Məhkəmə qərarları › İş №2(008)-3472/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3472/2023

14.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3472/2023 14.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi X2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şifoner, takt, termo, servant, kamot, stol, stul, divan, iki taxt tumuçkası, televizor altlığı, jurnalnı stol və uşaq yataq dəstinin iddiaçının istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evindən çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Lerik rayonunun Sors kəndində anadan olmuşdur. X1 və keçmiş gəlini X4 xx.xx.2015-ci il tarixdə Lerik rayon Molalan kənd ƏİN-də 12 saylı qeydlə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan onların xx.xx.2016-cı il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. Nikaha daxil olduqdan sonra bir müddət münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulmuşdur. Bundan başqa Cavabdeh gəlin gələrkən valideyinləri tərəfindən onlara verilmiş cehiz əmlakların bir qismi iddiaçının istifadəsində olan fərdi yaşayış evində qalmışdır.Evin kiçik olması, əşyaların evdə olması yaşamaqlarına problem yarasır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə , iddianı qəbul etməyərək, izahatında bildirdi ki, Sevanə Binə qəsəbəsinə gəlin köçmüş, əşyalarını da ora aparmışdır. Lerik Rayon Məhkəməsinin qətnaməsi ilə Sevanənin həmin evə köçürülməsi qərara alınmış, lakin 1 il sonra ev satıldığından qətnamə icra olunmamışdır. Əmlakları götürüb Ramanaya aparmasını qəbul etmirik. Qətnamə ilə harada olduğu müəyyən olmuşdursa orda olmalı idi əşyalar. Özü də üzərində həbs var idi. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəməyə gəlməmiş bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəməədn xahiş etmişdir. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 2(048)-531/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X3 1 ədəd şifoner dəyəri 800 manat, 1 ədəd termo dəyəri 300 manat, 1 ədəd taxt dəyəri 250 manat, 1 ədəd servant dəyəri 1000 manat, 1 ədəd kamot dəyəri 200 manat, 1 ədəd televizor altı dəyəri 200 manat, stul-stol dəsti dəyəri 500 manat, divan-kreslo dəsti dəyəri 1200 manat, 4 ədəd tefal qazan dəsti dəyəri 200 manat, uşaq beşiyi dəyəri 200 manat, 1 ədəd ütü altığı dəyəri 70 manat, 2 ədəd pecə işığı dəyəri 100 manat, 1 ədəd mikser dəyəri 50 manat, 1 ədəd güzgü dəyəri 100 manat, 5 ədəd dəsmal dəyəri 80 manat, 6 ədəd mürəbbə qabı dəyəri 100 manat, 1 ədəd lampa dəyəri 20 manat, 6 ədəd tort nimçəsi dəyəri 100 manat, 6 ədəd çərəz qabı dəyəri 150 manat, 3 ədəd vaza dəyəri 70 manat, 1 ədəd tyorka dəyəri 10 manat, 6 ədəd meyvə qabı dəyəri 120 manat, 1 ədəd tək tort qabı dəyəri 50 manat, 12 ədəd kasa rəyəri 40 manat, 1 ədəd konfet qabı dəyəri 20 manat, 1 ədəd hədiyə olunmuş qızıl üzük dəyəri 216 manat, komplekt (qızıl üzük,qızıl sırğa,qızıl sep) dəyəri 2300 manat, valideyinləri tərəfindən ona hədiyyə olunmuş 1 ədəd onluq qızıl sep dəyəri 1950 manat olan əmlakların alınaraq Cavabdeh verilməsi qət edilmişdir. -35 saylı Notariat ofisində İddiaçı tərəfindən yazılmış **********070 saylı ərizədən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 300 kv.m torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evini – X5 40000 manata satmış, həmin məbləği tam olaraq almışdır. -Lerik Rayon Məhkəməsinin 2(048)-682/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh məxsus cehiz əşyaları – 1 ədəd şifoner, 1 ədəd taxt, 1 ədəd termo, 1 ədəd servant , 1 ədəd kamot, 1 ədəd stol və stulları, 1 ədəd divan, iki taxt tumbuçkası, 1 ədəd televizor altlığı, 1 ədəd jurnalnı stol, 1 ədəd uşaq yataq dəstinin İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evindən çıxarılaraq Cavabdeh qaytarılması qət edilmişdir. - Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-373/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Cavabdeh tərəfindən apellyasiya şikayəti qismən təmin edilərək, Lerik Rayon Məhkəməsinin 2(048)-682/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki işə baxılması üçün aidiyyatı üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qət edilmişdir. İşin mübahisələndiirlməyən halları ondan ibarətdir ki, iddiaçının oğlu ilə Cavabdeh xx.xx.2015-ci il tarixdə il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Cavabdeh rəsmi nikaha daxil olarakən öz cehiz əmlaklarını iddiaçıya məxsus olan evdə yerləşdirmişdir. Sonradan iddiaçının oğlu ilə cavabdeh arasında münasibətlər pozulmuş, nikahları ləğv edilmişdir. Lerik Rayon Məhkəməsinin 2(048)-531/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən həmin cehiz əmlakların iddiaçının oğlundan alınaraq cavabdehə verilməsi qət edilmişdir. Lakin qətnamə icra olunmamışdır. Həmçinin hazırki iddia ərizəsində göstərilən əşyaların Binə qəsəbəsində yerləşən evdə olduğu müəyyən olunmuşdur və həmin əmlakların üzərinə həbs qoyulmuşdur. Hazırki iş üzrə mübahisələndirilən hal sözügedən əmlakların Ramana qəsəbəsində olmasıdır. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iddianın qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.4-cü maddəsinə nəzər salaraq qeyd edir ki, həmin maddənin tələbinə əsasən maneənin qaldırılmasını tələb edən şəxs ilk öncə mülkiyyətçi olmalı, ona məxsus olduğunu iddia etdiyi əmlaka dair hüquqlarını dövlət qeydiyyatına aldırmalıdır. Hazırki vəziyyətdə isə iddiaçı iddia tələbində ona məxsus fərdi yaşayış evnin həqiqətən də ona məxsus olduğuna dair heç bir sübut təqdim etmir və beləliklə o, bu iddianı qaldırmaqda ümumiyyətlə subyektiv hüquqa malik deyil. Həmçinin, qanuni qüvvəyə minmiş bir qətnamə il sözügedən əşyaların Binə qəsəbəsində olması müəyyən olunduğu halda, onların indi başqa bir ünvanda yerləşməsinə dair də məhkəməyə hər hansı bir sübut təqdim olunmadı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, İddiaçı tərəfindən öz iddia tələbinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Beləliklə, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması barədə iddiaçının iddia ərizəsindəki dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmadığından əsassızdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar