Məhkəmə qərarları › İş №2(008)-3462/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3462/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3462/2024 04.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X4, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi ev 50 (yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi X8 küçəsi 31) ünvanında bağ evinin elektrik sayğacında göstərilən, sərf edilməyən elektrik enerjisinə görə hesablanan 3902 manat borcun silinməsi" barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi ev 50 (yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi X8 küçəsi 31) ünvanında bağ evinin elektrik sayğacında göstərilən, sərf edilməyən elektrik enerjisinə görə hesablanan 3902 manat borcun silinməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə bu qənaətə gəldi ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsində deyilir ki, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırkı işdə olan iddia ərizəsindən görünür ki, həmin iddia ərizəsi imzalanmamışdır. Bu isə, iddia ərizəsinin geri qaytarılmasına əsas verir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 149.2.5-ci maddəsinə görə, ərizədə ərizəyə əlavə edilən sənədlərin siyahısı götərilməlidir. Sadalanan prosessual hüquq normalarından göründüyü kimi, "iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı" və "ərizəyə əlavə edilən sənədlərin siyahısı" fərqli anlayışlar olmaqla, onların hər birinin iddia ərizəsində ayrı-ayrııqda göstərilməsi ərizənin icraata qəbul edilməsi üçün zəruri olan şərtlərdəndir. Sübutların siyahısının iddia ərizəsində göstərilməsi şərti iddiaya cavab verməli olan şəxsin ona qarşı yönələn tələbin hansı sübutlara əsaslandığını işin icraata qəbul edildiyi vaxtdan etibarən bilməsinə, bununla da özünün həmin tələbə qarşı yarana biləcək etiraz və vəsatətlərini qanunauyğun şəkildə sistemləşdirib məhkəməyə vaxtında təqdim etmək imkanlarına xidmət edir. Qeyd olunan prosessual hüquq normasında göstərilən tələb imperativ xarakterli olaraq, tərəflərin istinad etdikləri sübutları vaxtında məhkəməyə təqdim etməklə həm işdə iştirak edən şəxslər, həm də məhkəmələr tərəfindən prosessual qənaət prinsipinə riayət edilməsinə yönəldilmiş tədbirdir. Bu müddəa bunun üçün əsasların sonradan əmələ gəldiyi hallar istisna olmaqla, iddiaçının (ərizəçinin) sübutlar siyahısında göstərilməyən digər sübuta öz tələblərinin əsası kimi istinad etməsinin qarşısını alır. Lakin işdən görünür ki, İddiaçı iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısını görtərsə də, öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Onun iddia ərizəsinə əlavə etdiyi xx.xx.2024-cü il tarixli məktubun və "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın surətləri isə təsdiq olunmamışdır, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Digər tərəfdən, ərizəyə əlavə olunmuş xx.xx.2024-cü il tarixli məktub "xxxx" ASC tərəfindən iddiaçıya deyil, hazırkı işdə iştirak etməyən və iddiaçının nümayəndəsi olmayan X3 adlı şəxsə ünvanlanmış, həm də məktubda bəhs edilən **********90008 nömrəli abunə kodunun məhz İddiaçı məxsus olması iş materialları ilə təsdiq olunmur. Beləliklə, İddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir ki, bu da iddia ərizəsinin qaytarılmasına əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İşdən görünür ki, iddia ərizəsinə X3 adlı şəxs tərəfindən 60 manat dövlət rüsumunun ödənilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli ********** nömrəli bank qəbzi əlavə olunmuşdur. Lakin müəyyən olundu ki, həmin şəxs hazırkı işdə iddiaçı, yaxud iddiaçının nümayəndəsi deyildir və ümumiyyətlə, göstərilən rüsumun məhz hazırkı iddia ərizəsi ilə bağlı ödənilmiş olması təsdiq olunmur. İddiaçı özü tərəfindən isə dövlət rüsumunun ödənilməsi barədə sübut məhkəməyə təqdim olunmamışdır. X1 (FİN-i, ünvanı və s.) məhkəməyə məlum olmadığına görə məhkəmə bu qənaətə gəldi ki, hazırda dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilməz. Bununla yanaşı, hazırkı iddia istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilmiş iddialara aid olduğuna görə iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsinə zərurət yoxdur. Belə ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Eyni zamanda, məhkəmə bunu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanlara əsasən, qərara aldım: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi ev 50 (yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi X8 küçəsi 31) ünvanında bağ evinin elektrik sayğacında göstərilən, sərf edilməyən elektrik enerjisinə görə hesablanan 3902 manat borcun silinməsi" barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X7.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar