Məhkəmə qərarları › İş №2(008)-3764/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3764/2021

22.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3764/2021 22.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı və onun vəkili X1 iştirakları ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək Bakı şəhəri, Sabunçu rayonu, Mövsüm Sənani küçəsi, X5 (İdris Suleymanov) küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 15.09.2017-ci il tarixdə nikaha girmiş, uşaqları olmamış, birgə nikah dövründə adıçəkilən evi birlikdə inşa edərək orada yaşamışdılar. 2020-ci ildə cavabdeh tərəfindən məcburi olaraq oradan çıxarılmışdır. Nikah cavabdehin iddiası əsasında pozulmuşdur. Bütün cehiz əşyaları həmin evdədir. Neçə vaxtdır ki, validyenlərinin yanında yaşamağa məcbur qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və iddia tələbinin dəyişdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ilə cavabdehin arasında 15.09.2017-ci il tarixdə bağlanmış nikah cavabdehin iddiası əsasında Sabunçu rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamədən görünür ki, iddiaçının və cavabdehin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Mövsüm Sənani küçəsi, X5 (İdris Suleymanov) ünvanında qeydiyyatsız yaşamaları barədə Sabunçu rayon İcra Hakimiyyəti Kürdəxanı qəsəbə nümayəndəliyi 29.06.2020-ci il tarixli aryış vermişdir. İddiaçıya məxsus cehiz əşyaları həmin evdə qalmışdır. Belə ki, Cavabdeh tərəfindən məhkəmədə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, X5, İdris Suleymanov küçəsində yerləşən və ona məxsus fərdi yaşayış evindən çoxsaylı cehiz əşyalarının çıxarılması barədə iddia ərizəsi vermişdir. Hazırda iddiaçı həmin evə köçürülməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır; 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqularını itirməmiş valideynlərin yaşayış yeri sayılır; 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Qeyd edildiyi kimi, iddiaçı məcburiyyətdən həmin evi tərk etmişdir, ona məxsus cehiz əşyaları bu günə kimi həmin evdədir, ev cavabdehə məxsusdur, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı mübahisəli evə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Mövsüm Sənani küçəsi, X5 (İdris Suleymanov) küçəsində yerləşən yaşayış evinə köçürülsün. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar