Məhkəmə qərarları › İş №2(008)-4238/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4238/2023

13.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4238/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və iddiaçıya məxsus ünvan 1 ünvanına 14 yaşlı oğlu ilə birlikdə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.1991-ci ildə rəsmi ailə quraraq, evlənmişdir. V- DK seriyalı № 324348 saylı nigah şəhadətnaməsi ilə nikahları rəsmiləşdirilmişdir. Birgə nigahdan 3 övladları var. Artıq qızları ailə qurub. Oğlu 2008-ci il təvəllüdlüdür. 14 yaşındadır. 1998-ci ildə ailə qurduqdan sonra, onlar birgə nikah dövründə ünvan 1-ünvanında ev inşa etdirdilər. Valideyinlərinin iddiaçıya verdikləri cehiz əşyaları həmin evdə yerləşdirilmişdir. Sonradan birgə ailə olaraq aldıqları bütün əşyalar da həmin evdədir. Onlar nikah dövründə inşa etdirdikləri evdə passport qeydiyyatındadırlar. Sabunçu Rayon Məhkəməsinin 2005-ci il tarixli qətnaməsi ilə qeydiyyata alınmışlar. Cavabdehlə yola gedə bilmədikləri üçün nikahları 2023-cü il 19 yanvarda Sabunçu Rayon Məhkəməsində ləğv olundu. İddiaçı oğlu ilə kirayədə yaşamaq istədi, maddiyyat ucbatından yaşaya bilmədilər, və iddiaçının gəliri yoxdur kirayə pulu ödəyə bilmədi, qızıgildə yaşamağa getdilər və yaşayış yerləri yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, izahatında bildirdi ki, 1998-ci ildən orda yaşayıblar və 2022-ci ilin may ayından fiziki və psixoloji şiddət ucbatından evdən çıxmışdır.Uşaq onun himayəsindədir, lakin darıxdığı üçün atasının yanına avqust ayından gedib və hal-hazırda da ordadır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4238/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki işin “ünvan 1 ünvanına X1” hissəsində icraata xitam verilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, ev 14 ünvanında qeydiyyatdadır. -Sabunçu Rayon Məhkəməsinin 2-1304/2005 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh həyat yoldaşı X2 ilə birlikdə Bakı şəhəri, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsində yerləşən 14 saylı evə pasport qeydiyyatına alınması qət edilmişdir. -Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 442698 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasındakı nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nikah 1991ci ildə qeydiyyata alınmışdır. 1998-ci ildə Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsində yerləşən 14 ünvanında ev inşa etdirilmiş, iddiaçı cavabdehlə birlikdə həmin evdə yaşamışdır. Daha sonra 2005-ci il tarixdə iddiaçı cavabdehlə birlikdə Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən həmin evdə pasport qeydiyyatına alınmışdır. Məhkəməyə 2005-ci ildə iddia ilə müraciət edən Cavabdeh özü iddiasında arvadı ilə birlikdə həmin evdə yaşadıqlarını bildirmişdir. Yəni İddiaçı mübahisəli evdə o vaxtdan yaşamsı işin mübahisəsiz halıdır. Hazırda cavabdeh maneə törətdiyinə görə iddiaçı ora daxil ola bilmir. İddiaçının oğlu hal-hazırda həmin ünvanda yaşayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur və iddiaçı mübahisəli evə köçürülməlidir. Belə ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. İddiaçı həmin evdən yaşamaq hüququ olduğu üçün o, mübahisəli evə köçürülməlidir. Belə ki, cavabdehin sözügedən özbaşına tikiliyə hansı hüququ varsa, İddiaçı da eyni əsaslarla orada yaşamaq hüququ var. Beləliklə də iddia tələbi bu hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 119, 216-220ci, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsində yerləşən 14 saylı evə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar