Məhkəmə qərarları › İş №2(008)-3470/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3470/2023

19.06.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3470/2023 19.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh rəisi Cavid Muradovun xx.xx.2022-ci il tarixli, Ə790-073-22 saylı əmrini ləğv edib, vəzifəyə bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən əvvəlki vəzifəyə işə bərpa ediləcəyi müddətə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının Daxili İşlər Nazirliyindən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci ildən Cavabdeh rəisinin əmri ilə Cavabdeh 13-cü Polis Bölməsində əmək müqaviləsi əsasənda operator vəzifəsində çalışıb. xx.xx.2022-ci il tarixində isə əmək müqaviləsinə heç bir əsas olmadan xitam verərək işdən azad edilmişdir. İşlədiyi dövrdə işə götürən ilə aralarında heç bir problem yaranmamışdır. Bundan əlavə işlədiyi müddətdə işində heç bir qüsur və ya pozuntu olmamışdır. Buna baxmayaraq, Cavabdeh rəisi Cavid Muradovun 28 noyabr 2022-ci il tarixli əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Səbəb olaraq göstərilən əsasların heç biri düzgün deyildir. Qeyd edilən Əmrdə bildirilmişdir ki, guya iddiaçı daxil olmuş məktubu vaxtında aidiyyatı üzrə göndərməmişdir. Gecikmə halı ilə bağlı heç bir sübut yoxdur və bunu kimsə mübahisələndirməyib. Belə olan halda isə səbəb olaraq bunun göstərilməsi, iddiaçını işdən çıxarmağa hesablanmış addımdır. İddiaçı bununla bağlı əlavə olaraq qeyd etmək istəyir ki, əmrin əsası kimi qeyd edilən məktub tam vaxtında elektron sistemə yerləşdirilmiş, lakin elektron sistemdəki problemlə əlaqədar gecikmə ola bilərdi. Bu da iddiaçının işdən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılmağına əsas ola bilməz. Çünki qeyd edilən məktub artıq aidiyyatı qurum tərəfindən icra edilmiş, bununla bağlı hər hansı mübahisə olmamış, işin ümumi axarı pozulmamışdır. Bundan başqa o da qeyd olunmuşdur ki, işlədiyi dəftərxanada aidiyyatı olmayan mülki şəxsin işləməsi iddiaçının işdən çıxarılma səbələrindən biridir. Həmin şəxs Əliyeva Nərmin uzun müddətdir ki, orada işləyir və bundan öncəki bölmə rəisi də bu məsələdən xəbərdar olmuşdur. Bu faktla bağlı iddiaçı onu qeyd edir ki, əmrdə iddia edilən işçi iddiaçı işə düzələndə də orda işləmişdir. Yəni, onun dəftərxanada işləyib işləməməsi ilə bağlı hər hansı göstəriş vermək iddiaçının səlahiyyətində olmamışdır. Necə ola bilər ki, Polis Bölməsində rəisin xəbəri və icazəsi olmadan kimsə uzun illər orda işləsin?! Belə hal ola bilmədiyinə görə, həmçinin həmin işçi ilə bağlı iddiaçının hər hansı səlahiyyətinin olmamasına görə iddiaçı işdən çıxarıla bilməz. Əmək müqaviləsi üzrə vəzifə səlahiyyətlərinə diqqət edilsə, iddiaçının həmin orqanda “insan resursları üzrə mütəxəsis” yox operator vəzifəsində çalışdığını açıqaşkar görmək olar. İşdə bu günədək heç bir pozuntu olmadan, işə gecikmə halı olmadan, vəzifə səlahiyyətlərini aşmaq nüansı olmadan birbaşa Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə iddiaçının çıxarılmağı hüququn işləmə prinsipinə daban-dabana zidd olması göz qabağındadır. İddiaçı haqqında işdən çıxarılma əmri verilməzdən əvvəl bu məsələ ilə bağlı ondan izahat alınmış, izahatda iddiaçı iş həcminin çoxluğundan məktubun elektron sənəd dövriyyəsindən keçib keçməməsinə diqqət yetirməməyini (bunun bəzən sistemdə olan nasazlıqla bağlı olduğu) diqqətindən yayınmasını və bir daha belə diqqətsizliyə yol verməyəcəyini bildirmiş, üzrlü hesab etmələrini xahiş etmiş, birbaşa tabe olduqları Sabunçu RPİ-nin dəftərxana müdiri ilə əlaqə yaratmış həmin şəxs heç bir problem olmadığını işinə davam etməyini bildirmişdir. Lakin buna baxmayaraq diqqəti intizam tənbehi tətbiq edilməmiş və tərəfinə heç bir məlumat təqdim edilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 187.1-ci maddəsinin tələbinə görə, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Hesab edir ki, belə bir əmrin verilməsi iddiaçının indidən sonra hər hansı başqa bir yerdə işləməyinə böyük bir əngəldir. Belə ki, hal-hazırda üzərində elə bir sosial öhdəliklər var ki, bundan sonra iddiaçının işsiz qalmağı onun himayəsində olan insanlar üçün sadəcə faciədir. Çünki belə olan halda təkcə o, yox, eyni zamanda ailəsi, onunla birlikdə yaşayan şəhid anası bu əmrdən əziyyət çəkəcəkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəməyə gəlməmiş bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Sabunçu RPİ 13-cü PB-nin dəftərxana operatoru vəzifəsində işə qəbul olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdeh Ə790-073-22 saylı, xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, DİN-in 2003-405 və 2005-018 nömrəli əmrlərinin, 2016-Q42 nömrəli qərarın tələblərini pozaraq, daxil olmuş məktubun vaxtında qeydiyyata alınaraq göndərilməsini təmin etmədiyinə, eləcə də rejimli yer hesab olunan dəftərxanada aidiyyatı olmayan mülki şəxsin fəaliyyət göstərməsinə şərait yaratdığına görə Sabunçu RPİ-nin 13-cü PB-nin operatoru, İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Cavabdehndə əmək müqaviləsinə əsasən işləmiş və xx.xx.2022-ci il tarixli əmrlə İddiaçı Əmək Məcəlləsinin 70ci maddəsinin “Ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Sözügedən əmrdə onun işdən azad edilməsinə əsas kimi daxil olmuş məktubun vaxtında qeydiyyata alınaraq göndərilməsini təmin etmədiyi, eləcə də rejimli yer hesab olunan dəftərxanada aidiyyatı olmayan mülki şəxsin fəaliyyət göstərməsinə şərait yaratdığı, bununla da, əmək vəzifələrini kobud şəkildə pozulması əsas göstərilmişdir. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Əmək Məcəlləsinin 74.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74.2-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Göründüyü kimi, Cavabdeh xx.xx.2022-ci il tarixli əmrində İddiaçı işdən azad edilməsinin əsas səbəbi kimi “əmək vəzifələrini kobud şəkildə pozması” qeyd olunmuş və əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi göstərilmişdir. Lakin, məhkəmə hesab edir ki, əmək qanunvericiliyində əmək müqaviləsinin ləğv edilməsinin əsasları, əlaxsus da işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların dairəsi dəqiq müəyyən olunmuş və “daxil olmuş məktubun vaxtında qeydiyyata alınaraq göndərilməsini təmin etməmə, eləcə də rejimli yer hesab olunan dəftərxanada aidiyyatı olmayan mülki şəxsin fəaliyyət göstərməsinə şərait yaratma” Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləsinin ləğvinə əsas ola bilməz. Belə ki, əmək qanunvericiliyinin tələblərinə görə işçi ilə əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək ən ağır intizam tənbehi olmaqla yanaşı, bunun üçün ciddi əsaslar olmalı, prosedurlara riayət edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehi olmaqla ən ağır tənbeh növüdür. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə görə işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında əmək müqaviləsinə cavabdeh tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş ləğvetmə əsaslarını pozularaq, müəyyən edilmiş qaydaların tələblərinə əməl edilmədən işçi ilə əmək münasibətlərinə xitam vermişdir ki, buna görə də Cavabdeh xx.xx.2022-ci il tarixli, Ə790-073-22 saylı əmri ləğv edilməlidir. Cavabdeh orqan məhkəmənin iclasları barədə lazımi qaydada məlumatladırılmasına baxmayaraq, onlar tərəfindən qəbul olunan sözügedən əmrin qanuniliyinə dair və həmçinin İddiaçı hərəkətlərinin həqiqətən də müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olmasına və işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmasına dair heç bir dəlil gətirməmiş, ümumiyyətlə iddiaya hər hansı münasibət bildirməmişdir. Belə olan halda məhkəmə həmin əmrin ləğvi tələbini əsaslı hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsində də hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin Qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli Ə790-073-22 saylı əmr ləğv edilməli, İddiaçı işə bərpa edilməli və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddiada qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən-hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli Ə790-073-22 saylı əmri ləğv edilərək İddiaçı Cavabdeh 13-cü PB-də “dəftərxana operatoru” vəzifəsinə işə bərpa olunsun. Məcburi iş buraxma müddəti üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla İddiaçı Daxili İşlər Nazirliyi tərəfindən işə bərpa olunan günə qədər əmək haqqı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar