Məhkəmə qərarları › İş №2(008)-4066/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4066/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4066/2021 24.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 6508,80 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus olan ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Yaşadığı ünvanda təbii qazdan istifadə etmiş, heç bir problem olmamışdır. Lakin evin əvvəlki istifadəçisi İddiaçı adına saldodan görünür ki, 2018-ci ilə kimi təbii qazdan istifadəyə görə 299,70 manat borcu yaranmışdır. Lakin, o, 2018-ci ilin fevral ayında 1440 manat, 2018-ci ilin aprel ayında 1392 manat, 2018-ci ilin dekabr ayında 676,80 manat olmaqla cəmi 6508,80 manat məbləğində cərimə edilmişdir. Həmin cərimələrin yazılma səbəbi ona məlum deyildir. Bu barədə Cavabdeh İB tərəfindən ona heç bir məlumat verilməmişdir. Həmin borcun hansı əsasla yaranması barədə İdarəyə müraciət edib aydınlaşdırmaq istədikdə, idarə əməkdaşları borcun hansı əsasla yaranması səbəblərini ona izah etməmişdir. Məhkəmə əsl olmayan iddiaçı X1 əsl İddiaçı ilə əvəz etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını təhqiq edib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ünvan 1 ünvanında quraşdırılan G-4 mexaniki tipli sayğac üzrə qeydiyyatdan keçən qaz abonentidir. İddiaçı istixanaya dair müqavilə bağlamış olsa da, o, fiziki şəxs kimi həmin müqaviləni bağlamışdır. İddiaçı silinməsini istədiyi 6508,80 manat məbləğində borc aşağıda qeyd olunan üç akt əsasında ona hesablanmışdır: 08.02.2018-ci il tarixli ******* №-li akt əsasında iddiaçı tərəfindən sayğacdan kənar xəttdən istifadə aşkar edilmiş və 7200 kub metr qaz sərfiyatına görə 1440 manat borc hesablanmışdır; 30.04.2018-ci il tarixli ******* №-li akt əsasında sayğacdan kənar xəttdən istifadə aşkar edilmiş və 6960 kub metr qaz sərfiyatına görə 1392 manat borc hesablanmışdır; 08.12.2018-ci il tarixli ******* №-li akt əsasında sayğacdan kənar xəttdən istifadə aşkar edilmiş və 18384 kub metr qaz sərfiyatına görə 3676,80 manat borc hesablanmışdır. Cavabdeh İB tərəfindən təqdim olunmuş abonentin saldosundan görünür ki, İddiaçı akt üzrə hesablanan borc 6808,50 manat (1440 + 1392 + 3676,80 təşkil edir. Hazırda iddiaçı əsassız olaraq hesablanmış 6508,80 manat məbləğində borcun silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənişlərin edilməməsi onun tərəfindən kənar xətdən istifadə etməsinə dəlalət edir. Lakin, məhkəmə hesab edir ki, cavabdeh olan Cavabdeh İB də buna görə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.2-ci bəndinə əsasən bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs; istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs; qaz qurğusu - istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusu (qurğuları); Həmin qaydaların 3.1-ci bəndində qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısının (alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs) aşağıdakı vəzifələrəin yerinə yetirilməsi nəzərdə tutulmuşdur: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı; 3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmirprofilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli; 3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; 3.1.6. bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli, 3.2.10-cu yarımbəndində nəzərdə tutulmuş halda məlumat daxil olduqda isə istehlakçının qaz qurğularını dəmir örtüklü qapaqla və ya tıxacla xətdən ayırmalı; 3.1.7. qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, iddia birinci 08.02.2018-ci il tarixli ******* №-li akt hissəsində rədd, digər aktlar üzrə iddia təmin edilməlidir. Yəni, iddia aktlar üzrə 5068,80 manat hissədə təmin, qalan hissədə rədd edilməlidir. Belə ki, cavabdeh üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətdən istifadə üçün şərait yaratmaqla dəfələrlə aktlar tərtib edib məhkəmədə iddia qaldırır. Eyni zamanda, bu abonentin məsuliyyətini aradan qaldırmır. Qeyd edildiyi kimi, iddiaçı tərəfindən ödənişlər edilməmişdir, bu səbəbdən məhkəmə iddiaçı tərəfindən kənar xətdən istifadə etdiyi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı hesablanmış 5068,80 (6508,80 – 1440) manat məbləğində borc silinməli, iddia 1440 manat borcun silinməsi hissəsində rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı hesablanmış 5068,80 manat məbləğində borc silinsin. İddia 1440 manat borcun silinməsi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar