Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3584/2024 05.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuş əri X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri X5 xx.xx.2024-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında vəfat etmiş, Maştağa qəsəbəsindəki “Pirşəhid” qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt Bakı şəhər Təcili və X4 Stansiyasının 14 saylı bölməsinin həkimləri gəlsələr də, əri artıq vəfat etmişdir və həkim onlara sadəcə xəbərdarlıq vərəqəsi vermişdir. Əri barəsində 14 saylı Şəhər Poliklinikasından da xəstəliklə bağlı qeydiyyatı olmadığından ölüm haqqında tibbi şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid Quliyev X9 ifadəsində bildirmişdir ki, mərhum Saleh əmisi oğludur. Əmisi qızı vasitəsilə mərhumun ölümündən xəbəri olmuşdur. O və qohumları Maştağa qəsəbəsində yaşayırlar. Mərhumun ölüm tarixi dəqiq yadında deyil. Mərhumun ölümünün bir ilinin tamam olmasına 5-6 ay qalıb. Qış ayı idi. Mərhum öz evində yaşayırdı, qəfil ölüb. Təcili yardım gəlsə də, Salehin artıq öldüyünü demişlər. Mərhum Pirşəhid qəbirstanlığında dəfn olunmuşdur. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qonşudur, Maştağa qəsəbəsində yaşayırlar. Mərhum anidən ölüb, yatıb və ayılmayıb. Mərhum Saleh 2024-cü ilin fevral ayında ölüb, günü xatırlamır. Qəbir daşının qoyulması barədə məlumatı yoxdur. Təcili yardım çağrılmışdı. Mərhumun xəstəliyi olmamışdır. Dəfndə iştirak etməmiş, lakin yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, mərhumun qonşusudur, Maştağa qəsəbəsində həyət evində yaşayır. 35-40 il olar ki, qonşudurlar. Həyətdə olanda təcili yardım səsi eşitmiş, mərhumun yatıb oyanmadığını öyrənmişdir. Dəfndə və yas mərasimində iştirak etmişdir. Mərhum Maştağa qəsəbəsində dəfn olunmuşdur. Mərhum Saleh 2024-cü ilin fevral ayında ölüb, günü xatırlamır. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 16103225 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. - Vİ-ЖГ seriyalı 338273 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Ərizəçi xx.xx.1993-cü il tarixdə nikahlarını bağlamışlar. - Təcili və X4 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X5 TTTY gələnə qədər ölmüşdür. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3-16- 5/8-15-263/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması barədə aidiyyəti üzrə müraciət etməli olması ərizəçiyə izah edilmişdir. - Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 115 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, Maştağa qəsəbəsi Pirşəhid qəbirstanlığında dəfn olunmuşdur. - 21 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 135 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 1966-cı il təvəllüdlü X1 poliklinikaya heç bir xəstəliklə müraciəti olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə yazılması səlahiyyətləri xaricindədir. - fotoşəkillərdən görünür ki, X5 xx.xx.1966-cı il tarixdə doğulmuş, xx.xx.2024-cü il tarixdə ölmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X1 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1966-cı il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1966-cı il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-3584/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3584/2024
05.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver