Məhkəmə qərarları › İş №2(008)-3670/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3670/2025

11.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3670/2025 11.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1954-cü il tarixdə doğulmuş X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağ sahəsi, 2812 A ünvanındakı evdə qeydiyyatda olamaqla yaşayır. xx.xx.1954-cü il təvəllüdlü mərhum atası X7 “iflic” xəstəliyindən əziyyət çəkirdi və müalicə olunurdu. Bildirir ki, mərhum atası onunla birlikdə ünvan 2 ünvanında yaşayaraq müalicələr alırdı. xx.xx.1954-cü il təvəllüdlü mərhum atası X7 xx.xx.2025-ci il tarixində yaşadığı ünvanındakı evdə vəziyyəti ağırlaşmışdı. Bildirir ki, o, dərhal təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardım gələnə kimi atası vəfat etmişdi. Təcili tibbi yardımın həkimi atasının vəfatı barədə arayış verdi. Daha sonra həmin arayışla ərazi üzrə 2 saylı Birləşmiş Şəhər Xəstəxanasına müraciət edərək atasının ölümü barədə həkim tibbi şəhadətnamə istəmişdir. Lakin mərhum atası ərazi üzrə poliklinikaya xəstəliyi ilə bağlı müraciət etmədiyi üçün atasının ölümü barədə həkim tibbi şəhadətnamə vermədilər. Bundan sonra Bakı şəhər Sabunçu Qeydiyyat şöbəsində ölüm haqqında şəhadətnamə verilməsi üçün müraciət etmişdir, lakin ölüm kağızı vermədilər və imtina etdilər və ona məhkəməyə müraciət etməli olduğunu bildirdilər. xx.xx.1954-cü il təvəllüdlü mərhum atası X7 Bakı şəhəri, Sabunçu rayonu, “Seyidlər” Qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxslər Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, Sərxan anası ilə birlikdə yaşayır və bir neçə ildir ki, Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsi Xankəndi küçəsində onunla qonşudurlar. Sərxanın atasının xəstə olması barədə məlumatı olmuş, beyni ilə bağlı problemləri var idi, yeriməkdə də çətinlik çəkirdi. Mart ayında axşam vaxtı Azər ölmüşdür, o, həmin vaxtlarda işdə olduğundan qayıdandan sonra bundan xəbəri olmuşdur. Mərhum 2025-ci ilin mart ayında ölüb. Yaş mərasimlərində iştirak etmişdir. Bakıda dəfn olunduğunu bilsə də, amma dəfn yerini bilmir. Məhkəmə iclasında şahid Alış-zadə Ofelya Mərkəz qızı ifadəsində bildirmişdir ki, Sərxanı və mərhum atasını qonşu kimi tanıyır. Bakı şəhəri Sabunçu rayonunun Yeni Ramana qəsəbəsi, Xankəndi küçəsində yaşayırlar. Fərdi yaşayış evində yaşayırlar. Sərxan atası ilə çoxdandır bir yerdə yaşayır. Azərin öldüyü gün evdən çölə çıxanda hamının toplaşdığını, evlərinin qarşısında maşınların dayandığını görmüşdür. Mərhumun xəstə olması barədə məlumatı olmuşdur. Dəfn vaxtı mərasim evinə yox, özünün evinə getmişdir. Mərhumun yataq xəstəsi olduğunu bilmişdir. Azər 2025-ci ilin mart ayının təxminən 26-sı ölmüş, Bakıda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qaynıdır. X4 gəlinidir. Qayınatası çox vaxt işdə olurdu deyə onu çox görə bilmirdi. Mərhumun maşından enərkən yıxıldığını görmüşdür. Ona həmişə həkimə getməli olduğunu desə də, mərhum həkimə inanmadığı üçün getməmişdir. Əvvəllər ayrı yaşasalar da, son iki ildə demək olar ki, birlikdə yaşayırlar. Qayınatasının böyrəklərində də problem var idi, Sabunçu xəstəxanasına da aparmışdılar. Həmin gün Sərxanın evində olmuş, öz evinə qayıdandan sonra ona zəng vurub vəfat etməsini xəbər vermişlər. Vəziyyəti pisləşən zaman təcili tibbi yardıma da zəng vurub məlumat vermişdilər. Mərhum Maştağada dəfn olunmuş, yas mərasimlərində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1954-cü il tarixdə doğulmuşdur. - Xİ-ЖГ seriyalı 412201 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-ci il tarixdə doğulmuşdur, atası X7, anası X1. - xx.xx.2025-ci il tarixli “Bakı şəhəri Təcili və X2 Stansiyası” PHŞ X6 Vərəqəsindən görünür ki, X7 TTTY gələnə qədər ölmüşdür. - Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 188 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Maştağa qəsəbəsi, “Seyidlər” qəbirstanlığında dəfn olunmuşdur. - Bakı şəhəri Sabunçu Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 316-5/8-15- 325/25 nömrəli xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilməsi ərizəçiyə izah edilmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 18-1-1-61/2-62/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X7 xx.xx.2025-ci ildə vəfat etmiş, mərhum 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olmadığı və heç bir xəstəliyi ilə bağlı müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün olmamışdır. İş materiallarında olan foto şəkillərdən görünür ki, X7 xx.xx.1954-cü il tarixdə doğulmuş və xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X4 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1954-cü il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1954-cü il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar