Məhkəmə qərarları › İş №2(008)-4269/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4269/2024

16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4269/2024 16.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı Zəlimxan oğlunun iştirakı ilə İddiaçı Zəlimxan oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Zəlimxan oğlu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 489,30 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır, faktiki olaraq ünvan 2 ünvanında yaşayır. Bundan əlavə, xx.xx.2022-ci il tarixdən ünvan 3 ünvanında xırdabuynuzlu (8 baş) heyvanlar üçün təsərrüfat sahəsi vardır. Həmin sahədə onun su quyusu mövcuddur. xx.xx.2022-ci ildə "xxxx" ASC tərəfindən İddiaçı Zəlimxan oğluna məxsus ünvan 3 ünvanında abonentin iştirakı olmadan GSS 21163984 nömrəli su sayğacı quraşdırılmış, E446889 nömrəli plomb vurulmuş, **********001 nömrəli abonent kodu verilmiş və guya abonent İddiaçı Zəlimxan oğlu ilə "xxxx" ASC arasında 45569366 nömrəli müqavilə bağlanmışdır. O, həmin müqaviləni imzalamamışdır. ünvan 3 ünvanında kiçik təsərrüfatla məşğuldur, həmin ünvanda ümumiyyətlə yaşayış yoxdur və o, cavabdehə məxsus su xəttindən istifadə etmir. xx.xx.2024-cü ildə özünə məxsus ünvan 3 ünvanında quraşdırılmış su sayğacına cavabdeh "xxxx" ASC-nin Sabunçu rayon sukanal idarəsinin nəzarətçisi Fariz Aslanov tərəfindən baxış keçirilmiş və nəzarətçi tərəfindən tərtib olunmuş ********* nömrəli fakturaya əsasən abonentin hesab koduna 489,30 manat məbləğində borc hesablanmışdır. xx.xx.2021-ci ildən suyun 1 kub.m 0,70 qəpik müəyyən edilmişdir. 1 kub.m = 1 ton = 1000 litr. Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində heç vaxt kanalizasiya sistemi olmayıb və hal-hazırda da yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı Zəlimxan oğlu iddianı müdafiə edərək bildirdi ki, o, bu günədək sayğacdan istifadə etmir. Quyu suyu istifadə edir. Ailə tərkibini olaraq 4 nəfər yazıblar, lakin o, heç vaxt evlənməmişdir. 2022-ci ildə sayğac quraşdırılmışdır. Amma nədənsə sayğacı yox kimi qəbul edirlər. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 bildirdi ki, sayğac 2022-ci ilin aprel ayında quraşdırılmışdır. Ola bilsin ki, müqavilə 2020-də bağlanılıb, lakin sayğac 2022-ci ildə qeydiyyata alınmışdır. Nəfər sayının hesablanması düzgün deyil, hesab edir ki, iddiaçı düzgün izahat vermişdir, 1 nəfər yaşayıb o evdə, lakin qeyd etdiyi hallara dair sübut təqdim edə bilmir. İş materiallarında olan "Abonent kartı"ndan görünür ki, iddiaçı ilə (abonent kodu **********001) xx.xx.2022-ci ildə bağlanmış müqavilə əsasında xx.xx.2024-cü ildə quraşdırılmış 21163984 nömrəli sayğac üzrə 168 manat məbləğində borc xx.xx.2022-ci il tarixli akta görə hesablanmışdır. Yekun borc 490 manat təşkil edir. - "xxxx" ASC-nin Sabunçu rayon sukanal idarəsinin hesab fakturasından görünür ki, **********001 nömrəli abonent kodu üzrə ödəniləcək məbləğ 324,50 manat təşkil edir. - Tərəflər arasında xx.xx.2022-ci ildə bağlanmış "Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə"dən görünür ki, ünvan 5 ünvan üzrə İddiaçı Zəlimxan oğluna "xxxx" ASC tərəfindən içməli suyun buraxılması, tullantı suların kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması təmin edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında su təchizatı xidmətlərinə görə müqavilə xx.xx.2022-ci ildə bağlanmışdır, 2024-cü ilədək sudan istifadəyə görə borc ailə üzvlərinin sayına uyğun, hazırki işdə konkret olaraq 4 nəfərə uyğun hesablanmışdır. Beləliklə, iddiaçıya 2022-ci il üzrə 114,1 manat, 2023-cü il üzrə 172,2 manat, 2024-cü il üzrə 35,7 manat sudan istifadəyə görə sərfiyyat borcu yazılmışdır. Bundan başqa xx.xx.2022-ci ildə abonentə 168 manat məbləğində borc su təchizatı sisteminə qanunsuz qoşulmaqla sudan qeyri-qanuni istifadə faktı aşkarlandığına görə yazılmışdır. İddiaçı göstərilən borcların, yəni 490 manat məbləğində borcun silinməsini tələb edir. İşin mübahisəli halı həmin borcun hesablanmasının əsaslı olub-olmamasıdır. İlk növbədə iddiaçıya sudan qeyri-qanuni istifadəyə görə hesablanmış 168 manat məbləğində borca münasibətdə məhkəmə qeyd edir ki, qeyd olunan borcun hesablanmasına əsas sayılan akt məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə tərəfindən onun əsaslılığının və qanuniliyinin yoxlanılması mümkün olmamışdır. Belə olan halda həmin aktın mövcudluğu da şübhə doğurur və borcun hesablanması üçün əsas olan akt təqdim edilmədiyindən məhkəmə həmin borcun silinməsini əsaslı hesab edir. İddiaçıya hesablanmış sərfiyyat borcuna görə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə xx.xx.2022-ci ildə bağlanıb. Bu hal abonent kartına əsasən müəyyən olunur. Deməli sayğac da həmin vaxt quraşdırılmalı idi. Təqdim edilmiş abonent kartından görünür ki, xx.xx.2022-ci ildən (müqavilə bağlandığı tarixdən) 4 nəfər ailə üzvünə görə 2022-ci il üzrə 114,1 manat, 2023-cü il üzrə 172,2 manat, 2024-cü il üzrə 24,7 manat hesablanmışdır. 2024-cü ildə iddiaçıya sayğac göstəricisinə görə cəmi 11 manat sərfiyyat borcu hesablanmışdır. (35,7 – 11 = 24,7 manat) Yəni, nəfər sayına görə yazılan məbləğ cəmi 311 manat təşkil edir. Yəni sayğac göstəricisinə əsasən yazılan 11 manatdan başqa hesablanan borc nəfər sayına görə hesablandığına görə həmin borc əsasız olaraq yazılıb. Belə ki, tərəflər arasında müqavilə bağlandıqdan sonra sayğac quraşdırılmalı və abonentə borc sayğac göstəricisinə əsasən hesablanmalı idi. Belə ki, "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə görə, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna əsasən hesablanır. Eyni zamanda "Sudan istifadə Qaydaları"nın 7.2-ci maddəsinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Sudan istifadə Qaydaları"nın 6.15.1-ci maddəsinə əsasən suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq müəyyənləşdirir və hesablaşma aparır. Həmin əlavədə ailə tərkibi 4 nəfərlə müəyyən olunur. Sadalanan normalara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya sayğac quraşdırılanadək hesablanmış borc silinməli, sayğac quraşdırıldıqdan sonra isə hesablanmış 11 manat göstəriciyə uyğun yazılmış borc ödənilməlidir. Beləliklə, iddia qismən təmin edilməli, silinməsi tələb olunan 490 manat məbləğ borcdan 168 manat akt üzrə, qalan 322 manat məbləğdən isə 311 manat sayğac quraşdırılanadək hesablanmış borc, ümumilikdə 479 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının "Dövlət rüsumu haqqında" Qanunun 9.1.5-ci bəndinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad olunurlar. Hazırki iş üzrə ödənilməli olan dövlət rüsumu 30 manat təşkil edir. İddianın 489,30 manat məbləğdən 478,30 manat hissəsi (97,75%) təmin edildiyindən, dövlət rüsumunun 97,75%, yəni 29,3 manat cavabdehdən alınaraq dövlət büdcəsindən ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəlləinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı Zəlimxan oğluna əsassız hesablanmış 478,30 manat məbləğində borc silinsin. 29,3 manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq dövlət nəfinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar