Məhkəmə qərarları › İş №2(008)-4295/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4295/2020

03.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4295/2020 03.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 9, 15 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin həmin mənzildən məcburi çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 9, 15 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin mənzildən məcburi çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə onun arasında bağlanmış xx.xx.2011-ci il tarixli AN-İ №-li alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 9-da yerləşən 15 saylı mənzili 23 000 manat müqabilində satın almışdır. Müqavilənin 11-ci bəndinə əsasən Cavabdeh1 həmin mənzili 1 il ərzində onun faktiki sahibliyinə və istifadəsinə verməyi, 13cü bəndinə əsasən mənzildən 1 il ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 mənzili ona təhvil versə də, bu günədək mənzildən faktiki olaraq və qeydiyyatdan çıxmamışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdehin mənzildən könüllü olaraq çıxarılması qeyri-mümkün olmuşdur. Cavabdeh1la ər-arvad münasibətlərində olmuş və nikahları 2009-cu ildə pozulmuşdur. Cavabdeh2 isə onun qızıdır və onun mülkiyyətində ünvan 1 83 ünvanında 2 otaqlı mənzil var. Dəfələrlə tələb etməsinə baxmayaraq Cavabdeh2 da ona məxsus mənzildən faktiki olaraq və qeydiyyatdan çıxmır. Hazırda cavabdehlərin onun xüsusi mülkiyyətində olan mənzildə yaşamaları və qeydiyyatda qalmaları onun konstitusion hüququ olan öz mülkiyyətinə sahib olmaq və ondan öz istədiyi kimi istifadə etmək hüquqlarının pozulması ilə nəticələnir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehlər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddianı müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materialarına əlavə edilmişidir). İddiaçı və Cavabdeh1 keçmiş ər-arvaddılar (İİJQ seriyalı 331123 №-li boşanma haqqında şəhadətnamə) və Cavabdeh2 onların qızıdır (XX-JQ seriyalı 357378 №-li doğum haqqıdna Şəhadətnamə). Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, 9 №-li evin, 15 saylı mənzildə (sonradan-mübahisəli mənzil) Cavabdeh1 xüsusi mülkiyyətində olmuşdur (Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarını Qedyiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü tarixli ÖM seriyalı 159593 №-li Qeydiyyat Vəsiqəsi). Cavabdeh1 mübahisəli mənzili İddiaçı satmışdır (118 №-li şəhadətnamə ilə fəaliyyət göstərən notarius tərəfindən təsdiq olunmuş AN-İ seriyalı ******* №-li xx.xx.2011ci il tarixli daşımaz əmlakın alqı-satqı müqaviləsi). Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı Cavabdeh1 bir il müddətinə mübahisəli mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Mübahisəli mənzil satılarkən Cavabdeh2 mübahisəli mənzilin İddiaçı satılmasına etiraz etməmişdir (118 №-li şəhadətnamə ilə fəaliyyət göstərən notarius tərəfindən təsdiq olunmuş ərizə). Hazırda mübahisəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №-li xx.xx.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış). Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildə qeydiyyatdadırlar (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 4 saylı ASAN Xidmət mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li xx.xx.2020-ci il tarixli arayış). Vəkil sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, Cavabdeh2 adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 23, 1 saylı mənzil xx.xx.2012-ci il tarixdə qeydiyyatdan keçmiş, lakin 16 saylı DNK-nın 4Ə/4-977 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirilmişdir. Həmçinin Cavabdeh2 adına ünvan 1 83 saylı mənzil xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmiş, lakin 4 saylı Asan Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş 4Ə-810 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı adına özgəninkiləşdirilmiş, sözü gedən mənzil 32 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş 4Ə-231 reyestr nömrəli xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Hazırda iddiaçı cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən məcburi çıxarılmalarını istəyir. Məhkəmə aşağıdakı qeyd olunan əsaslara görə iddia tələbinin qismən əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinin 1-ci cümləsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Beləliklə, iddiaçı mübahisəli mənzilə qanunvericilikdə nəzərdə tutulan qaydada mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir, Cavabdeh1 mübahisəli mənzildə qeydiyyatda qalması yalnız formal xarakter daşıyır. Bu əsasdan onun istifadə hüququna xitam verilməlidir. İddianın Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Göründyü kimi, Cavabdeh2 iddiaçının ailə üzvüdür və mənzildən onunla bərabər istifdə etmək hüququna malikdir, onun evin satışına razılıq verməsi və onun mülkiyyətində digər evin olması onun bu hüqununu məhdudlaşdıra bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 9, 15 saylı mənzildən istifadə hüququna xitam verilməli və həmin mənzildən məcburi çıxarılmalı, iddia Cavabdeh2 qarşı rədd edilməldidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 9, 15 saylı mənzildən istifadə hüququna xitam verilsin və həmin mənzildən məcburi çıxarılsın. İddia Cavabdeh2 qarşı rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar