Məhkəmə qərarları › İş №2(008)-3844/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3844/2023

05.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3844/2023 05.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə yenidən qiymətləndirmənin aparılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə yenidən qiymətləndirmənin aparılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə məhkəmə iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, İddiaçı “Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti MMC-yə qarşı əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi və fərdi yaşayış evinin yenidən qiymətləndirmə ekspertizasına təyin edilməsi” tələbinə dair iddiasına Nərimanov Rayon Məhkəməsi tərəfindən baxılaraq iddia tələbi rədd olunmuş, daha sonra yuxarı instansiya məhkəmələri tərəfindən baxılmış, xx.xx.2022-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə iddiaçı namazov Əli Namaz oğlunun iddia tələbi üzrə mülki işin icraatına xitam verilmiş, iddiaçıya izah olunmuşdur ki, hazırki iş üzrə iddiaçı iddia icraatı çərçivəsində mübahisələndirdiyi qiymət əsasında hərracı sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş sifariş qaydasında məhkəmədə mübahisələndirə bilər. Məhkəmə qeyd edir ki, Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” xx.xx.2021-ci il tarixli Qərardadına əsasən borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə görə borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən tərəflər icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2016-cı il tarixli Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi icraya yönəldilmiş və hazırda icra mərhələsindədir. Belə olan halda iddiaçı məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən icraya nəzarət edən məhkəməyə şikayətlə müraciət edə bilər. Qeyd olunan tələbə yenidən ayrıca iddia qaydasında baxılması düzgün olmadığına görə hazırki işə Sabunçu Rayon Məhkəməsində baxıla bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 151, 152, 153, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə qarşı “yenidən qiymətləndirmənin aparılması” tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar