Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3881/2024 22.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona məxsus ünvan 1 ünvanına borca görə əsasız hesablanmış 1607,91 (min altı yüz yeddi manat doxsan bir qəpik) manat məbləğin (**********20063) hesab kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 1994-cü ildə ünvan 2 ünvanında məcburi köçkün kimi məskunlaşmışdır. Həmin ünvana **********20063 saylı işıq kodu verilmiş və istifadə olunan işıq sərfinə görə hər ay "xxxx" ASC-nin hesab koduna ödəniş olunmuşdur. Lakin 15 sentyabr 2023-cü il tarixdə qeyd olunan evin alqı-satqı zamanı işıq kodunu evi alanın adına keçirərəkən məlum olmuşdur ki, 2001-2001-ci illər “Barmek” olan zaman əsassız olaraq 1607,91 manat dondurulmuş borc hesablanmışdır. 2016-cı il tarixdə cənab Prezidentin fərmanı əsasında məcburi köçkünlərin komunal borcları silinmişdir. Qeyd olunan ünvanın işıq sərfinə görə bu vaxta kimi heç bir borcu olmamışdır. Borcun haradan və nə vaxt olduğu barədə cavabdeh tərəfindən 23 il vaxt keçməsinə baxmayaraq ona heç bir rəsmi məlumat verilməmişdir. Eyni zamanda aylıq istifadə olunan enerjinin aparaq vasitəsilə ödəniş edərkən borcun olmaması barədə bildiriş verilməmişdir. Cavabdeh tərəfindən qeyd olunan ünvana hesab koduna yazılmış 1607,91 manat borc əsassızdır. Hər ay istifadə olunan işıq sərfinə görə borcu ödəmişdir. Əsassız yazılmış borcun silinməsi ilə bağlı 05 aprel 2024-cü il tarixdə Energetika Nazirliyinə və "xxxx" ASCnə müraciət etsə də bu günə kimi heç bir nəticə olmamış və əsassız hesablanmış borc silinməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunaraq ünvan 3 ünvanına borca görə əsasız hesablanmış 1607,91 (min altı yiiz yeddi manat doxsan bir qəpik) manat məbləğin (**********20063) hesab kodundan silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümyəndəsi X1 izahat verərək borcun hansı səbəbdən yazılmasını sübut edən sənədlərin təqdim edilməsi mümkün olmadığından iddia tələbi üzrə məsələnin həllini məhkəmə mülahizəsinə buraxdığını, hazırda həmin borclun cavabdeh təşkilat tərəfindən dondurulmuş borc olduğunu bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş matriallarında olan **********20063 nömrəli abonent İddiaçı məxsus sayğac göstəricisindən görünür ki, abonentə heç bir göstərici olmadan xx.xx.2016-ci il tarixə 1607,91 manat borc hesablanmış və silinmiş qaçqın borcu kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir: İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilmişdir ki, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Qanunun 17-ci maddəsində qeyd edilmişdir ki, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra – Qaydanın) 1.1-ci maddəsində məişət abonentinə (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı olması barədə anlayış verilmişdir. Qaydanın 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Qaydanın 8.32-ci bəndində göstərilmişdir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydanın 8.33-cü bəndində göstərilmişdir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qərarın 7.10-cu bəndində göstərilmişdir ki, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qərarın 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Beləliklə iddiaçı tərəfindən təqdim edilən sənədlərdən görünür ki, abonent İddiaçı xx.xx.2016-cı il tarixdə 1607,91 manat məbləğində qaçqın limiti üzrə borcunun olduğunu lakin həmin borcun iddiaçıya hansı səbəblərdən hesablanması məlum olmadığından məhkəmə hesab edirki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. **********20063 saylı abonent İddiaçı hesablanmış 1607,91 (bir min altı yüz yeddi manat, doxsan bir qəpik) manat borc "xxxx" ASC tərəfindən silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3881/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3881/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver