Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3736/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı «Asan Xidmət» mərkəzində notariat ofisinə qarşı bağışlanma müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı «Asan Xidmət» mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin oğlu X1 bağışlama müqaviləsinin qeydiyyatda olan şəxslərin razılığı olmadan bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan iddia tələbində qeyd edilən evini və 0,030070 ha torpaq sahəsini oğlu Elməddinə bağışlamaq üçün cavabdehə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2000-cu il tarixli, 167 №-li qərarı ilə təsdiq edilmiş «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimata istinadən imtina etmişdir. Həmin Təlimata əsasən bağışlanılan evdə qeydiyyatda olanların razılığı tələb olunur. Hesab edir ki, adıçəkilən Təlimat Mülki Məcəllənin 152.1, 152.5, 670.1-ci maddələrinə, Konstitusiyanın 29-cu maddəsinə, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına ziddir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə nümayəndənin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir (sənədlər iş materiallarına əlavə edilmişdir). ünvan 1 ünvanında yerləşən 65,70 kv metrdən fərdi yaşayış evi və 0,030070 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 10.03.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (Reyestrdən Çıxarış). Həmin evdə mülkiyyətçinin altı nəfər yetkinlik yaşına çatmış ailə üzvləri qeydiyyatdadılar (Daxili İşlər Nazirliyi tərəfindən 01.06.2020-ci il tarixdə verilmiş ******* №li Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayış). İddiaçı 03.06.2020-ci il tarixdə 5 saylı «Asan Xidmət» mərkəzində notariat ofisinə müraciət edərək, adıçəkilən daşınmaz əmlakın eyni ünvanda qeydiyyatda olan oğlu X1 bağışlamaq istəmiş, lakin evdə qeydiyyatda olan yetkinlik yaşına çatmış hər bir şəxsin notarial qaydada təsdiq olunmuş razılıq ərizələri mövcud olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2000-cu il tarixli, 167 №-li qərarı ilə təsdiq edilmiş «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimata istinadən müqavilənin rəsmiləşdirilməsindən imtina edilmişdir (cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 732 №-li 03.06.2020-ci il tarixli məktub). Hazırda iddiaçı fərdi yaşayış evinin oğlu X1 bağışlama müqaviləsinin qeydiyyatda olan şəxslərin razılığı olmadan bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin rədd olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 666.1-ci maddəsinə əsasən Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 667.1-ci maddəsinə əsasən Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Adları çəkilən maddələr ümumi maddələrdir. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlanma etibarlıdır. Qeydə alınmanın qaydaları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2000-cu il tarixli, 167 №-li qərarı ilə təsdiq edilmiş «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatında əks olunub. Həmin Təlimatın 49-cu bəndin birinci süməlsinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Məhkəmə hesab edir ki, adıçəkilən Təlimat yuxarıda sadalanan qanun normalarına zidd deyil, bu əsasdan da iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin oğlu X1 bağışlama müqaviləsinin qeydiyyatda olan şəxslərin razılığı olmadan bağlanması öhdəliyini cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı «Asan Xidmət» mərkəzində notariat ofisinə üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3736/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3736/2021
20.05.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver