Məhkəmə qərarları › İş №2(008)-3810/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3810/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3810/2021 13.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 Bank Olmayan Kredit X4 Cəmiyyətinə, Cavabdeh3nə və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4 qarşı “hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin, hərracın nəticələrinə dair yekun protokolun, qeyri-yaşayış sahəsi ilə bağlı edilmiş hüquqi hərəkətlərin və onların nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh4 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “qeyri-yaşayış sahəsinin təhvil alınması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 Bank Olmayan Kredit X4 Cəmiyyətinə, Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinə və Cavabdeh4 qarşı “hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin, hərracın nəticələrinə dair yekun protokolun, qeyri-yaşayış sahəsi ilə bağlı edilmiş hüquqi hərəkətlərin və onların nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 10.12.2020-ci il tarixli, e-2-2(113)-298/2020 saylı icra vərəqəsi üzrə Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin 08.02.2021-ci il tarixli sifariş məktubu əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı keçirilmiş hərraca dair hərracın yekunları üzrə 03.03.2021-ci il tarixli alqı-satqı müqaviləsinin, hərracın nəticələri haqqında YP №85 saylı protokolun və qeyri-yaşayış sahəsi ilə bağlı edilmiş bütün hərəkətlərin və onların nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “qeyri-yaşayış sahəsinin təhvil alınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, ünvan 1 ünvanında 1-ci və 2-ci mərtəbəsində yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq Cavabdeh4 təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında qarşılıqlı iddia tələbini qəbul etməyib, ilkin iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Cavabdeh2 Bank Olmayan Kredit X4 Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 22.08.2008-ci il tarixli, 185/08/PB saylı və 21.10.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqavilələri bağlanmışdır. 22.08.2008-ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə 33 faiz dərəcəsi olmaqla 100.000 manat və 12 ay müddətinə 33 faiz dərəcəsi olmaqla 5000 manat plastik kart krediti verilmişdir. 21.10.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsi üzrə isə 60 ay müddətinə illik 7 faiz dərəcəsi olmaqla 300.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 Bank Olmayan Kredit X4 Cəmiyyəti tərəfindən verilmiş 22.08.2008-ci il tarixli kredit müqaviləsinin təminatı kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus ünvan 1 ünvanında 1-ci və 2-ci mərtəbəsində yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsi onun xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daha sonra isə, 21.10.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsinin təminatı kimi həmin ipoteka müqaviləsinə 21.10.2008-ci il tarixli, 1 saylı əlavə imzalanmışdır. Cavabdeh2 Bank Olmayan Kredit X4 Cəmiyyəti "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 22.08.2008-ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsinə əsasən 58.780,79 manat əsas, 35.812,71 manat faiz, 3.348,04 manat cərimə olmaqla, cəmi 97.941,54 manat və 21.10.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsinə əsasən 299.703,91 manat əsas, 62.136,68 manat faiz, 4178,61 manat cərimə olmaqla, cəmi 366.019,20 manat pulun tutulmasını, kredit müqaviləsi üzrə tələbin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus ünvan 1 ünvanında 1-ci və 2-ci mərtəbəsində yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyri-yaşayış sahəsinin dəyərinin 100.000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.12.2020ci il tarixli, e-2-2(113)- 298/2020 saylı qətnaməsi ilə Cavabdeh2 Bank Olmayan Kredit X4 Cəmiyyətinin iddia tələbi qeyri-yaşayış sahəsinin dəyəri 100.000 manat müəyyən edilməklə, açıq hərracda satılaraq borcun ödənilməsinə yönəldilməsi hissəsində təmin edilməmiş, qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 320.000 manat müəyyən edilməklə açıq hərraca çıxarılması barədə qətnamə qət edilmişdir. Məhkəmə çəkişməsinin tərəfi olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xəbəri olmadan qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin 26.01.2021-ci il tarixli, e-2-2(113)-298/2020 saylı icra vərəqəsi icra olunması üçün Səbail rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Səbail rayon İcra və probasiya şöbəsi “X1 Mərkəzi” MMC-yə 23873/2021-16-23/696 saylı, 08.02.2021-ci il tarixli sifariş məktubu ilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 10.12.2021-ci il tarixli, e-2-2(113)-298/2020 saylı icra vərəqəsində göstərilmiş borcun tutulması üçün likvid qiyməti 320.000 manat müəyyən edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus ünvan 1 ünvanında 1-ci və 2-ci mərtəbəsində yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış binasının açıq hərrac yolu ilə satılmasını təşkil etməsini xahiş etmişdir. Hərracın nəticələrinə dair YP№ 85 saylı yekun protokoldan görünür ki, ipoteka predmeti olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus ünvan 1 ünvanında 1-ci və 2-ci mərtəbəsində yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsi “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş 03.03.2021-ci il tarixli açıq hərracda Cavabdeh4 tərəfindən alınmışdır. “X1 Mərkəzi” MMC “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.3-cü maddəsinin tələbini pozmuşdur. Həmin maddəyə əsasən, hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC hərrac keçirərkən ipoteka qoyan tərəf kimi Cəmiyyətə hərracın keçirilməsinə dair bildiriş göndərməmişdir. Buna görə də hərraca çıxarılan mülkiyyətin sahibi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hərracın keçirilməsindən xəbəri olmamışdır. “X1 Mərkəzi” MMC tərəfindən təqdim edilən hərracın keçirilməsinə dair sənədlərdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış səhəsinə dair keçirilən hərrac 03.03.2021-ci il tarixə təyin edilmişdir. Hərracın keçirilməsinə dair bildiriş hərrac mərkəzi tərəfindən guya 12.02.2021-ci il tarixdə “MPS Meqa Post Service” kuryer xidmətinə təqdim edilmişdir. Hərracın keçirilməsinə dair bildirişin yer aldığı hər hansı bir məktub və ya sənəd "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ünvan 1 ünvanına daxil olmamışdır. “MPS Meqa Post Service” kuryer xidmətinə aid 026898 saylı qəbzdən görünür ki, həmin qəbzi qəbul edən kuryerin imzası həmin qəbzin üzərində yer almamışdır. İmzası olmayan kuryer xidməti işçisinin gətirdiyi məktubun hüquqi qüvvəsi yoxdur. Təhvil verilən qəbzdə öz imzası olmayan kuryer xidməti işçisinin həmin məktubu göndərilən ünvana çatdırılması təbii olaraq şübhə doğurur. Bununla yanaşı, həmin “MPS Meqa Post Service” kuryer xidməti hərracın keçiriləcəyi vaxta dair bildirişi eyni zamanda, cavabdehlərdən Cavabdeh2 Bank Olmayan Kredit X4 Cəmiyyətinə də çatdırması üçün qəbul etmişdir. Həmin 026894 saylı bildirişdə xidmət göstərən kuryerin imzası yer almışdır. “X1 Mərkəzi” MMC hərracın keçirilməsinin qabaqcadan xəbər verilməsi müddəti barədə də kobud qanun pozuntusuna yol vermişdir. Belə ki, “MPS Meqa Post Service” kuryer xidmətinin qəbzindən görünür ki, kuryer çatdıracağı sənədi 12.02.2021-ci il tarixdə qəbul etmiş, 16.02.2021-ci il tarixdə guya “imtina olundu” qeydi ilə geri qaytarmışdır. Hərrac isə 03.03.2021-ci il tarixdə keçirilmişdir. Hərracın keçirilməsi barədə bildirişin göndərilmə tarixi ilə hərracın keçirildiyi 03.03.2021-ci il tarixi arasında cəmi 18 gün vaxtın olduğu müəyyən edilir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Göründüyü kimi, təşkilatçı “X1 Mərkəzi” MMC hərracın keçirilməsindən 30 gün əvvəl mülkiyyət sahibi olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xəbər verməməklə qanunvericiliyin tələbini kobud surətdə pozmuşdur. Bununla yanaşı, “X1 Mərkəzi” MMC hərracın keçirilməsinin vaxtını, yerini müəyyən edən bildirişi “MPS Meqa Post Service” kuryer xidməti ilə göndərməklə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 06.02.2016-cı il tarixli, 0001 saylı qərarı ilə təsdiq edilmiş “Poçt Qaydalarının 9.21-ci maddəsinin tələbini pozmuşdur. Həmin maddədə göstərilir ki, hüquqi şəxsə ünvanlanmış qeydiyyatlı poçt göndərişləri (sifarişli poçt göndərişləri istisna olmaqla) etibarnamə əsasında poçt obyektində hüquqi şəxsin səlahiyyətli nümayəndəsinə verilir. “MPS Meqa Post Service” kuryer xidməti “X1 Mərkəzi” MMC tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərilən sənədi 12.02.2021-ci il tarixdə qəbul etməsinə baxmyaraq, 16.02.2021-ci il tarixdə “imtina olundu” qeydi ilə geri qaytarmışdır. Buradan görünür ki, kuryer sənədin qəbulundan 4 gün sonra göndərilən ünvana gəlmiş və guya həmin ünvanda sənədin qəbul edilməsindən imtina olunmuşdur. Qarşılıqlı iddia ərizəsini isə nümayəndə qəbul etməyərək bildirmişdir ki, hərrac qanun pozuntusuna yol verilməklə keçirildiyindən, yekunlarına dair protokol və alqısatqı müqaviləsi etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən qarşılıqlı iddia tələbinin rədd, ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilkin iddia tələbini qəbul etməyib, qarşılıqlı iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, iddia predmeti olan qeyri-yaşayış sahəsi üzrə hərracın keçirilmə yeri və vaxtı, o cümlədən qanunla müəyyən edilmiş digər məsələlər barədə ilkin iddiaçıya bildiriş göndərilmiş, lakin o, 16.02.2021-ci il tarixdə bildirişi almaqdan imtina etmişdir. Bu, məhkəməyə təqdim edilmiş qəbzlərlə də sübuta yetirilir. Həmçinin “İpoteka” haqqında Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə nəzər yetirdikdə, hərracın keçirilməsi barədə bildirişin göndərilmə tarixi ilə hərracın keçirildiyi 03.03.2021-ci il tarixi arasında cəmi 18 gün olduğunun müəyyən edilməsi barədə qarşı tərəfin dəlilinin də tamamilə əsassız olduğu görünür. Sifarişli poçt göndərişləri etibarnamə əsasında hüquqi şəxsin nümayəndəsinə verilmir. Ümumiyyətlə, yalnız qeydiyyatlı poçt göndərişləri etibarnamə əsasında hüquqi şəxsin nümayəndəsinə verilə bilər ki, bu da göndərişin poçt obyektində verilməsinə aiddir. Hazırkı mübahisədə isə kuryer xidməti bildirişi poçt obyektində deyil, ilkin iddiaçının ünvanında ona təqdim etməsinə baxmayaraq, sonuncu, bildirişi almaqdan imtina etmişdir. Təcrübədə kuryer xidməti işçisinin həftənin cümə günü məktubu alarkən sonrakı günlər şənbə və bazar günlərinə təsadüf etdikdə, növbəti iş günlərində məktubların çatdırılmasına rast gəlinir. Göstərilənlərdən aydın olur ki, hərrac qanuni keçirilmişdir və hər hansı qayda pozuntusuna yol verilməmişdir. Cavabdeh4 03.03.2021-ci il tarixdə keçirilmiş hərracda qalib olmuş və həmin tarixdə alqı-satqı müqaviləsi imzalayaraq həmin əmlakı əldə etmişdir. Bu baxımdan o, ipoteka predmetinin ona təhvil verilməsini tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 məhkəmə iclasında ilkin iddia tələbini qəbul etməyib, qarşılıqlı iddia tələbini müdafiə edərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İlkin iddia tələbi üzrə cavabdehlər “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 Bank Olmayan Kredit X4 Cəmiyyəti və Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 10.12.2020-ci il tarixli, e-2-2(113)-298/2020 saylı qətnaməsinə əsasən, İddiaçı Açıq tipli Səhmdar Cəmiyyətindən Cavabdeh2 Bank Olmayan Kredit X4 Cəmiyyətinin xeyrinə 22.08.2018-ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsi üzrə 58.780,79 manat əsas, 35.812,71 manat faiz, 3.348,04 manat dəbbə pulu olmaqla, cəmi 97.941,54 manat və 21.10.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsi üzrə 299.703,91 manat əsas, 2.136,68 manat faiz, 4.178,61 manat dəbbə pulu olmaqla, cəmi 366.019,20 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tələbin likvid qiyməti 320.000 manat müəyyən edilməklə İddiaçı Açıq tipli Səhmdar Cəmiyyətinə məxsus Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində istifadədə olan 0,13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış sahəsinin hərraca çıxarılaraq açıq hərracda satılmaqla bocun ödənilməsinə yönəldilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin 08.02.2021-ci il tarixli, 23873/2021-16-23/696 saylı sifariş məktubu ilə daxil olmuş Bakı Kommersiya Məhkəməsinin 10.12.2020-ci il tarixli, e-2-2(113)-298/2020 saylı icra vərəqəsi üzrə borclu İddiaçı Açıq tipli Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində istifadədə olan 0,13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının açıq hərracda satılması məqsədi ilə “X1 Mərkəzi” MMC tərəfindən hərrac təşkil edilmiş, hərracın keçirilmə vaxtı 03.03.2021-ci il tarixə, saat 11:00-a təyin edilmiş, açıq hərracın keçirilmə yeri və vaxtı barədə sifarişçi Cavabdeh3nə, ipoteka saxlayan (tələbkar) Cavabdeh2 Bank Olmayan Kredit X4 Cəmiyyətinə və ipotek qoyan (borclu) İddiaçı Açıq tipli Səhmdar Cəmiyyətinə 12.02.2021-ci il tarixdə 409 saylı bildiriş göndərilmiş, lakin sonuncu 16.02.2021-ci il tarixdə bildirişi almaqdan imtina etmişdir. 03.03.2021-ci il tarixdə keçirilmiş hərracda sözügedən qeyri-yaşayış sahəsi Cavabdeh4 satılmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 16.04.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 6 saylı ünvanda yerləşən əmlak 740.2 kv.m olmaqla daşınmaz əmlakın dövlət reyestrində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına (paylı) qeydiyyata alınmışdır. Lakin “X1 Mərkəzi” MMC-nin YP-85 saylı, 03.03.2021-ci il tarixli Hərracın nəticələrinə dair yekun protokolunda qeyd olunan əmlakın ümumi sahəsi 1567.8 kv.m olaraq göstərilmişdir. Qeyd olunan uyğunsuzluqla əlaqədar, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Cavabdeh4 ərizəsinin icrasından imtina edilmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin satılması ilə bağlı hərracın keçirilməsi yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmadığını, buna dair bildirişin onlara ümumiyyətlə təqdim edilmədiyini, bu səbəbdən də hərracın keçirilməsindən məlumatı olmadığını, keçirilmiş hərracda iştirak edə bilmədiyini iddia edərək, “X1 Mərkəzi” MMC-nin 03.03.2021-ci il tarixli hərracın nəticələrinə dair yekun protokolunun, əmlakın alqı-satqısı barədə müqavilənin, habelə həmin əmlak barəsində icra edilmiş digər hüquqi hərəkətlərin və onun nəticələrinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmiş, lakin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materiallarında olan 16.02.2021-ci il tarixli poçt sənədinin surətindən görünür ki, 16.02.2021-ci il tarixdə İddiaçı Açıq tipli Səhmdar Cəmiyyəti hərracın keçirilməsi barədə 12.02.2021-ci il tarixli bildirişi almaqdan imtina etmişdir, bunu təkib edən hər hansı mötəbər sübutu ilkin iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işin tədqiq olunan hallarına əsasən ilkin iddia tələbi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində istifadədə olan 0,13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının satışı üzrə keçirilmiş ilkin hərrac qanunla nəzərdə tutulmuş tələblərə riayət edilməklə keçirilmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, qarşılıqlı iddia tələbi də əsassızdır, buna görə də, təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 16.04.2021-ci il tarixli məktubundan da göründüyü kimi, “X1 Mərkəzi” MMC-nin YP-85 saylı, 03.03.2021-ci il tarixli Hərracın nəticələrinə dair yekun protokolunda qeyd olunan Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 6 saylı ünvanda yerləşən əmlakın ümumi sahəsi 1567.8 kv.m kimi göstərilsə də, həmin əmlak paylı mülkiyyətdə olmaqla, yalnız 740.2 kv.m hissəsi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına (paylı) qeydiyyata alınmışdır. Bu səbəbdən, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Cavabdeh4 ərizəsinin icrasından imtina edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mübahisə predmeti olan əmlakın bütövlükdə qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində olması təsdiqini tapmadığından, həmin əmlakın ona təhvil verilməsi barədə iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ilkin, Cavabdeh4 qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həm ilkin, həm də qarşılıqlı iddia tələblərinin rədd edildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 Bank Olmayan Kredit X4 Cəmiyyətinə, Cavabdeh3nə və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4 qarşı “hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin, hərracın nəticələrinə dair yekun protokolun, qeyri-yaşayış sahəsi ilə bağlı edilmiş hüquqi hərəkətlərin və onların nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh4 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “qeyriyaşayış sahəsinin təhvil alınması” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar