Məhkəmə qərarları › İş №2(008)-4253/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4253/2021

14.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4253/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında 30.04.2020-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikahın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, xx.xx.1991-ci il tarixdə ünvan 1ində anadan olmuşdur. Gənc ailə kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ev seçimində iştirak etmək məqsədilə, tanışı Cavabdeh ilə 30.04.2020-ci il tarixdə formal olaraq nikaha daxil olmuşdur. Lakin digər sənədləri uyğun olmadığı üçün güzəştli şərtlərlə ev əldə edə bilməmişdir. Cavabdeh ilə aralarında 30.04.2020-ci il tarixdə 5 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikah tam olaraq ailə qurmaq niyyəti ilə bağlanmadığından, etibarsız hesab edilməlidir. Həmin nikahın etibarsız hesab edilməsi hər ikisi üçün vacibdir. O, qeyd olunanlara əsasən, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, İddiaçı ilə 30.04.2020-ci il tarixdə rəsmi nikaha daxil olsalar da, aralarındakı nikah formal xarakter daşıyır. Nikahda olduqları müddətdə birgə yaşamamışlar, faktiki nikah münasibətlərində olmamışlar. O, qeyd olunanlara əsasən, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan AZ-İİ 395956 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh 30.04.2020-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq, ailə qurmuşlar və bu nikah 1273 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Arvada Bəgaliyeva soyadı verilmişdir. İş materiallarında olan 02.09.2016-cı il tarixdə Yardımlı RPİ tərəfindən verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə ünvan 1ində anadan olmuş və ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarında olan 28.12.2011-ci il tarixdə Sabunçu RPİ tərəfindən verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş və ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 14.06.2021-ci il tarixli ərizəsində Cavabdeh İddiaçı ona qarşı olan iddia tələbini qəbul etdiyini, iddiaçı ilə aralarında bağlanmış nikahın formal xarakter daşıdığını, heç bir nikah münasibətlərində olmadıqlarını bildirərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olsalar da, nikah bağlanan gündən hal-hazırki vaxtadək ər-arvad münasibətlərində olmamış, bağlanmış nikah formal xarakter daşımışdır. Nikah hüququ fərdin ayrılmaz və təbii hüququ kimi Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında yer almışdır. Belə ki, Konstitusiyanın 34-cü maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Nikah və ailə dövlətin himayəsindədir. Eyni zamanda nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Ailə Məcəlləsi Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq, ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir. Ailə qanunvericiliyi ilə nikahın etibarsız sayılmasının şərtləri və nikahın etibarsız sayılmasının nəticələri də dəqiq müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Hazırki iş üzrə tərəflərin hər ikisinin ailə qurmaq niyyəti olmadığından, mübahisəli nikahın etibarsız hesab edilməsinə qarşılıqlı razılıqları olduğundan, məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında 30.04.2020-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1273 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah bağlandığı gündən etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 30.04.2020-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1273 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah bağlandığı gündən etibarsız hesab edilsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar