemə daxil edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların altsistemə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh direktoru X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən o, həmin müəssisəyə “ekoloq” vəzifəsinə qəbul olunmuşdur. O, müəyyən müddət həmin müəssisədə işlədikdən sonra azad müəssisənin gəlirlərinin azaldığının şahidi olmuşdur. Bu minvalla müəssisə öz fəaliyyətini faktiki olaraq dayandırdı. Bundan sonra o, işə getməmiş və heç bir əmək haqqı da almamışdır. Lakin buna baxmayaraq onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi formal olaraq qüvvədə qalmaqdadır. O, işəgötürənlə arasında bağlanmış əmək müqaviləsinin xitam verilməsi tələbi ilə Cavabdeh MMC-yə müraciət etsə də, cəmiyyətin təsisçisi və direktoru olan X1 vəfat etməsi ilə əlaqədar bu mümkün olmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin formal olaraq qüvvədə olması onun hüquqlarını pozur. Belə ki, o, digər bir yerə işə düzəlmək istəyərkən digər işəgötürənlə arasında əmək müqaviləsi bağlamaq mümkün olmur. Bu isə onun əmək hüquqlarının pozulmasına səbəb olur. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hesab edir ki, əgər işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi vəzifəsi icra edilmirsə və ya onun icra edilməsi mümkün deyildirsə, bu barədə rayon məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə, X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X2 həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3455/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməsi” hissəsində mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi əsasında "xxxx" MMC-də ekoloq vəzifəsində işləyir və aylıq əmək haqqı 250 manat təşkil edir. - poçt qəbzindən görünür ki, İddiaçı "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixdə məktub göndərmişdir. - xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, müraciətə əlaqədar ətraflı izahat vermək məqsədilə ünvana (ünvan 1-5/2-H-67958/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, lakin araşdırmaya müvafiq qaydada izahat, əmək haqqı bank hesabından çıxarış və digər təsdiqedici sənədlər təqdim olunmamışdır. Müraciətə baxılması zamanı “Əbduloğlu" MMC-nin ünvan 2 ünvanına xx.xx.2024-cü it tarixli 3-17-5/2-H-67959/2024 nömrəli məktubla müraciət olunaraq iddiaçıya aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında ” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş lakin, tələb olunan sənədlər müəssisə tərəfindən təqdim edilmədiyindən müraciətin raşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq" altsisteminə baxış zamanı “Əbdüloğlu" MMC ilə aralarında xx.xx.2020-ci il tarixində bağlanılmış əmək müqaviləsinin qüvvədə olduğu müəyyən edilmişdir. Ərizəçi və “Əbduloğlu' MMC tərəfindən müvafiq təsdiqedicı sənədlər Xidmətin Bakı şəhər idarəsinə təqdim ediləcəyi təqdirdə müraciətə yenidən baxılaraq cavab veriləcəyi qeyd olunmuş. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmas haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün deyildir. Bildirilir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı “Əmək və məşğulluq’' altsistemində müvafiq qeydlərin aparılması X4 Xidmətinin səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və yə işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq“ alt sistemində qeydlərin aparılması huququ X4 Xidmətinə həvalə edilməlidir. Bununla bağlı məhkəməyə müraciət etmək hüququ vətəndaşa izah edilmişdir. - Kommersiya qurumlarının dövət reyestri məlumatlarının verilməsi haqqında çıxarışdan görünür ki, Cavabdeh MMC (VÖEN **********) xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı – Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Telman, ev 6, mənzil 1-dir, X3 qanuni təmsilçisidir. - sosial arayışın surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin xitam verilməsi ilə bağlı müraciət edilmişdir. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞB/16/2025-00112 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərci ödənilmişdir. - Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh MMC-nin VÖEN statusu aktivdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-2-1/2-46251/2025 nömrəli məktubundan görünür ki, Cavabdeh MMC-nin (VÖEN **********) xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı ünvan 4 barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 4-cü maddəsinə əsasən bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 12-ci maddəsinin 1-ci hissəsinin h bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindədir. 49-cu maddəsinin 1-ci hissəsinə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsi hazırda qüvvədədir. Məhkəmə hesab edir ki, cavabdehin qanuni təmsilçisi, yəni işə götürən MMC-nin rəhbəri vəfat etdiyindən iddiaçının (işçinin) təşəbbüsü ilə cavabdehlə bağlanmış əmək müqaviləsinin ləğvi qeyri-mümkündür, bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin işəgötürən, yəni cavabdeh tərəfindən ləğv edilməsi mümkün olmadığından iddia əsaslıdır və Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə (xxxxxxx000300 nömrəli əmək müqaviləsi bildirişi) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə (xxxxxxx000300 nömrəli əmək müqaviləsi bildirişi) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilsin. Cavabdeh MMC-dən 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar