Məhkəmə qərarları › İş №2(008)-3769/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3769/2023

31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3769/2023 31.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh İBnin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən iddiaçıya məxsus Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi 24 saylı evin təbii qazına görə əsassız hesablanmış 4137 manat məbləğində borcun **********00001 №-li abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, 2023-cü ilin mart ayında Azəriqaz İB-nin 104 xidmətinə zəng vuraraq bildirmişdir ki, evininin qaz sayğacı xarab olub və sayğac minusa işləyir. Azəriqaz İB-nin əməkdaşları tərəfindən 2023-cü ilin mart ayında baxış keçirmliş, nasaz olan qaz sayğacı çıxarılaraq, yeni sayğac quraşdırımış və sayğaca plomb vurulmuşdur. Onlar 10 gündən sonra yenidən gəlib bildirmişdilər ki, yeni qoyduqları sayğac da xarab olmuş, ona görə də yenə də yeni sayğac quraşdırmışdılar. İddiaçıya bildirmişdilər ki, 86 manat məbləğində borcu vardır. İddiaçı da həmin məbləği ödəmişdir. Onlar qanunsuz olaraq akt tərtib etmişlər. Həmin aktı iddiaçı imzalamaqdan imtina etmişdir. Aktda qeyd edirlər ki, guya ki, küçədə olan kənar xətt iddiaçıya məxsusdur, halbuki, həmin kənar xəttin onun eviylə heç bir aidiyyətı yoxdur və o, həmin kənar xəttdən istifadə etməmişdir və buna dair heç bir sübut da yoxdur. Sonra bildirmişdilər ki, guya ki, 4137 manat məbləğində borcu yaranmışdır. Bununla qəti razı deyil. Belə ki, evdə özü, iki qızı, iki kürəkəni, dörd nəvəsi və həyat yoldaşı ilə birlikdə yaşayırlar. Qaz kəsildiyi üçün ev soyumuş, evdə soyuqdan donurduq, uşaqlara yemək bişirə, uşaqların paltarlarını yumaq mümkün deyildi. İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəsi təmin edilərək yaşadığım evin kəsilmiş təbii qaz xətti bərpa edilmiş və qazın verilməsinin dayandırılması Azəriqaz İB-nə qadağan edilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən əsassız hesablanmış borc qalmaqda davam edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X3 iddianı qəbul etmədi və iddianın rədd edilməsini xahiş etdi. Nümayəndə qeyd etdi ki, iddiaçının yaşadığı ünvanda sayğacdan kənar qaz xətti aşkar edilmiş və 4137 manat zərər hesablanmış, kənar xətti sübut edən fotoşəkillər akta əlavə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını təhqiq edib, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər əlavə edilmişdir). İddiaçı ünvan 1 ünvanında quraşdırılan sayğac üzrə qeydiyyatdan keçən qaz abonentidir (**********00001 №-li abonent kodu, xx.xx.2023-cü il tarixli, 04/3914 №-li müqavilə). Həmin ünvanda qeydiyyata alınan cihazlar – 4 gözlü qaz plitəsi (PQ-4) və kombi. Cavabdehin əməkdaşları tərəfindən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin aşkar edilməsi barədə xx.xx.2023-cü il tarixdə ******* №-li Akti tərtib edilmiş, 34560 kub metr zərərin hesabatı aparılmış, 4137 manat zərər hesablanmış, həmin məbləğ abonentin saldosunda öz əksini tapmışdır. Qeyd edildiyi kimi, adıçəkilən ünvanda qeydiyyatda PQ-4 və kombi olsa da, hesabat cihazlar üzrə aparılmamış, hesabat qaz sayğacı üzrə aparılmış, qaz sayğacının nominal saatlıq qaz sərfi 4 kub metr, orta günlük rejimi 24 satt və hesabat müddəti 360 gün qəbul edilmişdir (4 x 24 x 360 = 34560 kub metr). Hazırda iddiaçı 4137 manat məbləğin hesab kodundan silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 №-li xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.https://e-qanun.az/framework/21691 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İddiaçı onun tərəfindən kənar xəttdən istfadə etmədiyi bildirilmiş, cavabdeh tərəfindən bir fotoşəkildən başqa heç bir sübut təqdim edilməmişdir. belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən kənar xəttin möcudluğu sübuta yetirilməmişdir. Bundan başqa, Qaydalardan göründüyü kimi, zərərin məbləği hesablanaraq, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) nəzərə alınmalıdır. Cavabdehin əməkdaşları tərəfindən istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri barədə məlumatları olduğu halda, Qaydalarda nəzərə tutulmayan üsulla hesablama aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə işin hallarına və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB tərəfindən iddiaçıya məxsus Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi 24 saylı evin təbii qazına görə əsassız hesablanmış 4137 manat məbləğində borc **********00001 №-li abonent hesabından silinmməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən iddiaçıya məxsus Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi 24 saylı evin təbii qazına görə əsassız hesablanmış 4137 manat məbləğində borc **********00001 №-li abonent hesabından silinsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar