Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3465/2023 08.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi X2, Cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı “zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən dəymiş zərər kimi müəyyən olunan 5573.58 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhiş bağları adlanan ərazidə, ona məxsus torpaq sahəsində 1000 kv.m sahəsi olan çiyələk əkilən istixana vardır. Həmin istixanalar X4 məxsusdur. Bir neçə ay əvvəl qaz pulu ödəyən zaman müəyyən olmuşdur ki, onun hesabında 5573.58 manat borc məbləği yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional Qazın Satışı Departamentinə müraciət edilib, müvafiq sənədlər alınmışdır. Təqdim edilmiş 30 dekabr 2022-ci il tarixli ziyanın bərpasına dair tələbnamədən və həmin tarixli ******* saylı aktın surətindən ona aydın olmuşdur ki, qeyd edilən tarixdə sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edildiyinə görə akt tərtib edilmiş və dəymiş ziyan 23789 kubmetr müəyyən edilmişdir. 30 dekabr 2022-ci ii tarixli ******* saylı aktla razı deyil. Çünki ona məxsus həyətdə salınan istixanalarda heç vaxt sayğacdan kənar qazdan istifadə edilməmişdir. Hesab edir ki, Cavabdeh əməkdaşları yalnışlığa yol vərərək, sayğacdan kənar qazdan istifadə edildiyini zənn edərək, akt tərtib etmişlər. Hesab edir ki, həmin akt ləğv edilməli və borc məbləğləri qanunsuz yazıldığına görə silinməlidir. Sayğacdan kənar qazdan istifadə edilmədiyi halda dəymiş ziyan məbləğinin onun hesabına yazılmasını qanunsuz hesab edir. Belə ki, 7 ildir ki, ona məxsus torpaq sahəsində istixanalar mövcuddur və orada çiyələk əkilir. Keçən illərin qaz sərfiyyatına da nəzər salınsa görünür ki, keçən illər ərzində həmin istixanalarda ay ərzində 50 manat dəyərində qaz istifadə edilib. Həmin istixanalarda odun peçləri mövcuddur və qazdan yalnız odunların alışması üçün müəyyən vaxtlarda istifadə edilir. Həmçinin, çiyələk elə bir bitkidir ki, onun yetişməsi üçün yüksək dərəcəli temperatura da ehtiyac yoxdur. Lakin bütün bunlara baxmayaq 59 gün müddətinə onun hesabına bu məbləğdə borcun yazılması qanunsuz və əsassızdır. Göründüyü kimi Cavabdeh əməkdaşları sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halını dəqiq müəyyənləşdirmədən, digər illərin həmin ayları üzrə qaz sərfiyyatını 59 günün qaz sərfiyyatı ilə müqayisə etmədən, qanunsuz qoşulmaya görə dəymiş ziyan məbləği hesablayaraq, onun hesabına borc məbləği yazmışlar və bununla da qanunvericiliyin tələblərini pozmuşlar. Hazırkı iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh tərəfindən birtərəfli qaydada istehlakçı olaraq onun barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçı olaraq ondan ödənilməsinin tələb edilməsi “Qazdan istifadə Qaydaları”nın tələblərinə, cavabdehlə aralarında bağlanmış qazın alqı-satqı müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, güc və ya məcburetmə tətbiq olunması yalnız dövlətin inhisarındadır və dövlət bu məqsədlə mülki prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. Bütün bu olanlar onu dərindən sarsıdaraq, əsəbləşdirir. Çünki Cavabdeh əməkdaşları ona qarşı açıq-aşkar yalan mövqedə dururlar. Bu mənəvi təsirin nəticəsi olaraq, əsəb hissi keçirir, daima özünü gərgin hiss edir. Cavabdeh İddiaçı qarşı “zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh İB-nin xeyrinə 5573.58 (beş min beş yüz yetmiş üç manat 58 qəpik) manat məbləğində zərərin və 75.75 (yetmiş beş manat 75 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 5649.33 (beş min altı yüz qırx doqquz manat 33 qəpik) manat pulun məcburi qaydada tutularaq Cavabdeh İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə abonent İddiaçı arasında xx.xx.2018-ci il tarixdə AKX-1/1065 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonentə məxsus istixananı təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB tərəfindən **********00010 nömrəli abonent kodu verilmiş, istixananı təbii qazla təchiz edən qaz xəttinin üzərində isə SMART G-6 İTRON markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə Qaydalarının 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehə məxsus istixanaya çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni səkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş faktla bağlı xx.xx.2022-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və fotoşəkilləri çəkilmişdir. Qeyd olunan akt əsasında 5233.58 manat məbləğində Cavabdeh İB-nə maddi zərərin dəymiş olduğu müəyyən edilmişdir. Bundan əlavə, istehlakçının 2018-ci ilin may ayı üzrə də təbii qazdan istifadəyə görə 340 manat borcu qalmışdır. Beləliklə, İddiaçı Cavabdeh İB-nə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 5573.58 (beş min beş yüz yetmiş üç manat 58 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habeə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-nə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı etiraf etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddianı etiraf etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək, iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli AKX-1/1065 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.5-ci maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın və dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı həyətyanı sahəsinə baxış keçirilən zaman sayğacdan kənar rezin boru birləşməsi vasitəsi ilə qazdan qeyri-qanuni istixanalara istifadə faktı aşkar edilmiş, dəymiş ziyanın həcmi 23789 kubmetr müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh İB tərəfindən 75.75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı məxsus həyətyanı sahədə istixanada qaz sərfinə görə xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 5233.58 manat məbləğində zərər hesablanmışdır. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı məxsus həyətyanı sahənin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac həyətdən kənarda quraşdırılmışdır. Küçədə quraşdırılmış və işlək vəziyyətdə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsi sübuta yetirilməmişdir. Bundan başqa, Cavabdeh tərəfindən tərtib edilmiş akt qanunvericiliyin sadalanan normalarının tələblərinə zidd olaraq, İddiaçı tərəfindən imzalanmamış, akt Cavabdeh əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir ki, bu da yuxarıda adıçəkilən qaydaların 6.7-ci bəndinə ziddir. Həmin bəndə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Eyni zamanda, məhkəmə araşdırması zamanı İddiaçı nümayəndəsi X5 çiyələk yetişdirilməsi üçün istixanada hər il soyuq aylarda 4 ay (noyabr, dekabr, yanvar, fevral), hər gün 4 saat olmaqla 16 ədəd sobada odunun alışması üçün təbii qazdan istifadə edildiyini, təbii qazdan qeyri-qanuni istifadə edilmədiyini bildirmişdir. 7 ildir ki, həmin istixanada odun yandırılmaqla istilik təmin edilir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən İddiaçı xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 23789 kub metr qaz sərfinə görə 5233.58 manat (23789 x 0.22 manat) məbləğində zərər hesablanmışdır. Tələbnamədən görünür ki, qaz işlədicilərinin (dəmir soba) maksimal saatlıq qaz sərfi 1.4 kubmetr/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 59 gün müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə saatlıq qaz sərfi, orta günlük iş rejimi və hesabat müddəti reallığı əks etdirmədiyindən, orta günlük iş rejimi 18 saat deyil, 4 saat, hesabat müddəti isə 59 gün (noyabr və dekabr) qəbul edilməlidir. Belə olan halda, itirilmiş qazın bərpası 1.4x16x4x59=5286.4 kubmetr hesablanmalı və həmin rəqəm 0.22 manata vurulmalıdır. Belə olan halda, İddiaçı tərəfindən Cavabdehnə vurulmuş zərərin 1163 manat məbləğində olması müəyyən edilir. Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, İddiaçı hesablanmış 5573.58 manat borcdan faktiki istifadə edilmiş qaza görə 1163 manat məbləğində borc çıxılmalı, Cavabdeh tərəfindən İddiaçı abonent koduna hesablanmış 4410.58 (55xx.xx- 1163) manat məbləğində borc isə əsassız hesab edilərək silinməli, ilkin iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə, qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Yuxarıda qeyd edildiyi kimi, İddiaçı hesablanmış 5573.58 manat məbləğində borcun 4410.58 manat hissəsi əsassız hesab edilərək, öz təsdiqini tapmamışdır. Belə olan halda, İddiaçı Cavabdehnə dəymiş maddi zərərin əvəzi qismində 5573.58 manat məbləğində borcun tələb edilməsi əsassızdır. Odur ki, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı faktiki istifadə edilmiş qaza görə 1163 manat məbləğində borc tutularaq Cavabdehnə ödənilməli, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ilkin iddia üzrə Cavabdehndən 64.10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, qarşılıqlı iddia üzrə isə İddiaçı 31.63 manat məbləğində dövlət rüsumu tutularaq Cavabdehnə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00010 saylı abunə koduna hesablanmış 4410.58 manat məbləğində borc silinsin. Cavabdehndən 64.10 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı 1163 manat məbləğində borc və 31.63 manat məbləğində dövlət rüsumu tutularaq Cavabdeh bank hesabına ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-3465/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3465/2023
08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver