Məhkəmə qərarları › İş №2(008)-4279/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4279/2021

26.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4279/2021 26.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti (sonradan – Qaçqınkomun Departamenti) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 (sonradan – Zeynalovlar ailəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu rayonu, Ramana-450 ailəlik qəsəbəsində yerləşən 80/2 saylı binada yerləşən 29 №-li 3 otaqlı mənzilin müvəqqəti istifadəsinə verilməsinə dair 28.02.2020-ci il tarixli 2/29 №-li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Qaçqınkomun Departamentinin iddia tələbində qeyd edilən müqaviləsinə əsasən məcburi köçkün olan Zeynalovlar ailəsi Sabunçu rayonu, Ramana-450 ailəlik qəsəbəsində yerləşən 80/2 saylı binada yerləşən 29 №-li 3 otaqlı mənzillə təmin edilmişdir. Mənzil İstismar Sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Zeynalovlar ailəsinin həmin mənzildə yaşamadıqları və mənzilin qanunsuz olaraq kirayəyə verdikləri müəyyən edilmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə iddia ərizəsində qeyd olunan ünvana bildiriş göndərilməklə məlumat verilsə də onlar, məhkəməyə gəlməmiş, iddia ərizəsinə münasibət bildirməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak elən X2 iş üzrə ifadə verərək, qeyd etdi ki, qeyd edilən mənzili o, Zeynalovlar ailəsindən satın alıb. Hazırda həmin evə özü ailəsi ilə birlikdə yaşayır. Onlar da məcburi köçkündülər. Məhkəmə bildirişləri həmin ünvana gəldiyindən məhkəməyə gəlib məlumat verməyi özünə borc bildi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Ağdam rayonunda doğulmuş, məcburi köçkün kimi Bakı şəhəri, Xətai rayonunda məskunlaşmışlar (335255, 335253,117260 №-li məcburi köçkün vəsiqələri). Cavabdeh1 ilə Qaçqınkomun Departamenti arasında 28.02.2020-ci il tarixli 2/29 №-li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Sabunçu rayonu, Ramana-450 ailəlik qəsəbəsində yerləşən 80/2 saylı binada yerləşən 29 №-li 3 otaqlı mənzil kirayəçinin müvəqqəti istifadəsinə və sahibliyinə verilimşdir. Kirayəçi ilə birlikdə həmin evə onun ailə üzvləri Cavabdeh3, Cavabdeh2 da köçürülmüşdülər. Həmin müqavilənin 2.4.2-ci bəndində kirayəçinin yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habel digər şəxslərin icarəsinə, istifadəsinə verməmək, 2.4.3-cü bəndində əsasən yaşayış sahəsindən təyinatı üzrə istifadə etmək kimi vəzifələri nəzərədə tutulmuşdur. Həmin müqavilənin 5.4.2-ci bəndində kirayəçinin və onunla yaşayan ailə üzvləri tərəfindən müqavilə üzrə vəzəfələr yerinə yetirilmədikdə, yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında müqavilənin ləğv edilməsi nəzərdə tutulmuşdur. Cavabdehlər adıçəkilən mənzildə yaşamamış və başqa şəxslərin istifadəsinə vermişdilər (Sabunçu rayon Mənzil İstismar Sahəsinin rəisi ilə birlikdə tərtib edilmiş 04.12.2021, 05.02.2021, 08.03.2021-ci il tarixli Aktlar). X2 tərəfindən hər üç cavabdehin həmin mənzildən imtina etmələri barədə notraial qaydada təsdiq edilmiş ərizələr, Cavabdeh1 həmin mənzili 20000 manata X1 barədə alqısatqı qəbzi təqdim edilmişdir. Hazırda iddiaçı Sabunçu rayonu, Ramana-450 ailəlik qəsəbəsində yerləşən 80/2 saylı binada yerləşən 29 №-li 3 otaqlı mənzilin müvəqqəti istifadəsinə verilməsinə dair 28.02.2020-ci il tarixli 2/29 №-li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 99.1-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. 100.3-maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.02.2017-ci il tarixli 65 №-li qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 3.2-ci bəndinə əsasən, məcburi köçkünlər müvəqqətiiistifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidilər. Bu şərtlərə əməl edilməməsi kirayə müqaviləsinin pozulmasına səbəb olur. Məhkəmə müəyyən etmişdir ki, cavabdehlər mənzildən təyinatı üzrə istifadə etməmiş, buna hüquqları olmadığı təqdirdə mənzili digər şəxsə satmışlar. Odur ki, məhkəmə hasab edir ki, iddia təmin edilməklə Sabunçu rayonu, Ramana- 450 ailəlik qəsəbəsində yerləşən 80/2 saylı binada yerləşən 29 №-li 3 otaqlı mənzilin müvəqqəti istifadəsinə verilməsinə dair 28.02.2020-ci il tarixli 2/29 №-li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməli və cavabdehlər həmin mənzildən çıxarılmalıdılar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Sabunçu rayonu, Ramana-450 ailəlik qəsəbəsində yerləşən 80/2 saylı binada yerləşən 29 №-li 3 otaqlı mənzilin müvəqqəti istifadəsinə verilməsinə dair 28.02.2020-ci il tarixli 2/29 №-li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin və Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 həmin mənzildən çıxarılsınlar. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar