Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3608/2023 08.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə əsassız hesablanmış 8896.72 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda təbii qazdan istifadəyə görə abonent istifadəçisidir. Abonent kodu **********00000-dır. Ünvana quraşdırılan sayğac elektron sayğac olduğundan karta pul yükləməklə təbii qazdan istifadə edilir. Bu yaxınlarda karta pul yüklədiyi zaman yüklənən puldan tutulma aparılmasını görmüşdür. Bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti əsasında ona cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edilmişdir. Ona təqdim edilmiş sənədlərə əsasən barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən guya mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmışdır. Həmin akt əsasında dəymiş ziyanın hesablanması göstərilmişdir. Lakin həmin aktla razı deyil, tamamilə əsassızdır. Belə ki sonradan aktla birlikdə ona təqdim etdikləri şəkildən görünür ki, cavabdeh təşkilatın nümayəndələri 9 dekabr 2022-ci il tarixdə gecə saat 00:18 radələrində xəbəri olmadan gəlib həyətə daxil olmadan müəyyən ediblər ki, guya o, qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir. Əgər cavabdehin göstərdiyi kimi sayğacdan kənar qeyri-qanuni istifadə aşkar etmişdirsə, onda nəyə görə qeyri-qanuni qaz xəttinin şəkli çəkilməyibdir. Onların gəlməyindən, tərtib olunmuş aktdan xəbəri yoxdur və akta imza etməmişdir.Təxminən bir həftə bundan əvvəl istifadə edəcəyi qaza görə sayğaca ödəniş etməyə getmiş, bu zaman öyrənmişdir ki, ona cərimə yazıblar. Bundan sonra müraciət etmiş və xx.xx.2023-cü il tarixdə aktı və abonent saldosunu almışdır. Əgər 2022-ci ildə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmişdirsə, bəs nəyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsi dayandırılmırdı. Çünki “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. Deməli, belə hal mövcud olmamışdır. Cavabdeh tərəfindən onun barəsində zərər aktı tərtib edilməsi şübhə doğurur və reallığa uyğun deyil. Habelə həmin aktda dəmir soba, İran sobasının olduğu göstərilir. Halbuki, cavabdeh təşkilatın nümayəndələri həyətinə, evinə daxil olmadıqları halda hardan biliblər ki, evində dəmir soba, İran sobası var. Aktda göstərilən qızdırıcılardan heç biri onun evində mövcud deyil. Bundan başqa, o, həmin ünvanda daimi yaşamır və əsasən yay aylarında həmin mənzildə yaşayır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilərkən istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Əvvəla, bu aktlar məhz onun sayğaca müdaxilə etməsini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsini bilavasitə təsdiq etmir. Çünki bu aktlar yalnız cavabdeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki onun, ümumiyyətlə, hər hansı istehlakçının cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Buna görə də onun qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandıncı və ağlabatan görünmür. Cavabdehin təqdim etdiyi aktdan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti istehlakçıya təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Tərtib edilmiş əsassız akt ucbatından 8896.72 manat borc yazılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədi, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın və dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçının evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, dəymiş ziyanın həcmi 73440 kubmetr müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 8812.80 manat məbləğində zərər hesablanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya məxsus evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır. Küçədə quraşdırılmış və işlək vəziyyətdə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca iddia tərəfindən müdaxilə edilməsi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə heyəti tərəfindən ünvan 2 ünvanına baxış keçirilmiş və mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə halları aşkar olunmamışdır. Mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə halı kimi şəkilləri çəkilmiş dəmir boruların qaz xəttinə aid olmadığı və sadəcə dayaq vasitəsi olduğu müəyyən edilmişdir. Mənzildə dördgöz mətbəx qazı və hamamda su qızdırıcı olduğu müəyyən edildi. Bundan başqa, cavabdeh tərəfindən tərtib edilmiş akt qanunvericiliyin sadalanan normalarının tələblərinə zidd olaraq, iddiaçı tərəfindən imzalanmamış, akt cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir ki, bu da yuxarıda adıçəkilən qaydaların 6.7-ci bəndinə ziddir. Həmin bəndə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında iddiaçının abunə koduna hesablanmış 8812.80 manat borc silinməlidir. Məhkəmə, iddia tələbini qalan hissədə əsassız hesab edir. Belə ki, abonent saldosundan görünür ki, iddiaçının silinməsini tələb etdiyi 8896.72 manat borcun 8812.80 manat hissəsi akt üzrə hesablanmış əsassız borc olsa da, qalan 83.92 manat debitor borcdur. Bu səbəbdən məhkəmə debitor borcun silinməsi hissəsində iddia tələbini əsassız hesab edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abunə koduna hesablanmış 8812.80 manat məbləğində borc silinməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 108 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abunə koduna hesablanmış 8812.80 manat məbləğində borc silinsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehndən 108 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-3608/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3608/2023
08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver