Məhkəmə qərarları › İş №2(008)-388/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-388/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-388/2024 11.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və əsassız borcun silinməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanına əsassız hesablanmış 4392,63 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli akta görə ünvan 1 (abonent kodu **********20001) ünvanına 4392,63 manat məbləğində əsassız borc yazılmışdır. Hər ay istehlak olunmuş enerjiyə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə borc ödənilmişdir. Lakin xx.xx.2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən qeyri-qanuni olaraq akt və heç bir əsası olmadan yenidən hesab koduna cərimə yazılmışdır. Eyni zamanda, həmin qurumun nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə 033796 nömrəli aktı tərtib edərkən ona xəbərdarlıq edilməmiş, onun və hal şahidlərinin imzası olmadan yazılmışdır. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, İddiaçı onun anasıdır, eyni ünvanda yaşayırlar. Enerji sayğacına heç vaxt kənar xətlə daxil olmamışlar, bunu bacarmırlar, ümumiyyətlə buna ehtiyacları belə yoxdur. Akt əsasında əsassız olaraq cərimə olunmuşlar. Həmin cərimənin məbləği həddən artıq yüksəkdir. O, qeyd olunanların nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbinə qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçıya məxsus ünvana quraşdırılmış elektrik sayğacına və elektrik xəttinə xx.xx.2023-cü il tarixdə əməkdaşlar tərəfindən baxış keçirilmiş, nəticədə kənar xətdən axan cərəyan müəyyən edilmiş və bu fakt aktlaşdırılmış, abonentə 4384 manat dəymiş ziyan məbləği hesablanmışdır. Nümayəndə qeyd olunanlara əsasən, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən, abunə kodu **********20001 olan fərdi yaşayış evi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik enerjisi ilə təchiz edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, abonent İddiaçı məxsus ünvan 1 ünvanında iddiaçıya məxsus evə baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğac sxemindən kənar xəttə daxil olunur. Kənar xətt küçədə yerləşən 0.4 kv-lıq dayaqda, budaqlanmadan N-kəsik sahəsi 2x25 mm-lik olan faza və “0” xətti qoşularaq dayağın daxili ilə su borusunun içərisinə yerləşdirilərək, yeraltından bir başa mənzilə daxil olunmuşdur. Kənar xətdən axan yük tərəflərindən ölçülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər”dən görünür ki, xx.xx.2023-cü il tarixli akt əsasında abonentə 4384 manat məbləğində borc hesablanmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.33-cü bəndinə görə, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Lakin iş materiallarından görünür ki, həmin akt iddiaçı və hal şahidləri tərəfindən imzalanmamış, abonent (iddiaçı) tərəfindən imzalamaqdan imtina edilməsi barədə hər hansı qeyd aparılmamış, yalnız "xxxx" ASC-nin nümayəndələri tərəfindən imzalanmışdır. Eyni zamanda, iddiaçının həmin aktla bağlı məlumatının olmasını təsdiq edən hər hansı sənəd iş materiallarında aşkar edilməmişdir. Hazırkı iş materiallarından görünür ki, iddiaçı cavabdehdən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akt əsasında hesablanmış 4384 manat dəymiş maddi ziyan məbləği hesablansa da, həmin akt göstərilən məbləğdə pulun abonentdən tutulması üçün yetərli və mötəbər hesab edilmir. Məhkəmə hesab edir ki, sayğacdan sxemindən kənar xəttdən istifadəyə görə borcun məbləği artıq hesablandığından, xx.xx.2023-cü il tarixli, 033796 saylı akta əsasən tərtib edilmiş “əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər”də hesabat müddəti 365 gün deyil, 30 gün, tarif isə 0,13 manat deyil, 0,08 manat qəbul edilməlidir. Belə olan halda, itirilmiş enerjinin dəyəri 5,5kvt x 0,7 x 24 x 30 gün =2772 kvts, tarif 0,08 manat - 2772 kvts x 0,08 = 221,76 manat olmaqla, cəmi 221,76 manat hesablanmalıdır. Bu zaman cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərin 221,76 manat məbələğində olması müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1132-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Həmin normanın məzmununa nəzərən, hazırkı iş üzrə sübutetmə yükü "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulduğundan və sonucu tərəfindən göstərilən akt üzrə hesablanmış məbləğin xx.xx.2023-cü il tarixli “əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər”də aktiv saat dövrünün 365 gün deyil, 30 gün, tarifin isə 0,13 manatdan deyil, minimum 0,08 manatdan hesablanmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akt əsasında 4384 manat məbləğində pul vəsaiti artıq hesablandığından, 4162,24 manat, **********20001 nömrəli abunə hesabından silinməlidir. Lakin məhkəmə, qalan 221,76 manat məbləğində borcun silinməsi üçün əsaslar müəyyən etmədiyindən, (4384-4162,24 = 221,76) həmin hissədə iddianın təmin edilməməli olması qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən dövlət mədaxilinə 61,62 manat məbləğində dövlət rüsumu alınmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********20001 abonent kodu olan İddiaçı elektrik sərfiyyatına görə tələb olunan 4162,24 (dörd min yüz altmış iki manat iyirmi dörd qəpik) manat məbləğində cərimənin silinməsi vəzifəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 61,62 (altmış bir manat altmış iki qəpik) manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar