Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4085/2024 09.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Bünyadzadə küçəsində yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hal-hazırda ünvan 1 ünvanında yaşayır. Onun Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yaşayış evi vardır. Sözügedən yaşayış evinə kifayət qədər hüquqmüəyyənedici sənədləri vardır və həmin sənədləri də dövlət orqanları tərəfindən tanınır. Lakin cavabdeh onun evinə daxil olub oradan çıxmır, dəfələrlə ona evindən çıxmasını bildirmiş, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə bundan imtina etmişdir. Hazırda o, əmlakından məhrum olmuşdur, cavabdehin təqsiri ucbatından evi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə xx.xx.2024-cü il tarixli teleqram göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı keçmiş qayınanasıdır. Onun qızı ilə rəsmi nikahda olmuşdur. Bu yaxınlarda Salyan Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahlarının pozulmasına səbəb keçmiş qaynanası, yəni hazırkı iş üzrə iddiaçı olmuşdur. Bundan sonra iddiaçı onunla düşmənçiliyə başlamış, dəfələrlə onun haqqında polisə şikayət etmişdir. İndi də bu fitnəyə əl atmışdır. İddiaçı bildirir ki, guya onun evinə daxil olmuşdur. Əvvəla, o, Suraxanı rayonundakı Ramana qəsəbəsini tanımır. Digər tərəfdən, kimsə kiminsə evinə daxil olub oranı zəbt edə bilməz. Sabunçu rayonu Ramana qəsəbəsi Qarabağ küçəsində onun istifadəsində fərdi yaşayış evi var. Ev özbaşına tikilidir, heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Evi öz maddi vəsaiti hesabına tikmişdir. Özü ustadır, tikintiyə aid hər şeyi bacarır. Ona görə də usta xərci çıxmamışdır. Qonşuları və yaxınları evin tikintisində fəhlə kimi ona kömək etmişlər. İddiaçı evin tikintisində heç vaxt iştirak etməyib, həmin evdə bir gün də yaşamayıb. Evin yerləşdiyi torpaqlar neft şirkətinin balansında olan torpaqlardır və bütün tikililər qanunsuz tikililərdir. Hətta bu ünvanı qeydiyyata da almırlar. Onun şəxsiyyət vəsiqəsində problem olduğu üçün qaz, işıq və su sayğacı iddiaçının adına sənədləşmişdir. Gələcəkdə problem ola biləcəyini nəzərə almayaraq, buna əhəmiyyət verməmişdir. İddia tam əsassızdır. İddiaçının hal-hazırda onun yaşadığı evlə hər hansı bir əlaqəsi yoxdur. Evdə iddiaçıya məxsus hər hansı bir əşya da yoxdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Ramana Bələdiyyəsi tərəfindən verilmiş şəhadətnamənin surətindən görünür ki, İddiaçı vergi ödəyicisi kimi uçota alınmışdır. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Bünyadzadə küçəsində yerləşən daşınmaz əmlakın bazar dəyəri 41.200 manat təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbinə qiymət vermək üçün ilk öncə onun bu barədə iddia qaldırmağa subyektiv hüququn sahibi olub-olmamasını müəyyən etmək vacibdir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə araşdırması zamanı İddiaçı Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Bünyadzadə küçəsində yerləşən evin onun mülkiyyətində olmasına, bu hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə, yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Bünyadzadə küçəsində yerləşən ev xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından və iddiaçının evə mülkiyyət hüququ olmadığından, onun Cavabdeh həmin evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-4085/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4085/2024
09.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver