Məhkəmə qərarları › İş №2(008)-3929/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3929/2023

08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3929/2023 08.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən dəymiş zərər kimi müəyyən olunan 1689.65 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi İstixana Kombinatı ev 28 mənzil 1 ona məxsusdur. Bir neçə ay əvvəl qaz pulu ödəyən zaman müəyyən etmişdir ki, onun hesabında 1689.65 manat borc məbləği yazılıb. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional Qazın Satışı Departamentinə müraciət edəndə orada ona sənədlər təqdim edildi. Təqdim edilmiş 28 fevral 2019-cu il tarixli ziyanın bərpasına dair tələbnamədən və həmin tarixli ******* saylı aktın surətindən ona aydın oldu ki, qeyd edilən tarixdə sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edildiyinə görə akt tərtib edilmiş və 9720 kubmetr qaz itkisi müəyyən edilmişdir. 28 fevral 2019-cu il tarixli ******* saylı aktla razı deyil. Çünki o, heç vaxt sayğacdan kənar qazdan istifadə etməmişdir. Hesab edir ki, Cavabdeh əməkdaşları yalnışlığa yol vərərək, onun sayğacdan kənar qazdan istifadə etdiyini zənn edərək, akt tərtib etmişlər. Hesab edir ki, həmin akt ləğv edilməli və borc məbləğləri qanunsuz yazıldığına görə silinməlidir. Sayğacdan kənar qazdan istifadə etmədiyi halda dəymiş ziyan məbləğinin onun hesabına yazılmasını qanunsuz hesab edir. Göründüyü kimi əgər Cavabdeh əməkdaşları sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halını dəqiq müəyyənləşdirmədən qanunsuz qoşulmaya görə dəymiş ziyan məbləği hesablayaraq, onun hesabına borc məbləği yazmışlar və bununla da qanunvericiliyin tələblərini pozmuşlar. Göründüyü kimi, hazırkı iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh tərəfindən birtərəfli qaydada istehlakçı olaraq onun barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçı olaraq ondan ödənilməsinin tələb edilməsi “Qazdan istifadə qaydalan”-nın tələblərinə, cavabdehlə onun arasında bağlanılmış qazın alqı-satqı müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, güc və ya məcburetmə tətbiq olunması yalnız dövlətin inhisarındadır və dövlət bu məqsədlə mülki-prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, İddiaçı qonşusudur, qonşusunun təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, İddiaçı qonşusudur, həm də iş yoldaşıdır, usta işləyirlər, qonşusunun təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyinin şahidi olmamışdır. Məhkəmə, tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli 58/0188 saylı aktın surətindən görünür ki, iddiaçının evində quraşdırılmış sayğaca baxış keçirilmiş və baxış keçirilən zaman sayğacın qayka flyans plombunun qırıq olduğu aşkar olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın və dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçının evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmiş, dəymiş ziyanın həcmi 9720 kubmetr müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2018-ci il tarixli 58/0188 saylı akt əsasında 453.60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 972 manat məbləğində zərər hesablanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya məxsus evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır. Belə olan halda isə həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericiliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, küçədə quraşdırılmış və işlək vəziyyətdə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna əsassız olaraq 453.60 manat borc hesablanmışdır və həmin borc silinməlidir. Məhkəmə, iddia tələbini qalan hissədə əsassız hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı 2019-cu ildə qaz sayğacına qanunsuz qoşulmaqla təbii qazdan istifadə etmiş, bununla əlaqədar olaraq cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında iddiaçının abunə koduna 972 manat məbləğində zərər hesablanmışdır. Məhkəmə araşdırması zamanı iddiaçı 972 manat borcun əsassız hesablandığını iddia etsə də, sayğaca qanunsuz qoşulmanın onun tərəfindən həyata keçirilmədiyinə dair məhkəməyə sübut qismində təqdim etdiyi şahid ifadələri mötəbər sayıla bilməz. Çünki şahidlər işin halları barədə qonşu - iddiaçı tərəfindən məlumatlandırılmışlar. Həmçinin, iddiaçının 2019-cu ildən hazıradək 972 manat borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etməməsi sayğaca qanunsuz qoşulması qənaətinə gəlməyə əsas verir. Ona görə də məhkəmə, həmin hissədə iddia tələbini əsassız hesab edir. Bundan başqa, abonent saldosundan görünür ki, iddiaçının cavabdehə 264.05 manat (1689.65-972-453.6) debitor borcu vardır. Bu səbəbdən məhkəmə həmin hissədə də iddia tələbini əsassız hesab edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********00013 saylı abunə koduna hesablanmış 453.60 manat məbləğində borc silinməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00013 saylı abunə koduna hesablanmış 453.60 manat məbləğində borc silinsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehndən 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar