Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3477/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı, Cavabdeh X8 iştirakı ilə, İddiaçı cavabdehlər X9, X13, X14 və X10 qarşı “yaşayış sahəsinə istifadə hüququnun olmaması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Əjdər oğluna, Cavabdeh2, X14 və X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X5, X8, X11 və X6 ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Kişvəri küçəsi, döngə 4-də yerləşən 2a saylı fərdi yaşayış evindən istifadə hüqunun olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o və ailəsi 1992-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Kişvəri küçəsi, döngə 4-də yerləşən 2a saylı fərdi yaşayış evində yaşayırlar. 2007-ci ilin oktyabr ayında həmin evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı çıxarış verilmişdir. Qeyd olunan fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. O və ailə üzvləri həmin evdə qeydiyyatda olmaqla, orada yaşayırlar. Sonradan həmin evə müxtəlif səbəblərdən keçmiş tanışı X15, bacısı gəlini X18 və onun azyaşlı uşaqları X19, X16 qeydiyyata düşmüşlər, baxmayaraq ki, heç vaxt həmin evdə yaşamamışlar. Həmin şəxslərin ona məxsus evdə qeydiyyatda olmaları səbəbindən, kommunal xidmətlər üçün vergini artıq ödəyir. Digər tərəfdən, fərdi yaşayış evi üzərindəki sahiblik, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində özü və uşaqlarının heç vaxt yaşamadığını bildirmişdir. Ona görə də, iddianın təmin edilərək, onun və azyaşlı uşaqları - X11 və X6 həmin evdən istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdeh X9 ünvanlanmış məhkəmə bildirişi onun məlum olan axırıncı yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına göndərilmişdir. Eyni zamanda, cavabdeh telefon vasitəsilə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası MPM) 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Kişvəri küçəsi, döngə 4-də yerləşən 2a saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına ********* qeydiyyat nömrəsi ilə 21.11.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsinin 11/1705 saylı, 31.10.2007-ci il tarixli Daşınmaz Əmlakın Texniki pasportundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Kişvəri küçəsi, döngə 4-də yerləşən 2a saylı fərdi yaşayış evi İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilmişdir. - Bakı şəhəri Sabunçu RİH Başçısının Sabunçu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 41 saylı, 11.06.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Kişvəri küçəsi, döngə 4-də yerləşən 2a saylı fərdi yaşayış evində yaşayır. X1, X18, X19, X16, X19 da həmin ünvanda qeydiyyatdadırlar. - Bakı şəhəri Sabunçu RİH Başçısının Sabunçu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 04.05.2021-ci il tarixli cavabından görünür ki, cavabdehlər Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Kişvəri küçəsi, döngə 4-də yerləşən 2a saylı fərdi yaşayış evində yaşamadıqlarından, məhkəmə bildirişini onlara təqdim etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 10.06.2021-ci il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı 26.11.2005-ci il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Kişvəri küçəsi, döngə 4-də yerləşən 2a saylı fərdi yaşayış evində qeydiyyatdadır. X1, X18, X19, X16, X19 da həmin ünvanda qeydiyyatdadırlar. X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Kişvəri küçəsi, döngə 1-də yerləşən 18 saylı fərdi yaşayış evində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. İddiaçı ilə 20 ilə yaxındır ki, qonşudur. İddiaçı ona məxsus evdə oğlu ilə birlikdə yaşayır. Cavabdehləri həmin evdə heç vaxt görməmiş, onları ümumiyyətlə tanımır. X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı ilə üzbəüz qapı qonşusudur. İddiaçı ona məxsus evdə oğlu və qızı ilə birlikdə yaşamışdır. Sonradan qızı ailə quraraq, başqa evə köçmüşdür. Cavabdehlərdən X12 ümumiyyətlə görməyib və tanımır. X8 isə, iddiaçının bacısının gəlini olduğunu bilir. Cavabdehlər iddiaçıya məxsus fərdi yaşayış evində heç vaxt yaşamamışlar. X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Kişvəri küçəsində yerləşən 14a saylı fərdi yaşayış evində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. İddiaçı ilə 20 ildən artıqdır ki, qonşudur. İddiaçı ona məxsus evdə oğlu və qızı ilə birlikdə yaşamışdır. Sonradan qızı ailə quraraq, başqa evə köçmüşdür. Cavabdehləri tanımır, onları həmin evdə heç vaxt görməmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin yaşamadıqları halda, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda qalmaları sonuncunun ev üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Kişvəri küçəsi, döngə 4-də yerləşən 2a saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlər həmin evdə heç vaxt yaşamamaqla, oradan istifadə etməmişlər, qeydiyyatları formal xarakter daşıyır. Məhkəmə hesab edir ki, cavabdehlərin qeyd olunan fərdi yaşayış evində qeydiyyatda qalmaları iddiaçının həmin ev üzərində mülkiyyət hüququnu pozduğundan, həmin şəxslərin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Kişvəri küçəsi, döngə 4-də yerləşən 2a saylı fərdi yaşayış evindən istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər X5, X8, azyaşlılar - X11 və X6 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Kişvəri küçəsi, döngə 4-də yerləşən 2a saylı fərdi yaşayış evindən istifadə hüquqlarının olmaması müəyyən edilsin. Qətnamə cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Kişvəri küçəsi, döngə 4-də yerləşən 2a saylı fərdi yaşayış evinə olan qeydiyyatlarının ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-3477/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3477/2021
14.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver