Məhkəmə qərarları › İş №2(008)-3990/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3990/2025

16.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3990/2025 16.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “Əmək müqaviləsi qüvvədə saxlandığı halda işçinin işə buraxılmamasına görə dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edrək, cavabdeh təşkilat "xxxx" MMC tərəfindən onun xəstəliyi ilə əlaqədar olaraq başqa daha yüngül işlə təmin olunması, əmək müqaviləsi qüvvədə olduğu halda 5 (beş) ay müddətində işə buraxılmamağa görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1987-ci ildə Astara rayon Kijebə qəsəbəsində anadan olmuşdur. Əmək fəaliyyəti müddətində “Al Market” və “Araz Supermarket”-də satıcı və kassir vəzifəsində çalışmışdır. 20 yanvar 2023-cü ildən "xxxx" MMC-də kassir kimi işə başlamışdır. 26 fevral 2024-cil ildə pnevmoniya ilə müşahidə olunan qızılca keçirmiş və X2 müalicə almışdır. Müalicə aldığı müddətdə iş yerindən müdürün ona zəng edərək işlərin tökülüb qaldığını, işçi çatışmazlığı olduğunu ya işə qayıtmalı ya da onu çıxışa yazmalı olduğunu, onun yerinə başqasını götürəcəyini demişdir. O, işini itirmək istəmədiyi üçün geri qayıtmış və xəstəlik kağızı açıq qalmışdır. 3 ay sonra ağrıları kəskinləşdi və o, X1 İnstitutuna müraciət etdi və xx.xx.2024-cü tarixdə ona vərəm diaqnozu qoyulub. Bu müddət ərzində lazım olan sənədləri iş yerinə təqdim etmişdir. Müalicəsi xx.xx.2024 -ci il tarixdə tamamlandı, işə dönmək üçün iş yerinə müraciət etmiş lakin iş yeri ondan komissiya qərarı istəmişdir. Komissiyaya müraciət etdi və komissiya 1 il müddətində əvvəlki vəzifədə işləyə bilməyəcəyi qərarını verərək qərarında birbaşa qanunvericiliyin tələbinə görə iş yeri onu daha yüngül işlə təmin etməli olduğu göstərilmişdir. Lakin iş yeri onu başqa yüngül işlə təmin etmək əvəzinə ondan ərizəsini yazaraq işdən azad olunumağı tələb olundu. O isə cavabında bildirmişdir ki, ərizə yazaraq işdən azad olunmayacaq və onu daha yüngül işlə təmin edilməsini tələb etmişdir. Məhkəmənin diqqətinə çatdırmışdır ki, Əmək Müfətişliyinin və Tibbi-Sosial-Ekspertiza- Komissiyasmın onun başqa yüngül işlə təmin olunmağı barədə qərarların olmasına və bu qərarların cavabdeh təşkilata təqdim olunmasına baxmayaraq cavabdeh təşkilat həmin qərarlara əhəmiyyət vermədən iddaçını başqa yüngül işlə təmin etməmişdir. O, mübahisənin həll olunması üçün Mediasiya təşkilatına müraciət etdi və Bakı şəhəri 16 saylı Mediasiya təşkilatında cavabdeh təşkilatın nümayəndəsi rədd cavabı verdiyindən həmin təşkilatı ona xx.xx.2025 il tarixli arayış verərək məhkəməyə müraciət etməyini məsləhət bildilər. Məlumat üçün bildirir ki, o artıq 5 (beş) aydır ki, cavabdeh təşkilat tərəfindən işə buraxılmır və bu müddət ərzində işdən çıxarılmağı barədə əmr verilməməsinə baxmayaraq əmək haqqını ala bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddianı əsassız hesab edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarının dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı xx.xx.1987-ci il tarixdə Astara rayonunun Kijəbə qəsəbəsində doğulmuşdur. Astara Rayon Mərkəzi X8 şəxsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş əmək qabiliyyətinin itirilməsi barədə məlumat vərəqindən görünür ki, İddiaçı sağ ağ ciyərin infiltrativ vərəmi diaqnozu qoyulduğundan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə işdən azad edilmişdir. Xəstəliyi hələ də davam edir. X5 Komissiyasının tərtib etdiyi multirezistent formalı vərəm xəstəliyi üzrə müalicəyə cəlb olunan xəstələrin xx.xx.2025 tarixli 790 saylı Protokoldan çıxarışdan görünür ki, Astara xəstəsi İddiaçı - hal hazırda işə buraxılmasın , müalicəsi 1 il tamam olandan sonra konsiliuma təkrar təqdim edilməlidir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi X9 “Bakı Baş Səhiyyə Mərkəzi” X9in 1 nömrəli X4 xx.xx.2025-ci il tarixli 18-1-1-6/2-21/2025 nömrəli məktubdan görünür ki, xəstə İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə kimi ETAXİ-də “ ağ ciyərlərin infiltrativ vərəm TDM(+)” diaqnozu ilə stasionar müalicədə olub. O, Grand- Mart işçisi olduğu üçün obliqat qrup işçilərin siyahısına daxildir. Buna görə də o, Azərbaycam Səhiyyə Nazirliyinin bu il qüvvədə olan xx.xx.2001-ci il tarixli 120 saylı əmrinin 11-ci əlavəsinə əsasən 1 il müddətində işə buraxılmamalıdır. Onun işə buraxılması məsələsinə qeydiyyatda olduğu Astara rayonu vərəm dispanserinin Həkim Məsləhət Komissiyası yekun müayinələrin nəticəsinə əsasən qərar verilməlidir. Daha sonra İddiaçı tibbi rəyə əsasən 1 il ərzində işə buraxılmaması qərarı müəyyən olunmuş və müəssisə isə xəstəliyi ilə bağlı olaraq işləməsinə imkan verən vəzifələrin mövcud olmadığından əmək fəaliyyətinə davam etməsi və ya sonlandırılması, ödənilə biləcək kompensasiyalar barədə məlumat almaq məqsədilə xx.xx.2025-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin Hüquq İdarəsinə müraciət etmiş, İdarənin xx.xx.2025-ci il tarixli məktubu ilə vətəndaşa Əmək Məcəlləsinin 74 maddəsinin “c” bəndi, 77-ci maddəsi, 231-ci və 232-ci maddələri izah edilmişdir. Cavabdeh MMC-nin direktorun əməyin mühafizəsi üzrə mavinin xx.xx.2024-cü il tarixli Göstərişinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci və 226-cı maddəllərinə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 13 dekabr 2012-cı il tarixliv 46 saylı "İcbari tibb müayinələri təkmiləşdirilməsi barədə qərara əsasən İddiaçı təqdim etdiyi tibbi arayışa əsasən vərəm xəstəliyi aşkar edilmişdir bununla bağlı işdən kanarlaşdırılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 125 nömrəli Ambulator Kitabçadan çıxarışdan görünür ki, vətəndaş İddiaçı sağlamlıq haqqında arayış üçün müraciət etmiş, heç bir şikayətinin olmadığı, hal-hazırda aktiv vərəminin olmadığı qeyd edilmişdir. Hazırda iddiaçı iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini və yüngül işlə təmin olunmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu və rədd edilməli olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Əmək Məcələsinin: 62-ci maddəsinin 1-ci hissəsinin “ç” bəndinə əsasən işəgötürən insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdiyi halda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. Həmin maddənin 3-cü hissəsinə əsasən işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. 74-cü maddəsinin Qeyd hissəsinə əsasən əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. 231-ci maddəsinə əsasən səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. 232-ci maddəsinin 2-ci bəndinə əsasən vərəm və digər xroniki ağır xəstəliyə tutulmuş və bu səbəbdən başqa az maaşlı işə müvəqqəti keçirilmiş işçilərə keçirildikləri bütün vaxt ərzində, lakin dörd aydan çox olmayaraq əvvəlki iş yerində aldığı əmək haqqı saxlanılır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli Plenumunun Qərarına əsasən “......qanunvericiliklə nəzərdə tutulmuş hallarda işəgötürən tərəfindən işçinin işdən kənar edilməsi müvəqqəti xarakter daşıyır və işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını (vəzifələrini) yerinə yetirmək imkanından müvafiq iş vaxtı ərzində məhrum edilməsini ehtiva edir. Qanunverici işəgötürənə bu səlahiyyəti aşağıdakı məqsədlərə nail olmaq üçün vermişdir: - mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq; - baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq; - əmək intizamını təmin etmək. Göründüyü kimi, işçinin işdən kənar edilməsi intizam tənbeh tədbiri və ya cəza xarakteri daşımır. Məqsədi işçinin əmək funksiyalarının yerinə yetirilməsinin davam etdirilməsi nəticəsində yarana biləcək əlverişsiz halların, mümkün ziyanın qarşısını almaqdır”. Hazırki iş materiallarından isə müəyyən edilir ki, İddiaçı TƏBİB Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 1 nömrəli X6 tərəfindən “ağciyərlərin infiltrativ vərəmi” diaqnozu qoyulduğundan və onun xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək həmin diaqnozla stasionar müalicədə olması və buna görə cavabdehin müvafiq əmrinə əsasən işdən kənarlaşdırılması, xəstəliyi səbəbindən işə buraxılması məsələsinə iddiaçının qeydiyyatda olduğu Astara rayon vərəm dispanserinin Həkim Məsləhət Komissiyasının yekun müayinəsinə əsasən qərar verilməli olduğundan cavabdehdən iddiaçının işə buraxılmamağa görə əmək haqqı tutulması barədə tələbi əsassızdır. Həmçinin, cavabdeh təşkilatda iddiaçı üçün daha yüngül iş mövcud deyil və işdə olan yuxarıda qeyd edilmiş məktub, iclas protokolundan çıxarış və digər sənədlərdən iddiaçının cavabdeh təşkilatda nəinki daha yüngül işə keçirilməsi, ümumiyyətlə işə buraxılmamalı olması qeyd edilmişdir. Belə olan halda vərəm xəstəliyinə tutulmasına baxmayaraq iddiaçının daha yüngül işə keçirilməsinə dair tibbi rəy də mövcud deyil, həmçinin daha yüngül və ya başqa az maaşlı işə müvəqqəti keçirilə bilməyən iddiaçıya ƏM-in 232.2-ci maddəsində göstərilən əmək haqqının ödənilməsi də nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qanunvericiliyin tələblərinə riayət etməklə həkim rəyinə əsasən işçini müvafiq iş vaxtı ərzində işdən kənarlaşdırmışdır. Bu müddət ərzində işçiyə əmək haqqının verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə, eyni zamanda, iddiaçının yüngül işə keçirilməsi tələbi ilə bağlı hesab edir ki, artıq həkim-məsləhət komissiyasının xəstənin işə buraxılmaması barədə qeydi olduğundan, lakin bu haqda tibbi rəy alınmadığından, nəinki onun yüngül işə keçirilməsi, ümumiyyətlə işə buraxılması və ona əmək haqqı ödənilməsi mümkün deyildir. Həmçinin, işçi olan İddiaçı məhkəmə iclasında əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ona ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənildiyini qeyd etmişdir. Bütün bu halları nəzərə aldıqda cavabdeh təşkilat tərəfindən iddiaçının başqa daha yüngül işlə təmin edilmə və cavabdeh təşkilat olan "xxxx" MMC-dən 5 ay müddətində iddiaçının işə buraxılmamasına görə 5 aylıq əmək haqqının tutulması barədə tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “Əmək müqaviləsi qüvvədə saxlandığı halda işçinin işə buraxılmamasına görə dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar