Məhkəmə qərarları › İş №2(008)-4150/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4150/2023

22.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4150/2023 22.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı cavabdehlər X1 və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Yanında Əmlak Komitəsinin DƏRX-nin Bakı şəhəri Ərazi idarəsinə qarşı “mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Müəyyən etdi: İddiaçı cavabdehlər X1 və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Yanında Əmlak Komitəsinin DƏRX-nin Bakı şəhəri Ərazi idarəsinə qarşı “mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Məhkəmə iddia icraatı qaydasında pozulmuş mülki hüququn və ya qanuni mənafeyin müdafiəsinə dair iddialara baxır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı iddia ərizəsində inzibati orqan tərəfindən mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, inzibati orqanın üzərinə müəyyən öhdəliyin qoyulması barədə iddialara mülki məhkəmə icraatı qaydasında baxılmır, hazırkı tələb üzrə iddiaçı inzibati orqana və ya inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur, 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdehlər X1 və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Yanında Əmlak Komitəsinin DƏRX-nin Bakı şəhəri Ərazi idarəsinə qarşı “mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, hazırkı tələblə bağlı müvafiq inzibati orqana və ya inzibati məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar