Məhkəmə qərarları › İş №2(008)-4289/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4289/2020

21.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4289/2020 21.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 m1, m 13 ünvandan istifadə huququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin RX seriyalı, ******* saylı çıxarışına əsasən o, 41.1 kv.metrdən ibarət Bakı şəhəri, Sabunçu qəs., S.Hüseyn küçəsi ev 22. 13 saylı mənzilin mülkiyyətçisidir. Qızı X1 Rəşad Hüseyn oğlu ilə rəsmi nikahda olduğu müddətdə o, Rəşadın mənzilə qeydiyyata düşməsinə razılıq vermişdir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onların arasında xx.xx.2008-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. Keçmiş kürəkəni Cavabdeh onun mənzilində yaşamır, harada yaşaması haqqında da məlumatı yoxdur. Buna baxmayaraq o, keçmiş qohum kimi mənzildə qeydiyyatda qalmaqdadır və belə olan halda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə ədərək, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh iddiaçının evində heç vaxt yaşamamış, qızı cavabdehlə evləndikdən sonra bir müddət Mingəçevirdə, sonra isə qızına bağışlanmış olan evdə yaşamışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə АR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 m1 ünvanda yerləşən 13 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2019-cu il tarixdə X2 adına qeydiyyata alınmışdır; - Sabunçu Rayon Məhkəməsinin 2(008)-5872/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X12 ilə X11 arasında xx.xx.2008-ci il tarixdə Mingəçevir şəhər Nikah Evində bağlanmış və nikah akt qeydləri kitabında 293 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur; - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 219060 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 mənzil 13 X6 adına xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır; - Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, iddiaçı Cavabdeh ünvan 2 mənzil 13 ünvanında qeydiyyatdadır. - xx.xx.2010-cu il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X8 özünə məxsus ünvan 3 ünvanında yerləşən 13 saylı mənzili X7 bağışlamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 m1, ünvanda yerləşən 13 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh onun keçmiş kürəkənidir. Cavabdeh xx.xx.2008-ci il tarixdə iddiaçının X4 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və həmin mənzilə qeydiyyata düşmüşdür. İddiaçı bildirir ki, cavabdeh əşyaları ilə birlikdə mənzildən köçsə də, o, formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmış, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə olunan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, cavabdehlə iddiaçının qızı xx.xx.2008-ci ildə nikaha daxil olmuşlar, yəni tərəflər arasında hüquq münasibətləri həmin zaman yaranmış və cavabdehin mübahisəli evə istifadə hüququnun olub-olmaması həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx xxxx 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının MM-nın 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikasının MM-nın 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşlarına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan, notariat qaydada təsdiqlənən razılaşmanı nəzərdə tutur. Göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən mənzilin mülkiyyətçisi ilə iddiaçı arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehinünvan 1 m1, ünvanda yerləşən 13 saylı mənzilə istifadə hüququ yaranmamışdır. Buna görə də məhkəmə belə hesab edir ki, əgər cavabdehin qeyd olunan mənzilə istifadə hüququ yaranmamışdırsa, iddia tələbi təmin oluna bilməz. Cavabdehin mənzildə qeydiyyatda olması onun mənzilə istifadə hüququnun olması demək deyil. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh ünvan 1 m1 ünvanda yerləşən 13 saylı mənzilə istifadə hüququ yaranmadığından iddia tələbi rədd edilməlidir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 9.5-ci maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamə Cavabdeh ünvan 1 m1 ünvanda yerləşən 13 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən1 (bir) ay müddətində Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar