Məhkəmə qərarları › İş №2(008)-3579/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3579/2020

25.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3579/2020 25.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə arasında imzalanmış xx.xx.2019-cu il tarixli «Su filtirlərinin satış müqaviləsi»nin ləğv edilməsi, cavabdehdən əsas borc üzrə 650 manat, cərimə 242 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 922 manat pul məbləğinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə arasında imzalanmış xx.xx.2019-cu il tarixli «Su filtirlərinin satış müqaviləsi» üzrə cavabdehdən əsas borc üzrə 650 manat, cərimə 242 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 922 manat pul məbləğinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasinda imzalanmış xx.xx.2019-cu il tarixli «Su filtirlərinin satış müqaviləsi»nə əsasən cavabdehə nümayiş etdirdiyi «Qorxmazoğlu su» markalı su filtirini 750 manata satmış, cavabdeh isə həmin məbləği xx.xx.2020-ci il tarixədək bərabər hissələrlə ödəməyi öz öhdəsinə götürmüşdür. O, müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vicdanla, lazımi qaydada, qanunvericiliyə və müqavilə şərtlərinə uyğun şəkildə yerinə yetirərək müqavilənin predmeti olan su filtirini tam istifadəyə yararlı vəziyyətdə cavabdehə təhvil vermişdir. Lakin, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl etməyərək 100 manat ödəniş etmiş, yerdə qalan 650 manat pul vəsaitini bu günə kimi ödəməmişdir. Bundan əlavə müqavilənin 2.5-ci maddəsinə əsasən alıcı ödənişi müəyyən edilmiş müddətdə həyata keçirmədikdə, satıcı hər gecikdirilmiş günə görə növbəti ödəniş məbləğindən 2% məbləğində penya əlavə edir. Hesab edir ki, sonuncu ödəniş günündən, yəni xx.xx.2019cu il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi tarixə, yəni xx.xx.2020-ci il tarixə kimi 242 manat (65 x 2% = 1,30 m x 186 gün = 242) məbləğində cərimə məbləğidə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə cavabdehlə aralarında bağlanmış müqavilənin bitmədiyini, lakin cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl etmədiyini nəzərə alaraq tərəfindən müqavilənin ləğv edilməsi və 650 manat pul məbləğinin tam şəkildə ödənilməsi barədə cavabdehə bildiriş göndərilmiş, bildiriş cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmiş və iddia ərizəsinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddələrnin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasinda bağlanmış xx.xx.2019-cu il tarixli «Su filtirlərinin satış müqaviləsi»ndən görünür ki, iddiaçı cavabdehə 750 manat dəyərində 1 ədəd «Qorxmazoğlu su» markalı su filtiri satmiş, həmin müqavilənin ödəniş cədvəlinə əsasən cavabdeh xx.xx.2020-ci il tarixədək bərabər hissələrlə ödəməyi öz öhdəsinə götürmüş, su filtiri xx.xx.2019-cu il tarixdə cavabdehə təhvil verilmişdir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən alıcı ödənişi müəyyən edilmiş müddətdə həyata keçirmədikdə, satıcı hər gecikdirilmiş günə görə növbəti ödəniş məbləğindən 2% məbləğində penya əlavə edir. İş materiallarında olan iddiaçı tərəfindən verilmiş arayışdan görünür ki Cavabdeh xx.xx.2019-cu ildə 750 manat məbləğində su filtiri satılmış, 100 manat ödəniş etmiş, 650 manat isə bu günə kimi ödənilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən borcun ödənilməsi tələb edilmişdir. Hazırda iddiaçı cavabdehdən satış müqaviləsi üzrə yaranmış cəmi 922 manat məbləğində borcunun tutularaq ödənilməsini istəyir. İddiaçı tərəfindən cavabdehdən borcun ödənilməsinin tələb edilməsi, borc məbləğinin məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə bildiriş göndərilmişdir. İş materiallarından cavabdeh tərəfindən yaranmış borcun iddiaçıya ödənilməsi görünmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir; Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Məhkəmə işin araşdırılan hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tələb olunması hissəsində əsaslı olduğundan tam təmin edilməlidir. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə gecikdirilmiş məbləğə görə hesablanmış cərimənin yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçı tərəfindən hesablanmış 242 manat cərimə məbləğinin 10 %-i həcmində, yəni 24 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia 75,75 % hissəsində təmin edildiyindən (tələb edilən 892 manatdan təmin olunan 674 manatın faizi) ödənilmiş 30 manat dövlət rüsumunun 22,65 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 7,35 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2019-cu il tarixli «Su filtirlərinin satış müqaviləsi» üzrə Cavabdeh əsas borc üzrə 650 manat, cərimə 24 manat cəmi 674 manat pul məbləği tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə rədd olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2019-cu il tarixli «Su filtirlərinin satış müqaviləsi» üzrə Cavabdeh əsas borc üzrə 650 manat, cərimə 24 manat manat, cəmi 674 pul məbləğinin tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd olunsun. Ödənilmiş 30 manat dövlət rüsumunun 22,65 manatı cavabdehdən iddiaçının xeyrinə tutulsun, 7,35 manatı isə iddiaçıya aid edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar