Məhkəmə qərarları › İş №2(008)-4123/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4123/2023

17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4123/2023 17.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tamamən əsassız, özbaşına, birtərəfli qaydada, heç bir dəlil və sübut olmadan yazılmış cərimənin silinməsində ona köməklik edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə ona məxsus fərdi yaşayış evi var. 2017-ci ildə mənzil qazla təchiz edilsə də, orada daimi yaşayış olmayıb. 28 fevral 2023-cü il tarixində, ona məxsus abonent koduna (№ **********09000), Azəriqaz İB-nın Bakı Regional Qazın Satışı Deportamentinin rəis müavini Hicran Abbasov, Kənan Əhmədov, Emin Şahkərəmov və Dünyamalı Əliyev tərəfindən 34560 m3, yəni 4147.20 manat cərimə yazılmışdır. Yazılmış aktların heç birində onun imzası və iştirakı olmayıb. Azəriqaz İB-nın cərimənin yazılma səbəbi kimi, ünvanda qeydiyyatsız sayğac aşkarlandığı göstərilir. Təyin olunmuş aktlarda cərimənin xx.xx.2023 tarixində yazıldığı, lakin şəkillərin isə xx.xx.2023 tarixində çəkildiyi göstərilir. Belə nəticə çıxır ki, Azəriqaz İB hadisə baş verməmişdən əvvəl cəriməni yazır, sonra isə öz xəfıyyələrini hadisə yerinə göndərərək, özlərinə lazım olan formada səhnələşdirib bir tərəfli formada cərimə yazırlar. Əsas məqam isə aşkarladıqları sayğacın mövcud olmamasıdır. Bakı X1 bildirdilər ki, cərimə vizual olaraq yazılıb. Yəni həmin aşkarladıqları sayğac yoxdur. Əgər belə bir sayğac olubsa, Cavabdeh İB-nin xəfiyyələri həmin sayğacı onun və yaxud ətrafdakı şəxslərin iştirakı ilə video çəkiliş etmək şərti daxilində açmalı və qaz təminatını dayandırmalı idilər. Lakin belə bir hal baş verməyib. "Qazdan İstifadə qaydaları" haqqında 80-saylı qərarın heç bir bəndində cərimə yazmaq kimi bir hüququn olması göstərilməyib. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına cavabdehin nümayəndəsi tərəfindən ərizə təqdim edilərək əmək məzuniyyətində olduğunu, məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, qeyri-qanuni olaraq abonent öz sayğacını çıxararaq qeydiyyatı düzgün olmayan 1502AZ**********73 (lipa) sayğac quraşdırılmışdır. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 34560 m3 olması hesablanmışdır. **********09000 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2023-cü il fevral ayında aktlar üzrə 4147.20 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********09000 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın qeyri-qanuni olaraq abonent öz sayğacını çıxararaq qeydiyyatı düzgün olmayan 1502AZ**********73 (lipa) sayğac olması qeyd edilmiş və bunun əsasında itirilmiş qazın həcmi 34560 kub metr hesablanaraq dəymiş zərər 4174.2 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın qeydiyyatı düzgün olmayan 1502AZ**********73 (lipa) sayğac olmasının, yəni sayğacın məhz iddiaçı tərəfindən quraşdırıldığı öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması cavabdehliyinin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən **********09000 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 4174.2 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-ci il tarixli akta əsasən **********09000 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 4147.20 (dörd min bir yüz qırx yeddi manat, iyirmi qəpik) manat borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar