Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3554/2023 26.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh İBnin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən ona (abonent kodu: **********00110) əsassız hesablanmış 1306 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı ünvan 1 ünvanıda yerləşən evə məxsus qaz sayğacına əsassız olaraq borc hesablanmışdır. Sözügedən aktlardan xəbəri olmamış və akt onun iştirakı olmadan tərtib edilmişdir. Məsələ araşdırıldıqdan sonra məlum olmuşdur ki, cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında sayğacda nasazlıq aşkar edilmişdir və guya bu da sayğaca müdaxilə edilməsi və qaz itkisi kimi qiymətləndirilmişdir. Sözügedən akt əsasında mərhuim həyat yoldaşının adına 1306 manat məbləğində borc hesablanmışdır. Onların həmin qaz sayğacına müdaxilə etmək imkanları heç vaxt belə bir niyyəti olmamışdır. Əri öldükdən sonra o, sayğacı öz adına dəyişmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən ona əsassız olaraq borc hesablanmışdır. Cavabdeh təşkilat qaz xəttinə müdaxilənin onlar tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan yüksək məbləğdə cərimə hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X7 iddianı qəbul etmədi və iddianın rədd edilməsini xahiş etdi. Nümayəndə qeyd etdi ki, iddiaçının yaşadığı ünvanda ərinin sağlığında sayğacdan kənar qaz xətti aşkar edilmiş və 1015,20 manat zərər hesablanmış, kənar xətti sübut edən fotoşəkillər akta əlavə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını təhqiq edib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər əlavə edilmişdir). İddiaçı Bakı şəhəri, Sabunçu rayon, Maştağa qəs, İ.Həsənov (Xanlar) küçəsi-0050- 0110 ünvanında quraşdırılan sayğac üzrə qeydiyyatdan keçən qaz abonentidir (**********00110 №-li abonent kodu). Həmin ünvanda qeydiyyata alınan cihazlar – 4 gözlü qaz plitəsi (PQ-4) və samovardır. Həmin ünvanda abonent iddiaçınin əri X4 olmuşdur. X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür (AZ-İİ seryalı 088855 №-li ölüm haqqında şəhadətnamə). X1 cavabdehin əməkdaşları tərəfindən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin aşkar edilməsi barədə xx.xx.2019-cu il tarixdə ******* №-li Akti tərtib edilmiş, 10152 kub metr itirilmiş qazın hesabatı aparılmış, 1015,20 manat zərər hesablanmış, həmin məbləğ abonentin saldosunda öz əksini tapmışdır. Adıçəkilən ünvanda qeydiyyatda iki cihaz olsa da, hesabat 4 cihaz üzrə aparılmış, hesabat müddəti 180 gün götürülmüşdür. Hazırda iddiaçı 1306 manat məbləğin hesab kodundan silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 №-li xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli ******* №-li Akt əsasında 10152 kub metr itirilmiş qaz düzgün hesablanmamışdır. Belə ki, hesablama müqavilədə nəzərdə tutulan iki qurğudan əlavə olaraq radiator və dəmir soba üzrə aparılmış və hesabat müddəti 180 gün götürülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, hesablama aşağıdakı qaydada aparılmalıdır: 0,8x6x30=144 kub metr, zərər 14,40 manat, 1,5x8x30=360 kub metr, zərər 36,0 manat, cəmi 504 kub metr qaza görə 50,4 manat zərər. Beləliklə, məhkəmə hesab edir ki, adıçəkilən akt üzrə iddiaçının hesab kodundan 50,4 manat məbləğində zərər silinə bilməz, 964,8 manat məbləğində silinməlidir. Akt üzrə 1015,20 manat hesablanmış olsa da, iddiaçı 1306 manatı silinməsini istəyir. İddiaçı 290,8 manat (1306 - 1015,20) borcun yaranma mənbəiy barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə işin hallarına və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən, 964,8 manat borcun silinməsi hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azəriqaz” İB tərəfindən xx.xx.2019-cu il tarixli ******* №-li Akt əsasında hesablanmış 964,8 manat İddiaçı məxsus **********00110 №-li abonent kodundan silinsin. İddia qalan hissədə rədd edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3554/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3554/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver