Məhkəmə qərarları › İş №2(008)-3786/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3786/2023

24.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3786/2023 24.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Hüseynova Elnarə Ramiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci tarixdə bir qız uşağı doğması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci tarixdə Bakı şəhərində ev şəraitində bir qız uşağı doğmuşdur. Uşaq üçün doğum haqqında şəhadətnamə almaqdan ötrü Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin uşaq tibb müəssisəsindən kənarda doğulduğu üçün qeydiyyat şöbəsində ona bildirmişlər ki, doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidir. Daha sonra ərizəçi məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə təqdim edərək, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində X1 doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində bildirmişdir ki, Maştağada yaşayır. Uşaq iki il bundan qabaq ərizəçinin evində doğulub. Doğulan vaxtı təcili yardım çağırılmışdır. Ərizəçinin evinə gələndə uşaq artıq dünyaya gəlmişdi. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində bildirmişdir ki, o ərizəçinin qonşusudur, qayınatası ilə dostdur. Ev şəraitində qız uşağının doğulduğunu bilir. Uşağın doğulması təqribən iki il əvvəl baş vermişdir. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində bildirmişdir ki, ərizəçinin xalasıdır. Həmin gün bacısı ona zəng etmiş və ərizəçinin sancıladığını bildirərək xəstəxanaya getməyi demişdir. Daha sonra bacısının evinə gedərək ərizəçini xəstəxanaya aparmış, xəstəxanada isə onlara doğum vaxtına hələ müddət qaldığını bildirdikləri üçün geri qayıtmışdır. Ərizəçi uşağı evdə dünyaya gətirmişdir. Təcili yardım uşaq doğulandan sonra gəlmişdir. Doğuş vaxtı evdə o, ərizəçi, yoldaşı və əmisi arvadları var idi. Doğuş zamanı qalan şəxslər isə evin həyətində gözləyirdilər. Uşaq doğulan zaman yay ayları idi, təxminən ayın 22-si olardı. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən ərizənin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 05/1883-15 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.4.5-ci bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma köməklik göstərmiş həkimin verdiyi müvafiq sənəd təqdim edilməlidir. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bu qaydada nəzərdə tutulan əsaslar olmadığından qeydiyyat şöbəsi doğumu qeydə almaqdan imtina etmişdir. -Təcili və X5 Stansiyasının xx.xx.2021-ci il tarixli sahə həkimi üçün xəbərdarlıq vərəqəsindən görünür ki, Ərizəçi Təcili və X5 gələnə qədər evdə qız uşağı doğmuşdur. -Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx/xx-1883 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2021-ci ildə doğulmuş X6 barəsində doğum akt qeydi aşkar edilmədi. Arxiv məlumatları 2018-2022-ci illər Sabunçu rayon Qeydiyyat şöbəsinin doğum akt qeydləri yoxlanılmışdır. -21 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 369 nömrəli xx.xx.2022-ci il tarixli tibbi arayışdan görünür ki, Ərizəçi xx.xx.2021-ci il tarixdə evdə uşaq doğmuşdur. Halhazırda uşaq sağlamdır və 7 saylı BXPŞ poliklinikada qeydiyyatdadır. -“X15” PHŞ tərəfindən verilmiş 308 nömrəli xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.2021-ci il tarixdə evdə uşaq doğmuşdur. Hal-hazırda uşaq sağlamdır və “X15” 7 saylı poliklinikada qeydiyyatdadır. -AZ-İİ seriyalı 395007 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X12 xx.xx.2020-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 nömrəli Qərarının: 1.1-ci bəndinə əsasən xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.2021-ci il tarixdə Bakı şəhərində qız uşağı doğmuşdur. Bu fakt təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi uşağa doğum haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X4 ilə Ərizəçi birgə nikahından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində qız uşağı - X1 doğulması faktı müəyyən edilməlidir. Qətnamənin doğum akt qeydinin aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X4 ilə Ərizəçi birgə nikahından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində ev şəraitində qız uşağı - X1 doğulması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar